Məşhur teleaparıcı və aktyor Azər Axşamın “Qafqazinfo”ya müsahibəsi
- Bir neçə gündür ki, yeni verilişlə ATV-dəsiz. Bu dəfə Mətanət Əliverdiyeva ilə birgə “Hər axşam” verilişini aparırsız. Sizcə, bu proqram digər şou verilişlərindən fərqlənəcək?
- Mənə elə gəlir ki, ilk dəfədir bir xanımla bəy şou verilişi təqdim edir. Belə bir layihə çoxdankı arzum idi, indi qismət oldu. Mətanət Əliverdiyeva ilə “Qız atası” serialında birlikdə çalışırıq, əvvəllər bir yerdə oxumuşuq. Serialda bizim oyun tərzimizdə qəribə tendensiya yarandı. Qərar verdik ki, birlikdə şou verilişi təqdim edək. Verilişin məqsədi teletamaşaçı ilə canlı ünsiyyətin çox olmasıdır. Eyni zamanda tamaşaçılar hədiyyələr qazanacaq. Qonaqlarımız olacaq. Biz istəyirik ki, “Hər axşam” hər kəsin ailəsi ilə rahatlıqla baxa biləcəyi proqram olsun. Biz verilişdə sosial mövzulara toxunub problemləri həll etməyəcəyik. Qalmaqaldan, dedi-qodudan uzaq bir şou olsun istəyirəm, o cür şeylərin həvəskarı olmamışam, qalmaqal üzərindən reytinq yığmaq mənə uyğun deyil. Studiya mənim evimdir, heç kim evində qonağını incitmək istəmir. Əgər qonaq özünü apara bilməsə, o zaman deyəcəm ki, evimi tərk et. Biz sırf əyləncə proqramı təqdim edəcəyik.
- Milli Televiziya və Radio Şurası son zamanlar əyləncəli, qalmaqallı verilişlərə tez-tez xəbərdarlıq edir, hətta milli- mənəvi dəyərlərə zidd olduğu bildirilərək bəziləri efirlərdən yığışdırılır. Bu məqamda sizə də xəbərdarlıq olunsa, özünüzü necə hiss edərsiniz?
- Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Hər insan səhv edə bilər. Hər insanın ağzından səhv kəlmə çıxa bilər. Bu kəlimə ifrat dərəcədə tərbiyəsiz, vulqar olmamalıdır. Şəhərdə gəzəndə ayağımız büdrəyir yıxılırıq, ağrılarımıza baxmayaraq ayağa qalxıb “ az qala yıxılmışdım” deyirik. İnsan da səhv fikir səsləndirə bilər, onu şişirtmək olmaz. Aparıcı da qonağının səhvini keçməlidir, şişirtməməlidir.
Açıq-saçıq geyinən xanım cəmiyyətdə tez zamanda diqqəti üzərinə çəkir, bu o demək deyil ki, o hamıdan üstündür. Və ya bir sərxoş yolda ora-bura yıxılır. Bu o demək deyil ki, biz sərxoş olub diqqəti üzərimizə çəkməliyik. MTRŞ haqlıdır. Televiziyaya gəncləır, uşaqlar baxır. Sovet dönəmində verilişlərə 18+ yazırdılar ki, ancaq valideynlər baxsın. Bütün verilişlər uşaqlar yatan vaxt təqdim olunmur, hər yaşda olan tamaşaçını nəzərə alaraq şou təqdim etmək lazımdır. Biz çalışmalıyıq ki, MTRŞ-nin tələblərini nəzərə alaq, onların tələbləri də dövlət tələbidir. Öz millətimizə, milli-mənəvi dəyərlərimizə, mentalitetimizə uyğun şou qurmalıyıq.
Bizdə mentalitet sözündən qorxurlar, elə bilirlər ki, mentalitet səviyyəsizlikdir, geridəqalmışlıqdır. Hər bir millətin öz özəlliyi var. Mən “Lider”də “Milyonçu” verilişini aparanda çox ölkələrdə bu veriliş yayımlanırdı. Mən proqramı özümküləşdirdim, niyə Azərbaycanda yayımlanan verilişi ingilissayağı aparmalıyam, onlar kimi zarafatlar etməliyəm? Hər şeyi milliləşdirmək lazımdır. Çərçivələri yox etmək olmaz. Bizim də yumorumuz var. Çərçivəni keçməyərək göstərəcəyimiz yumor yoxdu? Çərçivəni keçib təqdim edilən şounu yoldankeçən də edər. Bəs peşəkar kimdir? Peşəkar hər hansı qorxulu nüansı gözəl bir rəng çərçivəsində tamaşaçıya çatdırır. Uşaq, gənc baxıb başa düşmür, amma böyük gülür. Biz uşaq olanda valideynlərimiz verilişlərə baxıb gülürdü, nəyə güldüklərini soruşanda deyirdilər ki, böyüyəndə bilərsən. Televiziyaların təqdim etdiyi “yemək” böyüklər üçün olmalıdır. Hər şeyi çılpaqlığı ilə ortaya qoyanda tarazlıq pozulur. MTRŞ-nin qərarları peşəkarlara önəm deməkdir. Buna sevinmək lazımdır. Peşəkarlara dəyər veriləcək, istedadı olan gənclər də peşəkarlaşmağa can atacaq.
