“Heç kəs mənim oriyentasiyamdan danışmır” – Müsahibə

hec-kes-menim-oriyentasiyamdan-danismir-musahibe
Oxunma sayı: 1214

Stilist Samir Əliyevin “Qafqazinfo”ya müsahibəsi


- Yaxşı stilist olmaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?

- İlk növbədə zövq olmalıdır. Mən 15 ildir bu sənətdəyəm və bu illər ərzində pillə-pillə qalxdım. Əvvəllər dərzi olaraq fəaliyyətə başladım və sonradan məndə saç düzəltməyə, makiyaj etməyə maraq oyandı. Uşaqlıqdan məndə zövq var idi. İmkanım olmasa da heç vaxt zövqsüz geyimlər almırdım. Mən gördüm ki, artıq məndə bu vergi var. Mənim gördüyüm işlər allahdan gəlir. Çünki mən nəsə edirəm və iki ildən sonra Avropada nümayiş olunmağa başlayır. Çox insanlar mənə zəng edib deyirlər ki, sən bu işləri haradan götürürsən, bunlar hələ nümayiş olunmayıb, dünyanın güclü dizaynerləri bunun üzərində işləyirlər. Ona görə də fikirləşirəm ki, zövq insanın içindən gəlir. İnsanın qəlbi mütləq pak olmalıdır. Heç kəsə baxmamalı, heç kəsdən oğurlamamalıdır. Stilistika sənəti elədir ki, insan özü olmalıdır, gördüyü iş içindən gəlməlidir. Mənim gördüyüm işlər heç vaxt təkrarlanmayıb. Bu gün beləyəm, sabah başqa cür ola bilərəm. Fikirləşirəm ki, bu dünyaya öz missiyamı yerinə yetirməyə gəlmişəm. Allah mənə bu vergini, zövqü, əl qabiliyyətini verib.

- Bu gün dəb nəyi diktə edir?

- Bizim qadınlar bahalı geyinirlər. Bu gün Bakıda bütün brendlər var və insanlar da bunları alırlar. Alırlar ona görə yox ki, bu onlara yaraşır. Bu ilin dəb tendensiyası olan açıq rəngli geyimlərdir. Mən iki il əvvəl hiss etdim ki, ötən yaydan açıq rənglər dəbdə olacaq və bu frazanı elə-belə işlətdim. Moda tənqidçiləri məni tənqid etdilər ki, Samir dəbi diktə edir, amma başa düşmür ki, Azərbaycan xalqı kloun kimi gəzə bilməz. Əgər dünya açıq rəngli, güllü geyimləri, gözlərin, yanaqların, saçların təbii olmasını qəbul edirsə niyə də yox. Lakin tənqidçilər dedilər ki, belə bir şey ola bilməz, bizim qızlar heç vaxt özlərini təbii hiss edə bilməzlər çünki onlar makiyaja öyrəşiblər. Adlarını stilist qoyan insanlar bunu pul qazanmaq üçün edirlər. Amma mən pula görə etmirəm. Çünki hesab edirəm ki, dəb sadəlikdir. Çox ucuz bir geyimi belə zövqlə geyinməklə daha maraqlı və gözəl görünə bilərsən. Amma bəzi xanımlar hesab edirlər ki, bahalı geyinməklə dəbli görünəcəklər. Dəb köklüyü sevmir, bədən quruluşu, ayaqlar, danışıq tərzi, özünü aparmağın yerində olmalıdır. Məsələn əlində butulka, beş minlik paltarla şəhərin mərkəzində gəzməklə dəbli xanım ola bilməzsən. Bütün bunlar stilistikaya daxildir. Stilistlər yeni dəb yaradırlar. Mən keçən il deyəndə ki, yumru eynəklər dəbdə olacaq, çoxları dedilər ki, kimdi belə eynək geyinən. Amma Ledi Qaqa yumru eynək taxandan sonra insanlar bunu qəbul etdilər. Mənim etdiyim işlər çox vaxt beş ildən sonra dəbə gəlir. Bizim sözümüzə baxan yoxdur. Ona görə yox ki, mən işimi bilmirəm, yox, ona görə ki, azərbaycanlıyam.

- Bəs nə etmək lazımdır ki, insanlar məhz sizə qulaq assınlar?

