Həkim ömrünün 75 ili - Elmə və insanlara həsr olunan yol - Fotolar

hekim-omrunun-75-ili
Oxunma sayı: 561

Bu gün “Referans Mərdəkan Hospital”ın həkimi, tibb elmləri namizədi, ali dərəcəli cərrah, otorinolarinqoloq Hüseyn Ağayevin 75 yaşı tamam olur.

75 il... Bu, sadəcə yaş deyil, elmə, həkimlik sənətinə və insanlara həsr olunmuş zəngin bir ömür yoludur.

1951-ci ildə Qarabağın Füzuli rayonunun Qarğabazar kəndində dünyaya gələn Hüseyn Ağayev həyat yoluna böyük arzularla başlayıb. Məktəb illərindən elmə marağı, biliyi və müxtəlif fənn olimpiadalarında qazandığı uğurlar onu tibbə aparıb. O vaxtdan ötən illər ərzində isə həkimlik onun həyatının əsas istiqamətinə çevrilib.

Otorinolarinqologiya sahəsində uzun illər çalışan Hüseyn Ağayev həm klinik, həm də elmi fəaliyyəti ilə seçilib.

Bakı şəhəri, Xəzər rayonunda LOR şöbəsinin yaradılmasından elmi araşdırmalara, yeni tibbi alətin hazırlanmasından müəlliflik şəhadətnaməsinə, beynəlxalq konqreslərdə iştirakdan “Otorinolarinqologiya” dərsliyinin müəllifliyinə qədər uzanan bu yol zəngin peşəkar təcrübənin göstəricisidir.

Lakin Hüseyn Ağayevin dünyası yalnız tibb və elmdən ibarət deyil. O, həm də sözə və poeziyaya bağlılığı ilə seçilir. Həkimlikdə dəqiqlik və məsuliyyət, yaradıcılıqda isə duyğu və söz onun həyatında bir araya gəlir.

Bu gün 75 illik yubileyini qeyd edən Hüseyn Ağayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq ruhunun daim yaşamasını və xəstələrinə daim şəfa arzulayırıq.

75 illik yubileyiniz mübarək, Hüseyn həkim!