Mən deyəndə ki “peşəkar olun” elə başa düşürlər ki, deyirəm get İncəsənət Universitetini bitir. İstedad Allahdan verilir. Peşəkar olmaq üçün relsə düşməlisən. “mən beləyəm” deyib efirə çıxmaq olmaz.
- Yeri gəlmişkən, “Teletime”, “Milyonçu” intelektual verilişlər idi, daha sonra sırf şou verilişləri təqdim etməyə başladınız. Yenidən intelektual verilişlərə üz tutmaq fikriniz var?
- Əla olar, əgər “milyonçu” kimi veriliş olsa, böyük məmnuniyyətlə təqdim etmək istəyərəm. Çünki bu verilişlərdə özündən asılı olmayan çərçivələr var. Aktyor olduğum üçün məni vəziyyətdən-vəziyyətə salan verilişləri xoşlayıram. “Milyonçu” da maraqlı idi, ilk 3 sual asan, sonra çətinləşməyə doğru gedirdi. Dram, komediya və faciəyə gəlib çıxırdı. İşıqlar dəyişirdi. Elə verilişlər var ki, o özü sənə diqtə edir, ona uyğun tapşırığı yerinə yetirirsən. Bu cür verilişi məmnuniyyətlə apararam.

- “Lider”, “Xəzər”, “ATV”-də verilişlər təqdim etmisiniz. Bir neçə kanal dəyişmisiniz. Yerli kanalların bir-birindən fərqi nədir?
- Pis televiziya yoxdur, pis işçi qrupu var. Tezlik-tezlikdir, hamısı efirə çıxır. Bir neçə kanalda çalışmışam. İnsanlar buna pis baxır. Mən yaradıcı insanam, daim axtarışdayam. Bizdə dedi-qoduya öyrəşiblər. Bir neçə jurnalist zəng edib “Xəzər”dən niyə çıxdığımı soruşdu. Dedim ki, sualını yumşalt, qalmaqalla çıxmamışam. Niyə fikirləşirlər ki, insan işini dəyişirsə, köhnə yerdə problem yaşayıb? Mən “Xəzər”i, kollektivini çox sevirəm. Müqaviləmin vaxtı bitdi, çağırıb mənə uyğun layihələri olmadıqlarını bildirdilər, halallaşdıq.
İndi “ATV”dəyəm, burda məni mehriban qarşıladılar. Jurnalistlərə demək istəyirəm ki, intriqadan uzaqlaşsınlar, qalmaqal diqqət çəkmir. O gün “Facebook”da oxudum ki, saytların biri “Rəqsanə qəzaya düşdü” başlıqlı xəbər yayımlayıb. Girib baxıram ki, başqa Rəqsanədir. Belə bir şey etmək olmaz. İnsanın adından istifadə etmək olmaz. Efirdə də pozitiv olmağı xoşlayıram, qonaqlarımı hörmətlə qarşılamağı özümə borc bilirəm. Gərək mənim verilişimə baxan sənət adamı düşünsün ki, kaş gələn dəfə onu çağırım.
- Əksər sənət adamları da hazırda aparıcılardan şikayətlənirlər ki, verilişlərdə onları qalmaqala salırlar, hörmətsizlik edirlər.
- Ola bilər ki, qonaq verilişə əsəbi gəlib, aparıcı onu qıcıqlandırmamalıdır. Mənə qonaq “zəhləmi tökmə” desə də, mən heç nə demərəm, reklamlarda onu verilişdən uzaqlaşdıraram. Belə olan halda televiziya da insana güvənir, bilir ki, aparıcısı etika qaydalarına əməl edir və ona söz gətirməyəcək. Studiya da bizim evimizdir. Mən həyatda atama söz gətirməməyə çalışıram, elə məqam olub ki, qarşımdakı insanı etdiyi hərəkətə görə vurmalıydım, öldürməliydim, amma atamı düşündüm, istəmədim valideynlərim gözü yaşlı qalsın. Verilişlər də hüzur verməlidir, tamaşaçını qıcıqlandırmamalıdır. Xoş əhval-ruhiyyə verə bilmirsənsə, efirə çıxma. “Razborka”ya çıxırsansa, televiziya sənin dədənin mülkü deyil. Ora kiminsə televiziyasıdır, camaatın ailəsi oraya baxır. MTRŞ haqlı olaraq verilişlərə qadağalar qoyur. Bir azdan hər şey yoluna düşəcək. Evdə də həddindən artıq sərbəstlik tərbiyəsizliyə gətirib çıxarır. Efirdə də sərhəd olmalıdır.