- Məni beş il bundan əvvəl başa düşmürdülər, amma indi başa düşürlər. Çünki insanlar artıq oyanıblar, gözləri açılıb və görürlər ki, bizdə necə sənətkarlar var. Dünyada bizim saç ustaları kimi ustalar yoxdur. Bilirsiniz niyə, çünki bizim xanımlar hər şeyin gözəlini xoşlayırlar. Məsələn on il bundan əvvəl türk ustaları ölkəmizə gəlməyə başlayanda xanımlar onlara üstünlük verdilər, bizimkiləri bəyənmədilər. Əgər onlar yaxşı usta olsaydılar digər ölkələrdə daha çox pul qazana bilərdilər. Onlar burda bizim başımızda dəlləkliyi öyrənirlər. Mən kanalların birində dəb rubrikasını aparıram. Əsasən bölgələrdən gələn xanımlarımızı dəyişirəm. İnsanlara sübut edirəm ki, xüsusən də bölgələrimizdən gələn xanımlarla işləmək asan bir iş deyil. Hər kəs dəyişə bilər, amma insanın zövqü olmayanda nə edirsənsə et heç nə alınmayacaq. Çünki içəridən gəlmir.

- İnsanı zahirən dəyişmək asandır, amma daxilən dəyişməyəndə təzad hər zaman hiss olunur axı...

- Bizim Rəqsanəni götürək. Bu insan hər şeyi götürə bildi. İçəridə isə elə həmin Rəqsanədir. Hər şeyini düzəltdi, geyimi də çox gözəldir. Mən deyə bilmərəm ki, necə idi eləcə də qalıb. Bunları tez götürə bilirlər. Amma stilistika elə bir peşədir ki, o hələ də sirr olaraq qalıb. Onun elə sirləri var ki, onu allahdan başqa heç kəs bilmir. Mən həm tikə bilirəm, həm dizayner kimi geyimlərimi yaradıram, makiyaj edirəm, saç düzəldirəm, düzgün yerimək öyrədirəm, bir sözlə hər şeyə vaxt tapa bilirəm. Bəs o birilər haradadır? Göstərin...

- Cəmiyyətdə qəbul olunmuş müəyyən stereotiplər var. Sizin çox fərqli görünüşünüz, imiciniz isə bunlara tamamilə ziddir. Cəmiyyətin qınağından qorxmursunuz?

- Bilirsiniz, mən indi belə olmamışam. Mənə həmişə deyirlər ki, sən Azərbaycanın ən qeyri-adi stilistlərindənsən. Amma mən bunu heç vaxt hiss etməmişəm. Yol gedərkən insanların marağını görəndən sonra indi-indi dərk edirəm ki, mən doğurdan da qeyri-adi insanam. Mən doğulandan diqqət mərkəzində olmuşam, həmişə maraqlı olmuşam, qeyri-adi geyinməyi, danışmağı xoşlamışam. Mənim danışmağım da, hərəkətlərim də insanlara çox maraqlıdır. Mən beləyəm, rola girmirəm, kameraya işləmirəm, necəyəmsə eləyəm. İnsanlara pislik etmirəm. Mənim nə günahım var ki, mən qeyri-adi insanam. Çox vaxt insanlar mənə baxanda deyirlər ki, bu necə komplekssiz insandır, yad planetdən gəlib. Amma məni sevindirən odur ki, heç kəs mənim oriyentasiyamdan danışmır, mənim yaratdığım bütün obrazlar çərçivədədir. Heç vaxt açıq-saçıq geyinməmişəm və nə qədər örtülü geyinirəmsə insanlar üçün də bir o qədər maraqlıyam. Mənə bəzən deyirlər ki, bəlkə özün kimi olasan. Mən elə olduğum kimiyəm, əgər hamı kimi olsam mən yarada bilmərəm, insanlar, mətbuat üçün maraqlı olmaram. İnsanı dünyaya allah gətirib və o da istəyəndə aparacaq. Hər kəs öz işi ilə məşğul olmalıdır. Bu allahın mənə verdiyi hədiyyədir.

- Əgər stilist olmasaydınız...

- Təsəvvür belə edə bilmirəm, halbuki, mən hər bir sənəti bacarıram. Televizorum xarab olmuşdu gecənin bir yarısı onu düzəltmişəm, telefon xarab olanda düzəltmişəm, menecer, prodüser kimi də çalışmışam. Amma bu sənət mənə daha yaxındır.

- Bir ara sizinlə Samir Bağırov arasındakı problemlər yaşanmışdı. Nə ilə bağlı idi?

