Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər.
“Qafqazinfo” xəbər verir ki, onlar bununla bağlı “Baku TV”yə danışıblar.
Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddia edib: “Həkim cərrahi əməliyyat keçirdi. Beş gündən sonra qan köçürüldü, qızımın halı dəyişdi. Dedilər ki, gözləri, ağzı açıq qalıb, eləcə uşaq əldən gedib... 5 ildir evli idi, iki azyaşlı uşağı var. Kistadan heç kim ölmür, bunu bacarmırsınızsa, göndərin Bakıya, camaatın balasını niyə qırıb öldürürsünüz?! Deyilənə görə, həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır, sabah 4-cünü öldürəcək... Xahiş edirəm, tədbir görülsün, ağır cəza verilsin”.
Məleykənin həyat yoldaşı Simran Nurməmmədov isə həkimdən təzminat tələb edib: “Dünən gecə dedilər ki, qan köçürülməlidir. Səhv köçürüblər, yoxsa bilmirəm nə ediblər... Gecə 3-də zəng etdilər ki, vəziyyəti yaxşı deyil. İki uşağım var, indi mən onlara necə baxacağam?”
Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 11-i saat 15:15 radələrində vəziyyətinin pisləşməsi səbəbilə xəstəxanaya müraciət edən qadına müvafiq tibbi müayinələrdən sonra yumurtalığın kistası diaqnozu təyin olunub: “Pasiyentdə sağ yumurtalığın pazvari rezeksiya əməliyyatı icra edilib. Əməliyyat fəsadsız keçib və əməliyyatdan sonrakı dövr stabil olub. Dekabrın 16-sı saat 16:00 radələrində ani ürək dayanması baş verib və təcili reanimasiya tədbirlərinə başlanılıb. Lakin aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, dekabrın 16-sı saat 19:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər