Yazmağa başlarkən
İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir...
Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi...
Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.
Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.
Yol azmış iki nəfər
Fəxrinin hekayəti
Lap balaca yaşlarımdan bu günə kimi taleyin qara buludları başımın üstündən əksik olmadı. Hələ 4 yaşım olanda anamımın ölümünə bais oldum. Özü də ad günündə. İndi də yadıma düşəndə dəli kimi oluram. Təsəvvür edirsiz, özüm, öz anamı... Süfrə bəzənib, qadın bir azdan şamları püfləyib söndürəcək.. və birdən birə bu hadisə baş verir.
Atam Rusiyadan qayıdıb gəlmişdi. Əlində olan pulla özünə ferma yaratmışdı. Muğan düzündə, kənd-kəsəkdən aralıda təsərrüfat qurmuşdu. Sevdiyi qadınla və uşaqlarıyla burada yaşamaq, insanlardan uzaq olmaq istəyirmiş. Atam Rus təbiətli idi, yerli adətlərdən xoşu gəlmirdi. Bəlkə də elə hamıdan fərqlənməkdən ötrü bizim yerlər üçün fərqli olan bir təsərrüfat növü seçmişdi, donuz saxlayırdı. Bizimlə birlikdə yaşayan nənəm onun donuz saxlamasına qarşıydı. “Ay bala, donuzdan xeyir gəlməz, rədd elə getsin” deyirdi. Ancaq anam həvəsli idi. Sabah erkəndən atamla birlikdə qalxıb fermaya gedərdilər. Bacımla birlikdə mən nənəmin himayəsində qalardıq.
Həmin gün, anamın ad günündə atam sabah erkəndən rayon mərkəzinə yollanmışdı, anama və bizə hədiyyələr, çoxlu şirniyyat və çeşidli limonatlar almışdı. Ən çox sevdiyim “qrilyaj” konfetləri də yaddan çıxartmamışdı. Kirovabad istehaslı olan bu konfetlerin bir qutusunu bir anda yarıya qədər boşaltdım. Anam acıqlanıb konfetləri alimdən aldı. Ağlamağa başladım. Özümü yerə sürtüb konfetləri tələb edirdim. Anam üstümə acıqlanıb ağzımın üstünə yüngülcə bir şillə vurmuşdu.
Fevral ayıydı. Bayırda şiddətli çovğun vardı. Bir gün öncə fermaya canavarlar hücum çəkmişdi. Bu gün də, axşam düşəndən bəri tükürpədən ulaşma səsləri canımıza vəlvələ salırdı. O günün hadisələri, olan söhbətlər hamısı nöqtəsinə qədər yaddaşıma həkk olunub. Anam acıqlanıb deyirdi, bax, canavarlara deyərəm gəlib səni yeyər. Bu söz məni gerçəkdən qorxudurdu.
Süfrəyə oturmazdan öncə atam divardan asdığı qoşalüləsini götürüb bayıra çıxıdı. Canavarlara güllə atıb qorxutmaq istəyirmiş. Bir azdan qayıdıb gələndə özüylə birlikdə üst-başında çoxlu qar gətirmişdi. Rusiyadan gətirdiyi qıllı papağı və qalın kürkü çıxarıb qapının girəcəyindəki mıxçadan asdı, soyuq əlləriylə yanaqlarımızı şappıldatdı. Nə üçün mısmırığımı salladığımı soruşdu. Mən bir az da ürəklənib barmağımla anamı göstərdim. Atam qapının ağzında divara söykədiyi tüfəngi götürüb yerindən asmaq istəyirdi. Bir an dayanıb zarafatla lüləsini anama tuşladı, ağzıyla yalandan “Part” elədi. Mən qışqırıb, yalandan yox, doğrudan vur dedim. Yadımdadır ki, nənəm də atama acıqlandıə, “ay bala, tüfənglə zarafat olmaz, qoy yerinə” dedi. Ancaq mən qışqırırdım: “Vur! Vur!” bu səfər atam tüfəngin lüləsini anamın gicgahına dayadı. Anamın 26 yaşı tamam olacaqdı o gün. Süfrəyə qabları düzürdü, çeşid-çeşid yeməklər bişirmişdi. Soyuducunun üzərində 26 şam düzülmüş tort bizi gözləyirdi. Alnında tüfəngin lüləsi üzündə xoşbəxt bir ifadə vardı. Ağ-appaq dişləri üzünə işıq saçırdı. Atəş açıldı və anamın son sözləri bu oldu: “Tahir, sən neylədin?” Hamımız dəhşətə gəldik, atam sarsıntıdan ağlını itirmişdi, ağlayır, qışqırır, nə edəcəyini bilmirdi. Tüfəngin iki gülləsinin ikisini də canavarlara atmışdı. Bu iş necə olmuşdu, anlaya bilmirdi...