- MTRŞ-nin bütün qərarlarının haqlı olduğunu deyirsiz. Elə sizin də rol aldığınız “Qız atası” serialı da şifahi xəbərdarlıq alıb...
- Tamaşaçı nəyə gülürsə, onun dalınca getmək olmaz. Hər beyninə gələni etmək olmaz, ideanı əxlaq çərçivələrinə salıb edə bilirsənsə, et. Əgər işin yumoru onun çılpaqlığındadırsa, ondan imtina et. Biz Avropa deyilik, bizim xalqın öz xüsusiyyəti var. Kino başqa şeydir, televiziya başqa. Kinoda edə biləcəyini televiziyada edə bilməzsən. Kinoda obraz yaradırsan, televiziyada bu qəbul olunmazdı. Seriala da nəzarət lazımdır. “Qız atası”nda bəzi nüanslar vardı, ona görə xəbərdarlıq olundu, prodüserimiz Elməddin Cəfərov başda olmaqla biz də səhvimizi qəbul etdik. Biz bilərəkdən yersiz ifadələrə yer verməmişik. Artıq daha diqqətli olacağıq.
- Azər Axşam əsasən komik obrazları canlandırıb. Sizi dramatik obrazda tamaşaçılar nə vaxt görəcək?
- Mən teatrda dram oynamışam, filmdə dramatik obraz canlandırmamışam. Dram teatrı və kino aktyoru fakültəsini bitirmişəm. Heç vaxt özümü komediya aktyoru hesab etməmişəm. Azərbaycan Dövlət Pantomima Teatrında Hamleti oynamışam. Bu çox işıqlandırılmadı. Çünki o tamaşa hazırlanan vaxtı bəzi nüanslar var idi ki, onları həll etmək lazım idi. İndi yenidən tamaşaya qoyulub, Bəxtiyar Xanızadə bu dəfə işıqlandırılmasına icazə verib. Mən rol almayacam, çünki hər gün canlıə efirə çıxıram.
Bu yaxınlarda rejissor Rövşən İsaqla söhbətimiz olub, o dramatik janrda çox gözəl filmlər çəkir. O yeni seriala başlamaq istəyir, orada dramatik obraz canlandıracam.

- Son günlər aktyor və aktrisalar tez-tez maddi durumlarının pis olmasından şikayətlənirlər. Siz də son dövrdə verdiyiniz müsahibələrdə gəlirlərinizin az olmasından gileylənirsiniz. Hazırda Azər bəyin maddi durumu necədir?
- Maddi problem həmişə olacaq. Maddi problemin olmaması üçün gərək əvvəldən insanın quyusunda su olsun. Bizim yaşadığımız həyatın həsrətini çəkən insanlar var. Məndə maddi çətinlik müvəqqəti olur, amma elə insanlar var ki, onlarda problem ömürlükdür. Həyatda özümdən aşağı, sənətdə özümdən yuxarıya baxıram. Maddi problemlərim olanda Allaha sığınıram, oğurluq edib, cibə girmirəm. Bu Allahın imtahanıdır. Kimin maddi problemi var işdən çıxıb, başqa sahədə çalışsın. Demokratik ölkədə yaşayırıq, seçim etmək şansımız var. Bəzi insanlar bir neçə işdə çalışır. Mən bunu edə bilmirəm. Bəxtiyar müəllim məni çox istəyir, deyə bilərdim ki, məni teatrdan çıxartmayın, arada gəlib gedim, maaş alım. Demədim, o kişinin işini niyə yarımçıq görməliyəm? Sabah lazım olsa, yenə işləyərəm. İnşallah, teatrlarda maaşlar qalxar. Aktyorlarımız var ki, efirə yolu yoxdur, seriala çəkilmir, toy apara bilmir. O aktyorlara acıyıram, mən də aktyor olmuşam, o çətinlikləri yaşamışam. İstəyirəm, aktyorlar yaxşı yaşasın, onlar cəmiyyətin üzüdür, sifətidir. Küçədə gedəndə aktyora deməməlidirlər ki, bu nə gündədir? Aktyorlar yaxşı yaşamalıdır ki, cəmiyyətə yaxşı tamaşalar, obrazlar göstərə bilsin. Ac insan, özünü tox kimi göstərə bilməz. 200 manata “Hamlet”i oynamaq çox çətindir, çünki Hamlet özü şahzadə olub.
