Hərbi prokurorluqda tədbir

herbi-prokurorluqda-tedbir
Oxunma sayı: 3014

Bu gün Hərbi Prokurorluğun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı hərbi prokurorluğunun əməkdaşlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Prokurorluğunun yaranmasının 101 illiyinə həsr olunmuş mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti və gərgin əməyi sayəsində ölkə iqtisadiyyatının durmadan inkişaf etməsi Hərbi Prokurorluğun maddi təminatının, eləcə də işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaratmış, müasir standartlara uyğun və zəruri avadanlıqlarla təchiz olunmuş binalar tikilib istifadəyə verilmiş, əməkdaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bütün bunlar hərbi prokurorluq işçilərinin xidməti vəzifələrinə vicdanla və daha məsuliyyətlə yanaşmalarına rəvac verib. Hərbi prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturlarında hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib.

Beləliklə də, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş, nəticə etibarı ilə Silahlı Qüvvələrdə törədilən cinayətlərin və digər qanun pozuntularının ildən-ilə azalması tendensiyası davam edib.