O gündən qara günlərim başladı. Atamı həbs etdilər. Bacımla mən nənəmin himayəsində qaldım. Qara tale buna deyərlər bax. İllərlə üzüm gülmədi. Anamı mən öldürmüşdüm, üzərimdə onun ahı vardı. Bax burda da neçə dəfə odun alovun içinə girmişəm, ancaq heç nə olmayıb, sağ-salamat çıxmışam. Elə bil Allah məni daha böyük cəzalar üçün qoruyub saxlayır.
And içmişdim, həyatımda evlənməyəcəkdim. Anamın boşluğunu heç kimsə doldura bilməyəcəkdi, daha doğrusu onu unutduracaq heç bir şey istəmirdim həyatda. Ürəyimin dərin qatlarında əhd eləmişdim, anamın müqəddəs ruhuna sədaqətimi pozmayacaqdım. Atam türmədən qayıdıb gələndə mənim 21 yaşım vardı. Ancaq atamda bir atalıq qalmamışdı. Baş verən hadisə onun şəxsiyyətini yerlə-yeksan etmişdi. Canlı-cüssəli atam keçən bu illər ərzində yaşlanıb kiçilmişdi. İçki düşkünü, davakar bir adama dönmüşdü. Tez-tez hirslənib hay-küy salır, sonra sel kimi göz yaşı töküb peşiman olduğunu deyirdi. O türmədəykən günlərimiz daha xoş keçirdi. Bir il sonra yenidən əski sakit günlərimizə qayıtdıq. Atam şəhərdə bir qadınla evlənib oradaca qaldı. Mən cəbhəyə gələnə qədər bir daha üzünü görmədim. Deyirlər Ağdama qədər gəlib məni axtarıb. Yəqin ki bir daha onunla görüşməyəcəyik.
Bığım-saqqalım çıxmağa başlayan gündən nənəmin dilinə bir söz düşdü, “gəl sənin əlini-ayağını yığaq”. Yəni, arvad məni evləndirmək istəyirdi. Onun diliylə desəm, məni iki baş dörd əl-ayaq eləmək istəyirdi. Canının sağlığı ilə məni “bir tərəfə çıxartmaq” istəyirdi. Qabağımda bacım vardı. Mən ev-eşik olmalıydım ki ona da yol açılsın. Belə bir fikrim yox idi. Heç zaman da olmayacaqdı. Ancaq, eyni mövzuda bir neçə il dalba-dal danışanda getdikcə təsirli olmağa başlayır.
Qəflətən işlər tərsinə döndü. Atları çidarlayıb evə qayıdanda nənəmin vay-şivənini eşitdim. Bacımı qaçırtmışdılar. Tez tüfəngi qapıb yola doğru qaçdım. Qaranlıqda uzaqlaşan maşının işıqlarını görürdüm. Ona çatmağım imkansız idi. Arxasınca güllələri boşaltdım. Ancaq bunun bir faydası olmadı. Həyatımdakı faciələr hələ də davam edirdi. Ailəmiz parça-parça olub tökülürdü. Bir ay sonra nənəmi itirəndə artıq tək-tənha qalmışdım. Heç kimsəm yox idi. Heç kimsəm.