- O, insan haqqında danışmaq istəməzdim. Çünki o, həmişə insanlardan istifadə edib. Mən onunla dostluq etdim, gördüm ki, Azərbaycanın estrada müğənnisi batır. İnsan azanda çox pis azır. Bu insan azmışdı. Mən fikirləşirəm ki, allahın qarşısında böyük bir günah iş gördüm. Allah ona böyük bir hədiyyə - səs vermişdi, amma o, başladı insanlardan istifadə etməyə. Mən görəndə ki, o, batır, başladım onu qaldırmağa. Öz sənətimi kənara qoyub onun prodüseri işləməyə başladım. Bu insanla yeddi il çalışdım. Amma internet saytlarının birində mənim haqqımda xoşagəlməz sözlər dediyini oxuyandan sonra bu məni çox düşündürdü. Mən bütün insanlara deyirəm. Əgər bir insan qalxıb sonra da yıxılırsa onu qaldırmayın, çünki Allahdan başqa onu heç kəs qaldıra bilməz. O Moskvaya getdi, müalicə olundu, mən ona burda ad günü təşkil etdim. Sonra borcları oldu mənə və telefonlarıma cavab vermədi. Mən sənin dostun idim məni niyə vurursan? Mən ki, səni qaldırmışdım. Bununla bu mövzu mənim üçün bağlandı.

- Hansı müğənni ilə işləmək sizə daha rahatdır?

- Ən rahat Elza Seyidcahanla işləməkdir. Bu insan mənim kimidir, komplekssizdir. O deyir ki, nə edirsən et, təki insanlar üçün maraqlı olum, həmişə məndən danışsınlar.

- Amma demək olar ki, onun imici heç vaxt bəyənilmir...

- Bəyənilmir ona görə ki, onun üzərində peşəkar stilistlər işləmir. Onunla verilişlərin birində görüşəndə mənə dedi ki, insanlar məni başa düşmür, mənə “dəli” deyənlər də var. Mən ona dedim ki, bu bütün dünyada belədir. Elza xanım saç ustalarına müraciət edir ki, məni dəyişdirin. Onlar da hamını eyni səviyyədə edirlər. Həmin saç düzümünü Nazpəri Dostəliyevaya da, Nazəninə də, Ruhəngiz Allahverdiyevaya da edirlər.

- Ən zövqlü geyinən müğənni kimdir sizcə?

- Ən zövqlü geyinən Rəqsanədir. Gözəllikdən danışmıram. Mən onu şou-proqramlarda da, adi həyatda da görmüşəm. Geyiminə çox diqqətlə yanaşır. Özü də bütün geyimlər brenddir. Ən bahalı geyinən pop-starlarımız Aygünlə Röyadır. Amma bahalı geyinmək hələ dəb deyil. Aygün bahalı geyinir, amma dəbli geyinmir. Çünki onun buna vaxtı yoxdur. Nədənsə Rəqsanəni çox bəyənirəm. Bu insanın nə qədər pulu var ki, həmişə belə gözəl görünür? Onun elə geyimləri var ki, 2012-də dəbdə olacaq.

- Bəs ən zövqlü kişi müğənnimiz...

- Elə bilirsiniz mən Samir Bağırov deyəcəm. O ən zövqsüz geyinənlərdən biridir. 15 il bundan əvvəl geyindiyi geyimləri hələ də geyinir. Amma ən zövqlü görünən, baxımlı Faiq Ağayevdir. Ona görə yox ki, o dəblidir. Dəb ayrı, zövq ayrıdır. Faiq zövqlü geyinir. Müğənnilərdən bir də Səməd Səmədov xoşuma gəlir. Kişi müğənnilərdən Eyyub Yaqubovla, Samir Bağırovu ən zövqsüz hesab edirəm. Əgər kişilərdən Samir Bağırovdursa qadınlardan ən zövqsüz mənim üçün Şəbnəm Tapdıqdır. Nüşabə Ələsgərlinin geyimi də məni qıcıqlandırır. Sən görürsən ki, köksən, niyə ətlərini göstərirsən?

- Kimnən işləmək istərdiniz?

- Mənim üçün müğənni etalon deyil. Düzünü deyim, kim mənə çox pul verərsə onunla da işləyərəm. Əgər beş il bundan əvvəl mən ada işləyirdimsə, indi ad mənə işləyir. Hər bir müğənni mahnıya uyğun geyinməlidir. Məsələn Safura Əlizadə “Sarı gəlin”i qısa şort və maykada ifa etmişdi. Bu nə dərəcədə düzgündür?

- “Avrovizion” təmsilçilərimizin geyimləri ilə bağlı nə deyə bilərsiniz?

