Hərbi Prokurorluqda qazilərlə görüş keçirildi - Fotolar

herbi-prokurorluqda-qazilerle-gorus-kecirildi
Oxunma sayı: 1557

Noyabrın 7-də Zəfər Günü münasibətilə Hərbi Prokurorluqda Milli Məclis deputatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş hərbi qulluqçuları və qazilərlə görüş keçirilib.

Hərbi Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını, bütün qaziləri və şəhid ailələrini 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Hərbi prokuror bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası ilə dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, son illər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.

Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Azər Badamov və Ceyhun Məmmədov və çıxış edən digər şəxslər oxşar məzmunlu nitqlər söyləyərək Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən, eləcə də 44 günlük döyüşlərdə və antiterror tədbirlərində Hərbi Prokurorluğun özünəməxsus rolundan bəhs ediblər.

Sonda ədliyyə general-leytenantı Xanlar Vəliyev igid oğullara təşəkkürünü bildirib və onlara hədiyyələr təqdim olunub.