Hakimin öldüyü hadisədə həmin əməkdaş günahkar bilindi - Cəza verildi

hakimin-olduyu-hadisede-hemin-emekdas-gunahkar-bilindi
Oxunma sayı: 2970

Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Taleh Kərimovun öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından ölümünə görə “Azəriqaz”ın Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan çilingər C.Bayramov məsuliyyətə cəlb edilib.

Belə ki, onun xidmət ərazisində yerləşən və hakim T.Kərimovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığı məlum olub. Hadisədən bir müddət əvvəl çilingər oraya baxış keçirsə də, kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmayıb.

Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

66 yaşlı C.Bayramov ifadəsində bildirib ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib. Lakin bu nöqsanı sənədləşdirməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və bir sıra hüquqları məhdudlaşdırılıb.

Aslan Vəliyev

Fotoda Taleh Kərimov