Həbsdəki MTN generalları niyə intihar etmək istəyir?

hebsdeki-mtn-generallari-niye-intihar-etmek-isteyir
Oxunma sayı: 7500

Milli Təhlükəsizlik Nazirliyi ləğv edilsə də, bu qurumla bağlı xəbərlər səngimək bilmir.

Qafqazinfo” xəbər verir ki, azadliq.info-nun yazdığı xəbərə görə, həbsdəki keçmiş MTN-çilər intihara cəhd edirlər və bunun qarşısını almaq üçün həbsdə olan bütün MTN-çilər nəzarətə götürülüb. Məlumata görə bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı Istintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər. Məlumatda bildirilir ki, Akif Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.

Xəbərə görə, hazırda həbsdə olan generallar – Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər – Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.

Əslində MTN-çilərin intihara cəhd etməsi real görünür. Çünki, bir müddət əvvəl MTN polkovniki İlqar Əliyev də intihar etmişdi. Amma sual meydana çıxır ki, bu adamlar niyə intihar edir. Minlərlə insan həbs həyatı yaşayır, niyə bu adamlar hamısı intihara cəhd etmir?

Qəzetin yazdığına görə, ilk versiya belədir ki, keşmiş MTN-çilərə ağlagəlməz işgəncələr verilir və bu adamlar artıq işgəncələrə tab gətirə bilmirlər.

İkinci versiya isə odur ki, bu adamlar həddindən artıq ağlagəlməz cinayətlər törədiblər və bunun altından çıxa bilməyəcəklərini başa düşürlər. Yəni, məhkəmə qarşısına çıxarılacaqları təqdirdə daha dəhşətli cinayətlərin üstünün açılacağından əmindirlər. Bugünə qədər MTN haqqında yayılan məlumatlardan da bu qənaətə gəlmək olur ki, bu adamlar insanların şəxsi həyatına da müdaxilə ediblər, ən iyrənc vasitələrə əl atıblar. Xəbərdə qeyd olunur ki, onlara qarşı irəli sürülmüş ittihamlar törədilmiş əməlləri tam əhatə etmir. Amma bununla belə təkcə Akif Çovdarovla bağlı 20 cildlik cinayət işi var.