- İlk evliliyinizdən olan övladınız və keçmiş həyat yoldaşınızla görüşürsünüz?
- Keçmiş həyat yoldaşımla görüşmürəm, münasibətimi saxlasaydım, ayrılmazdım. Əvvəllər Cavidanla bağlı məsələlərdə danışırdıq, oğlum artıq böyüyüb, 18 yaşı var, hər məsələni özümüz həll edirik. Münasibəti qırmaq olmaz, oğlum doğmadır, mənimdir. Mənə məxsus olanı ata bilmərəm, atmaq fikrim də yoxdur. O da nə ananı, nə atasını atar. Anasının yanında olsa da, münasibətlərimiz yaxşıdır. Qəlbdən-qəlbə yol var.
- İllər öncə düşdüyünüz məlum qəzadan sonra Azər Axşam sanki sənətdən uzaqlaşdı...
- Qəzanın təsiri deyildi, hər kəsin başına gələ bilər. Başımıza gələnlər ya bizim cəzamızdır, ya imtahanımız. Çox fikirləşdim, qərara gəldim ki, bu qəza imtahanımdır. Çünki cəza olacaq iş görməmişəm, həyatda hamı məni yaxşı insan kimi tanıyır. Allahın yazısıdır. Bu haqda çox danışmaq istəmirəm.
- Müsahibələrinizin birində demişdiniz ki, Azərbaycan xanımları arvadlaşmasın. Bizim xanımları “arvad”laşdıran hansı səbəblərdir?
- Heç bir kişi xanımının “arvad”laşmasını istəməz. Kişi evə gedir, evin xanımı qeybət etməyə başlayır. Kişi qulaqdan tez bezir. Qadın xanımlığını qorumalıdır, hər şeyin yerini bilməlidir, düşüncəsində tərəzi olmalıdır. Qadınlar xanım qalmalıdır ki, kişilər ömürlərinin axırına kimi ondan gözünü çəkə bilməsin. Qadın niyə “bozbaşbişirən”ə çevrilməlidir? Kişilərin efirdə xanımlarına “uşaqlarımın anası” deməsini istəmirəm, “mənim xanımım” desinlər, onlar haqda ağızdolusu danışsınlar.
- Azər Axşam ailədə necə biridir?
- Ailədə yaxşı biri olduğumu düşünürəm, heç kim özünü pisləməz. Necə biri olduğum zaman göstərəcək. Kişilər təhlükəli məxluqlardır, hərdən obraza girirlər, ağıllı, xanım kimi olan qadına oynamaq olmur. Evdə ata kimi ata, ər kimi ərəm. Heç vaxt demərəm həyat yoldaşım mənim qulumdur, mənə xidmət etmək borcudur. Anam heç vaxt atama qul olmayıb. Mən o tərbiyəni görməmişəm. Qadın böyük məfhumdur, ona dəər vermək lazımdır, qadın anadır.
- “Yüz kağız” filmində “xəyanətkar ər” obrazını canlandırmısınız. Səmimiyyətinizə inanıb bu sualı verirəm, xanımınıza nə vaxtsa, xəyanət etmisiniz?
- Heç olmasa, kinoda xəyanətkar olaq. Hardasa qurdunu öldürməlisən.
- Sonda oxuculara, tamaşaçılara son sözünüz nədir?
- Ən böyük arzularımdan biri odur ki, heç vaxt tamaşaçını bezdirməyim, məndən yorulmasınlar. Deyirik ki, tamaşaçının gözü tərəzidir. Çox xahiş edirəm, gəlin, həqiqətən tərəzi olaq, maariflənək. Tamaşaçılar bayağı verilişlərə səsini ucaltsın, tənqid etsin. Evdə həyat yoldaşına bahalı ətir alırsan, o hədiyyənin dəyərini bilmir. Deməli onun biliyi, elmi, savadı ona çatmır. Ondan sonra ər ondan artıq ətir almayacaq, yerindəcə qalacaq. Tamaşaçı da proqramı, aparıcını düzgün dəyərləndirsin, mən də daha çox üzərimdə çalışım. Televiziyada şit, səviyyəsiz verilişlər hazırlamaq çox asandır, mən səviyyəli tamaşaçı yetişdirmək istəyirəm. Bu gün aparıcılar tamaşaçının səviyyəsinə enir, sonra da deyir verilişi reytinqlidir. Elə olmaq lazım deyil, bizə xarici ölkələrdən də baxırlar. Özümüzü gərək güldürməyək.
Könül
Fotolar: Nuran Məmmədov