Aylarca ağladım. Fermamız magistral yolun yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlinin üstündə oturub gəlib keçən maşınlara baxırdım. Gecə gec saatlara qədər buradaca oturub qalardım. Uzaqdan bir işıq görünər, yavaş-yavaş yaxınlaşar, gurlultu salaraq yanımdan ötüb keçər, gözdən itincəyə qədər arxasınca baxardım. Boş məşğuliyyət idi, ancaq maraqlıydı. Həyatın özü kimiydi bu əyləncə. Bir ümid kimi üfiqdə işıq doğar, yanına gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğmasına qədər dəqiqələrcə gözləyərdin.
Günlərin bir günü, keçən ilin dekabr ayının axırlarında belə bir hadisə oldu. Axşam saatlarında magistral yolda bir avtobus xarab olub. İçindəki yolçular yerə töülüşüb yoldan keçən başqa avtobuslarla yollarına davam ediblər. Sürücü də rayon mərkəzinə yollanıb, ertəsi gün təmirçi ustayla geri qayıdacaqmış. Köhnə sovet modeli LAZ avtobusun uzaqdan qaraltısını görürdüm. Yoldan keçən çobanlardan biri avtobusun xarab olduğunu, yolçuların başqa maşınlarla getdiklərini danışdı mənə.
Gecə saat bir olardı. Qoç heykəlinin üstündə oturub üfiqdə canavar gözü kimi parıldayan qoşa faralara baxır, siqaretimi tüsdülədir, həyatın faniliyini düşünürdüm. Birdən qulağıma bir ciyilti səsi gəldi. Bu səsin nə olduğunu və haradan gəldiyini anlamaqdan ötrü qulaqlarımı şəklədim. Nəhayət səsin avtobusdan gəldiyini anlaya bildim. Ön pəcərədən sanki bir əl bayıra çıxaraq yellənirdi. Qulaq verdim, doğrudan da bu bir uşaq səsiydi. Sanki köməyə çağırırdı. Avtobusa yaxınlaşanda heyrətimdən donub qaldım. Gənc bir qız avtobusun dar pəncərəsindən başını bayıra çıxardıb qışqırırdı. Qapıları açmaq mümkün olmadı. Onu sakitləşdirməyə çalışır, içəridə sürücünün oturacağının altında lingə bənzər bir şey tapmasını istəyirdim. Qız sanki ağlını itirmişdi, nə danışdığını bilmirdi, qorxudan səsi titrəyirdi. Məcbur qalıb evə yollandım. Qapını açmaq üçün alətlərlə geri qayıtdım. Bir xeyli əlləşəndən sonra qapını zorlayıb aralaya bildim. Qız içəridən çıxanda ayaq üstə uçunurdu.
Birlikdə evə gəldik, isti sobanın kənarında oturtdum onu, qaynar çay verdim. Qızışıb özünə gəldi. Başına gələn əhvalatı danışdı. Bakıda Azərbaycan Dövlət Universitetində, filologiya fakültəsində oxuyurdu. Yeni il tətilinə buraxmışdılar, indi kəndə evlərinə qayıdırdı. Avtobusda qızcığazı yuxu tutub, sonrakı hadisələrdən xəbəri olmayıb. Soyuq olduğuna görə kürkünü üstünə atıb, avtobusdan düşənlər də, sürücü də ona fikir verməyiblər. Bir də gecə saat 1-də yuxudan ayılıb. Hə, bir də özünün qəribəliklərindən, yuxu xəstəsi olmasından danışdı. Gözlərini yumandan iki dəqiqə sonra dərin yuxuya gedirdi. Bunu evdəkilər də, rəfiqələri də bilirmiş.
Birdən-birə sanki təkrar yuxudan ayıldı. Gecənin bir aləmində tanımadığı bir evdə, yad bir oğlanla baş-başa qalmışdı.