- Mən keçən il hiss etdim ki Safura ilə Ayselin geyimində oxşarlıqlar var. Axı niyə görə bizi Ukrayna geyindirməlidir? Bizim nə qədər peşəkar stilistlərimiz, modelyerlərimiz var. Ona görə də, biz dünyaya çıxa bilmirik. Özümüz-özümüzü qiymətləndirmirik. Mən Azərbaycana bağlı insanam, özümü başqa ölkədə təsəvvür edə bilmirəm. Əgər mənə müraciət etsələr, təmənnasız yardım edərəm. Lazım olsa, öz cibimdən də qoyaram. Amma başqalarına pul verirsən, onlar da səni eyni tipdə edir. Mən İdman, Mədəniyyət nazirliklərinə müraciət etmişdim ki, əgər bizim köməyimizə ehtiyac varsa təmənnasız yardım edə bilərik. Bizə də kömək edin dünyaya çıxa bilək. Amma cavab gəlmədi. Bu ilki təmsilçilərimizin geyimində də təkrarlıq görünür, amma ümumilikdə hər şey yaxşıdır.

- Müsahibələrinizin birində nə vaxtsa tək öləcəyinizi demişdiniz. Niyə elə fikirləşirsiniz?

- Mən həyatda tək insanam, olduqca təkəm. Tək olmasaydım bəlkə də heç nə yarada bilməzdim. Bu alnımın yazısıdır. Həmin vaxt mənə Elçin Həmidovun ölüm xəbərini verdilər. O zaman bərk xəstə idim İnsan xəstə olanda kövrək olur. İnsan o zaman fikirləşir ki, birdən getdim bu dünyadan... Ən çox qorxduğum şey tək ölməkdir. Mən ona görə populyarlıq əldə etdim ki, tək ölməyim. Heç olmasa məni evdən götürəndə ağlayanım olsun. Ona görə qalxmaq istəyirəm. Bu məni həmişə düşündürür. Mən bilirəm ki, heç vaxt ailə quran deyiləm. Uşaq evində böyümüşəm, ata-ana məhəbbəti görməmişəm. Bunlar mənim üçün yaddır. Amma xoşbəxtəm ona görə ki, hər kəs məni öz yaxını sayır, mənə hörmətlə yanaşır. Mən bunu heç kimin köməyi olmadan etmişəm. Mənə mane olanlar olub, indi də var. On beş il gözlədim, amma bilirdim ki nə vaxtsa qalxacam. Yenə də çox qorxuram evdə tək ölüm və mənə heç kəs sahib durmasın. Elə bir insan yoxdur ki, mən öləndə ona son sözümü deyə bilim. Ölüm haqdır. Axır vaxtlar məşhur insanlar çox tez dünyalarını dəyişirlər. Bilmirəm dünya dəyişib yoxsa o dünyaya da belə insanlar lazımdır. Mən də belə ölə bilərəm.

- Niyə təksiniz? Axı insanın həmişə bir seçimi var...

- Mən ömrüm boyu tək olmuşam. 35 yaşdan sonra mənim yanımda heç kim qala bilməz. Mən evdə də tək yaşayıram. Kiminsə evdə olduğunu hiss etsəm mən sayıqlaya, havalana bilərəm. Mən artıq buna alışmışam. Mənim üçün yad olan bir hissdir ki, yanımda kim isə olsun. Belə mənə xoşdur. Amma son sözümü ürəyimdə qoyub bu dünyadan getməkdən qorxuram. Mən əslində çox şən, deyib-gülən insanam. Çox insanlar mənə deyir ki, üzün gülsə də gözlərin göstərir ki, həyatın kədərlidir. Bilirsiniz, əgər həyatım kədərli olmasaydı mən çox maraqsız insan olardım. Mən öz həyatımdan bir əsər yaza bilərəm. Həyat mənə hələ ki, xoşbəxtlik gətirməyib. Evim dənizə yaxındır. Tez-tez gedirəm dənizə ağlayıram, ürəyimi boşaldıram. İnsan nə qədər xoşbəxtdirsə, bir o qədər də bədbəxtdir. Sən xoşbəxtsən çünki tanınırsan, peşəkarsan, amma bədbəxtsən ona görə ki, heç kim yox, heç nə yox... İnsanların ən çox qorxduğu şeyləri yaşamışam. Saytların birində mənə gələn şərhlərdə insanlar məni tənqid edirlər, mənə ölüm arzulayırlar. Həyatdır da...

Səidə Teyyubqızı