“Heç istəməzdim ki, bu, yaxın zamanlarda baş versin” - Qurban Qurbanov

hec-istemezdim-ki-bu-yaxin-zamanlarda-bas-versin
Oxunma sayı: 3379

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının 3-cü turunda “Kayrat”a qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb:

- Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət çoxalır, xal daha vacib olur. Rəqibin hazırlıqlarına baxanda görürsən ki, çox ciddi yanaşırlar. Onların “Bazel”lə matçlarına baxmışdım. Hesab bizi aldatmasın, standart vəziyyətlərdən qollar buraxdılar. Hesabda 0:4 geridə olmalarına baxmayaraq, bərabərliyə nail ola bilərdilər. Bütün bunlara baxmayaraq, futbolçularıma güvənirəm.

- “Bazel”lə Bakıdakı oyun ölkə tarixinin ən yaxşı oyunlarından biri idi. “Kayrat” isə “Omoniya” ilə matçda qapalı futbol oynayırdı. Düşünürsünüz ki, sabahkı matç sürət baxımından daha aşağı səviyyəli olacaq və sizdən daha çox səbr tələb edəcək?

- Müdafiə futbolu oynayırlar və əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbrli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmalıyıq. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq. 

- Kurban Berdıyevin Azərbaycan futbolunu yaxından tanıması “Qarabağ”ın işini nə qədər çətinləşdirir?

- Onun Rusiya çempionatında uğurları olub. Avrokuboklarda da təcrübəlidir. Şəxsi tanışlığımız olmasa da, işinə ciddi yanaşdığını eşitmişəm. Bu qarşılaşma “Kayrat” üçün də vacibdir. “Bazel”lə cavab matçı olsaydı da, Berdıyev rəqibi analiz edəcəkdi. Təcrübəli, oyunun gedişatında rotasiyalar edə biləcək məşqçidir. Hər şeyə hazır olmalıyıq. 

- Bakı Olimpiya Stadionundan sonra Tofiq Bəhramov stadionuna qayıtmısız. Lakin oyunöncəsi son məşqi “Azərsun Arena”da edəcəksiz…

- Meydançanın vəziyyəti yaxşıdır. Lakin hər iki komandanın məşq etməsi ot örtüyünə təsir edə bilərdi. Özüm də gəzib baxmışam. Yəqin ki, bu oyundan sonra meydançanın özünə gəlməsi üçün zamana ehtiyac olacaq. 

- “Kayrat” həftəsonu çempionat matçına çıxacaq. Düşünürsünüzmü ki, rəqib bütün gücünü burada qoymayacaq?

- “Kayrat” üçün çempionluq artıq əldən çıxıb. Bu səbəbdən bütün gücünü burada qoyacaq. 

- 15 oyundur ki, uduzmursunuz. Bu, üzərinizdə əlavə məsuliyyət yaradırmı?

- Əslində, bu məqamdan çox narahatam. Çünki uzun müddətdir məğlub olmuruq və həmişə düşünürsən ki, bu, nə zaman baş verəcək? Heç istəməzdim ki, bu, yaxın zamanlarda baş versin.