-Artıq mən gedim, - deyib qəflətən ayağa qalxdı. Elə bil qonşudan gəlmişdi. Hara gedəcəkdi və necə? – gülməli idi. Ona yatmaq üçün yer, qıfıllı otaq göstərdimsə də xeyri olmadı. Üst başını geyinib, çantasını götürdü, sağollaşıb qapıdan çıxdı.
-Ay qız, dəli olmusan, axı hara gedəcəksən bu gecə vaxtı, ətraf canavarla doludur.
Sözümə baxmadı. Mən canavardan daha qorxulu idim. Magistral yola çıxıb dayandı. Gəlib keçən maşınlara əl edəcəkdi. Ancaq bu da heç ağıllı hərəkət deyildi. Hər cür avaraya rast gələ bilərdi. Naəlac qalıb geri qayıtdım, atımı yəhərləyib yolun kənarına çəkdim.
-Gəl otur tərkimə - dedim.
Qız, - adı Zeynəb idi, - qoç heykəlinin üstünə dırmaşıb oradan da atın belinə aşırıldı.
-Belimdən bərk tut, dedim. Yavaşca tutdu. Ancaq at sürətini artırdıqca məcbur qalıb var gücü ilə sarıldı. Bu da mənim həyatımda qadınla ilk təmasım oldu. Qeyri-adi bir hiss idi. Qalın kürkün üstündən döşlərinin yumşaqlığını açıq-aşkar hiss edirdim. Bu əsl xoşbəxtlik idi. Qəsdən atın sürətini artırırdım, daha möhkəm sarılsın deyə. Qışqırır, yavaş sür, deyirdi. Ancaq mən sanki yerlə deyil göyün üzüylə süzürdüm. Altımdakı kəhər at da bu xoşbəxtlikdən nəsibini almışdı, məni çox yaxşı hiss etməsindən əmin idim, çünki yerişində qeyri-adi bir yorğalıq vardı.
Buludsuz, ulduzlu bir gecəydi. Qaranlıqda yol görünmürdü. Başıma gələn bu hadisə uşaq vaxtı nənəmin danışdığı nağılları xatırladırdı. İndicə qarşımızda qızıl kərpicli bir saray peyda olacaq və biz əbədi xoşbəxtliyə qovuşmaq üçün o saraya girəcəkdik. Ancaq qarşımıza qızıl saray deyil, çoban itləri çıxdı. At hürküb yoldan kənara sıçradı və sovrulmuş pambıq tarlasının ortasıyla çapmağa başladı. İtlər dabanqırma arxamızca gəlirdilər. 3 dənəsini görə bilirdim. Bu yırtıcı heyvanlarla tez-tez rastlaşdığıma görə qorxmurdum. Tüfəngim yanımda idi. Ancaq qorxum tərkimdəki bu qıza görəydi. At hürkmüşdü, idarə edə bilmirdim, Zeynəb də düz qulağımın dibində ciyildəyirdi. Atın cilovunu çəkib saxladım. Havaya dalbadal iki atəş açdım. İtlər izimizi buraxıb geri qayıtdılar.
