“Qəzalı vəziyyətdə olan 16 minə yaxın mənzil yenidən tikilməlidir. Bu da böyük bir işdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bu günlərdə problemin aktuallığı mülkiyyətdə olan evin tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülməsi ilə bağlı gündəmə gəldi. Təbii ki, bu, əsassız və qanunsuz addım idi. Elə təsəvvür yarandı ki, burada sadəcə mülkiyyətçinin hüququndan söhbət gedir. Sahibkarların hüququnun qorunması da gündəmə gətirilməlidir. 16 minə yaxın mənzilin tikintisi zamanı sahibkarların istiqamətlənməsi çox çətinləşib.
Məsələn, bir sahədə 72 mənzil var, onun 70-i ilə razılaşırlar, 2-si ilə razılaşmırlar. Bu zaman da iş 3-4 ay uzanır. Vaxt uzandıqca bazarda qiymətlər qalxır. Həmin mənzillərin tikilməsi sahibkar üçün rentabelli olmur. Ona görə ciddi mübahisələr yaranır. Mülkiyyətçi kimi vətəndaş haqlıdır. Hər kəs istəyər ki, mülkiyyətini baha qiymətə satsın. Amma burada optimal qiymətləndirmə məsələsində mübahisələr yaranır. Mütləq bizim məhkəmə praktikasında bu məsələ tətbiq olunmalıdır ki, optimal qiymətlər müəyyənləşsin. Yəni söküləcək mənzilin kvadratından nə qədər artıq verilməlidir, minimum hansı məbləğdə vəsait ödənməlidir ki, məsələ həll olunsun, tikinti başlasın. Bu uzandıqca, sahibkarla bu sahəyə vəsait yatırmağa maraqlı olmayacaqlar. Qəzalı binalar da problem olaraq qarşımızda qalacaq”, - deyə deputat qeyd edib.
Nuranə Daxilqızı