Həbs olunan icra başçısı yüzlərlə sakinin torpağını zəbt edibmiş - Video

hebs-olunan-icra-bascisi-yuzlerle-sakinin-torpagini-zebt-edibmis
Oxunma sayı: 9046

REAL TV Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi ilə bağlı reportaj hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, M.Quliyev rayona rəhbərlik etdiyi 9 il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt edib, öz yaxınlarına verib və ya bu sahələrdə öz biznesini qurub.

Şikayətçilərdən biri - Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, iddia edir ki, onun 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb. Şikayətçinin sözlərinə görə, o, dəfələrlə icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq, M.Quliyev onu qəbul etməyib, haqlı iddialarını təmin etməkdən imtina edib.

Televiziyanın hazırladığı digər reportajda isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə - rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb və hal-hazırda heykəl həmin kənddədir. Park ərazisində M.Quliyev tərəfindən çayxana inşa edilib. Parkın arxa hissəsində isə restoran tikintisi aparılır. Park baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.