Təhlükə sovuşsa da, başqa bir təhlükə çıxmışdı ortaya. Zeynəbin dili tutulmuşdu, bədəni əsim-əsim əsirdi. Su kimi axıb yəhərin üstündən az qala yerə yıxılacaqdı. Təkrar tüfəngi doldurub qaranlığa atəş açdım. Deyəsən artıq vəhşilərdən canımız qurtarmışdı. Atı mahmızlayıb qaranlıqda bilinməz bir istiqamətə yol almışdım. Maşın yoluna çıxacağıma ümid edirdim. Oturduğum yerdə zibilə düşmüşdüm. Geriyə, fermaya qayıtmaq istəsəm də, gerinin hansı tərəf olduğunu çıxarda bilmirdim. Yol yoldaşım hələ də əsməcədən qurtulmamışdı. Uçunmuş haldaydı, hər an aşırılıb yerə düşı bilərdi. Odur ki, atdan enib yürüyərək getməyi qərara aldım. Bir az gedəndən sonra Zeynəb qışqırıb dayandı. Ayaqqabısının bir tayı itmişdi. Ay dadi-bidad. İndi nə edəcəkdim, bu qaranlıqda ayaqqabının tayını necə tapacaqdım? Yanımda fənər yox idi. Pambıq çubuqlarından lopa düzəltmək istədim, ancaq bir işə yaramadı. Zeynəbin çantasında kitablar vardı. Vərəqlərini bir-bir qoparıb kibritlə alışdırır, keçdiyimiz yolda ayaqqabı axtarırdıq. Qız özü yerə çömbəlib əlini torpağın üstündə gəzdirirdi. Birdən qəribə ciyiltili bir səs çıxartdı. Yaxınlaşıb baxdım, çox qəribəydi, bu xaraba düzənlikdə heç ağıla gəlməyən bir iş olmuşdu. Ayaqqabı axtardığı yerdə üzük tapmışdı. Qaşlı-başlı bir üzük idi. Bir az əvvəl itlərin qorxusundan zağ-zağ əsən bu qız indi yanan vərəqlərin işığında üzüyü bu barmağından çıxarıb o barmağına taxır, açıq-aşkar sevinirdi. "Bax gör qızldır?" deyirdi. Kimin idi bu üzük, necə olmuşdu buraya düşmüşdü, allah bilir. Sovrulmuş pambıq tarlasının ortasında, gecənin bir aləmində belə bir tapıntı əsl möcüzə idi. Artıq ayaqqabının o birini tayını tapmadan yola davam etməli olduq. Bu yol nə yol idi, bizi hara aparırdı, bilə bilmirdim. Bu səfər Zeynəbi ata mindirib, özüm yürüyərək yüyənini çəkirdim. Mənə elə gəldi ki saatlarca yol getdik. Torpaq yola çıxıb, kollektorun kənarıyla uzanan yolda irəliləyirdik. Ətrafda kəndlər olmalıydı. Ancaq heç bir tərəfdə işıqlar gözə dəymirdi. Gecə saatlarında kəndlərə işıq vermədiklərini bilirdim. Heç olmazsa bir ocaq işığısada görünmürdü. Qarşımıza bir motoskletçi çıxıdı. Tərkində başqa birisi də vardı. Balıq ovuna gedirdilər. Buranın Saatlı rayonu ərazisi olduğunu söylədilər. Hiss etmədən bir rayonun ərazisini keçib başqa rayona girmişdik. Bu necə olmuşdu. Elə bil fələk bizi girləyirdi. Təzədən geri qayıtmalı olduq. Havanın işıqlanmasını gözləyəcəkdik. Başqa çarəmiz yox idi. Zeynəb üfiqdəki xəfif bir işartını göstərib, bax, səhər açılır, dedi. Ancaq, mən bilirdim. Bu işartı Əli Bayramlı tərəflərdəki qaz məşəlindən gəlirdi. Yorulmuş, soyuqdan donmuşdum. Yolumuza çıxmış bir xarabalıqda dayanmağı qərara aldım. Köhnə bir qoyun yatağının qalıqlarıydı. Tez-tələsik çırpı toplayıb ocaq qaladıq. Uçuq divarların daldasında qızınmağa başladıq. Ocağın hisi istiliyindən çox idi. Amma yenə də canımız qızdı. Ocaq böyük təsəlliydi.
Zeynəb təlaş içindəydi. Ata-anasının sabaha qədər yatmayacağını, nigaran qalacaqlarını söyləyirdi. Düşdüyü bu vəziyyətə görə əsl kənd arvadları kimi deyinirdi. Mənimlə rəftarı çox qəribə idi. Bütün məsafələri götürmüşdü. Davranışalrı bir az bacı-qardaşlığa, bir az da ər-arvadlığa bənzəyirdi. Sözlərində bundan sonrası da vardı. Yəni, bizim tanışlığımız sanki davam edəcəkmiş kimi ifadə edirdi hər şeyi. Yuxuya getmənin əvvəl-axır başına bəla olacağını bilirmiş. Bakıda yaxın rəfiqələrinə sirrini açıb danışmışmış: “avtobusda mürgüləsəm, dərhal məni oyandırın”. Yoxsa, bir anda çox dərin yuxuya gedər və oyandırmaq çətin olarmış. Bunları boşuna danışmırdı, əgər indi yuxuya gedərsə, ayıq-sayıq olmamı eşitdirirdi.
Qəflətən motor səsi eşitdik. Yerimdən sıçrayıb açıqlığa çıxdım. Ağ rəngli bir jiqulu idi, düz xarabalığa sarı gəlirdi. Üzərində dayandığım yoldan keçəcəkdi, məni görməməsi imkansız idi. Gəlib çatdı. Arxada üç qadın oturmuşdu. Ortada oturmuş yaşlı qadının qoluna girərək maşından endirdilər. Qadın çox xəstəhal idi, demək olar ki ayaq üstdə dura bilmirdi. Xarabalığa sarı yönəldilər. Sabah açılmamış onların burada nə işi vardı? Cinayət filmlərindəki səhnələri xatırladırdı. Ağlıma gəldi, bəlkə də qadını burada buraxıb gedəcəkdilər. Ancaq mən düşündüyüm kimi deyildi. Bu iki qadın və sürücü yaşlı qadının övladlarıydı. Qadını dəriyə salacaqdılar. “Dəriyə salmaq” el arasında bilinən qədim türkəçarə üsullarından biridir. Adətən, hər yerdən ümidlər kəsiləndə bu müalicə üsuluna əl atırlar. Bundan ötrü, xəstəni xarabalıq bir yerə aparıb təzə kəsilmiş dananın dərisinə bürüyərək bir saat saxlayırlar. Guya belə olanda şər ruhlar xəstənin bədənindən çıxmış olur.
Gələnlər sanki bizi görmürdülər. Qışın bu soyuğunda yaşlı qadını lüt soyundurub dərinin içinə uzandırmaq istəyirdilər. Ancaq halsızlıqdan ayaq üstdə dura bilməyən, nəfəsi kəsiləcəkmiş kimi zarıyan qadın birdən-birə cana gəlib dirənməyə başlamışdı. Qışqırır, ağlayır, vay-şivən qopardırdı. Onun bu vay-şivəninə qızlarının da qara-qışqırığı qarışmışdı.
Biz Zeynəblə kənarda dayanıb bu mənzərəni seyr edirdik. Qızcığaz yeni bir şok yaşayırdı, çiynimə qısılaraq titrəyirdi. Mən özüm də belə bir mənzərəni ilk dəfəydi görürdüm. Nə olduğunu da başa düşmürdüm. Kəndə qayıdandan sonra yaşlı adamlara gördüklərimi danışdım, onlar da dəriyə salmanın nə demək olduğunu mənə başa saldılar.
Yaşlı qadını təzə soyulmuş buxarlanan qanlı dana dərisiylə büsbütün bürüdülər. Qadın əl-qol atır, çığırır, səsi sanki quyunun dibindən gəlirdi. Ancaq buna baxan yox idi. Əksinə dərini üstündən atmasın deyə hər tərəfdən əlləriylə basdırırdılar.
Artıq hava işıqlaşmışdı. Biz yolumuza davam etdik. Zeynəb tərkimdə oturub dinməz-söyləməz belimi qucaqlamış, başını da kürəyimə söykəmişdi. Sanki elə belə də olmalıydı. Yolunu azmış tək ayaqqabılı bir gözəl idi.
Onu sağ-salamat evlərinə çatdırdım.
Bir aydan sonra əsgərliyə yollandım.