“Hətta yolunu azan məmurlar üçün belə dualar etdim...” - Müsahibə

hetta-yolunu-azan-memurlar-ucun-bele-dualar-etdim-musahibe-
Oxunma sayı: 843





Sabiq millət vəkili, “Oğuz eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev bu yaxınlarda müqəddəs torpaqlarda olub. Biz ona bu ziyarətlə bağlı müraciət etdik və öz təəssüratlarını bölüşməsini istədik. O, bu təklifimizi müsbət qarşılayaraq razılığını verdi.

- Hüseyn bəy, bu müqəddəs Həcc ziyarətinə hansı duyğularla getdiniz?
- İnsan yaşadığı təzadlarla dolu olan bu mürəkkəb dünyada hər gün xoşagəlməz haqsızlıqlarla, ədalətsizliklərlə və problemlərlə üz-üzə qalır. Bu zaman insan özü üçün heç olmazsa ən azından könül rahatlığı axtarır. Və son nəticədə dərk edir ki, bəşəriyyətin yaranışından insanların mənəvi baxımdan istinad yeri vardır. Təbii olaraq, biz də bir müsəlman kimi Allahın böyüklüyünə və adilliyinə tapınmalı oluruq. Elə buna görə də mən Həcc ziyarətinə öz borcumu yerinə yetirmək üçün getdim. Bu müqəddəs ziyarətdə mən özüm, ailəm, məni istəyən insanlarla yanaşı bütövlükdə millətimiz üçün uca Rəbbimizə çoxlu dualar etdim. Hamıya xoşbəxtlik, gələcəkdə firavan həyat, uzun ömür, cansağlığı və arzularımızın həyata keçməsini dilədim. Orada olduğum zaman hətta bizim ölkəmizdə yolunu azıb, çaşan məmurların yerinə də Uca Tanrıdan dilədim ki, sən bu insanları dinə-imana gətir. Bəlkə onda onların ac-yalavac gözləri doysun və başa düşsünlər ki, bu həyatda insan yalnız özü üçün yaşamamalıdır. İnsan bütün əməllərilə öz xalqına xidmət edib daim onun xeyir-duasını qazanmalıdır. Onda bu məmurlar başa düşərlər ki, xeyir-duaların bir insanın cansağlığı və uzun ömür yaşaması üçün nə qədər böyük köməyi vardır. Fürsətdən istifadə edib bir faktı da qeyd etmək istəyirəm. Bu dəfə Məkkədə olduğum zaman çox maraqlı insanlarla tanış oldum. Ziyarətdən dönənə kimi artıq bizlər qardaş olduq. Mən onların necə də böyük iman sahibi olduqlarına heyran qaldım. Qaldığım hoteldə bir-birimizə vizit kartları verdik. Bu kartlara baxdığımda məni heyrət götürdü. Dünyanın ən varlı holdinqlərinin, fabrik və zavodlarının, bankların sahiblərinin necə də səmimi, Tanrısına şükranlıqla baxan şəxslər olduqlarını gördüm. Onlar bizim zənginlərdən fərqli olaraq, qanuni şəkildə qat-qat varlı adamlar kimi tanınmış şəxslərdir. Bu insanlar Türkiyə, Amerika, İndoneziya, Malayziya və başqa dövlətlərdən gəlmişdilər.

- Siz bu insanları necə xarakterizə edə bilərsiniz?
- Ümumiyyətlə, mən tanış olduğum insanların daxili aləmlərini dərindən öyrənməyi xoşlayıram. Bu insanların simasında onlar üçün maddi sərvətin, zəngin olmağın o qədər də əhəmiyyət daşımadığının şahidi oldum. Onların bu müqəddəs yerləri ziyarət etməklə daha böyük mənada daxili aləmlərinin zənginliyinə üstün səviyyədə ehtiyacları olduğunu gördüm. Mənim gözümdə bu insanlar öz nəfslərinə çoxdan qalib gəlmiş və ömürlərinin qalan hissəsini mənəvi, əxlaqi zənginlik qazanmaq istəyən, bununla da öz ailəsində, mənsub olduqları dövlətdə imanlı bir şəxs kimi yaşamaq arzusunda olan, Allahın sevdiyi xoşbəxt insanlardır. Mən onların üzlərinə hər dəfə baxdığımda bu zəngin insanların bizim hüdudsuz dərəcədə varlanmış məmurlardan maddi və mənəvi cəhətdən qat-qat zirvələrdə dayandıqlarını görürdüm.

- Hüseyn bəy, bu doğrudurmu ki, Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə, xüsusilə Həcc ziyarətində insanlar arasında hər hansı bir fərqi görmək mümkün deyil?
- Həcc ziyarəti müddətində müşahidələrimə əsasən onu da bildirmək istəyirəm ki, burada irqindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hamı eyni geyimdə olmaqla yanaşı, həm də bərabər hüquqa malikdir. Çünki burada hər kəs Tanrının hüzurundadır. Nə varlı, nə də kasıb arasında heç bir fərq yoxdur. Elə bil ki, əyninə kəfən geyinərək bu dünyada sadəcə Uca Tanrıya tabesən. Təkcə onun üçün dualarını edirsən.

- Biz bu ziyarətləri seyr etdikdə gördük ki, Məkkə və Mədinə şəhərlərində milyonlarla insan selinin özündə belə böyük bir nizam var. Bu necə baş verir?
- Tam səmimiyyətimlə deməliyəm ki, biz həqiqi İslam dini haqqında lazımi qədər məlumat almırıq. Etiraf etmək lazımdır ki, Azərbaycanda İslam dini ilə bağlı ziddiyyətlərlə üzləşirik. Biz İslam dini haqqında yalnız yas mərasimlərində bəzi mollaların çatdırdıqları məlumatları əldə edirik. Ancaq Həcc ziyarəti zamanı o müqəddəs torpaqlarda əsil İslamın nə demək olduğunu daha yaxşı dərk edirsən. Gerçək İslamın mahiyyətini və həm də əsil islam həqiqətlərini daha dərindən başa düşürsən. Bu il Həcc ziyarətinə 7 milyondan artıq insan gəlmişdi. Bu qədər insanların özləri də bilmədən Həcc ziyarətinin şərtləri daxilində ayinləri icra etdikləri zaman Allah tərəfindən göndərilmiş böyük bir nizamla hərəkət edirlər. Burada ən çox dərk olunan odur ki, Uca Rəbbimiz peyğəmbərimizi Yer üzünə göndərməmişdən öncə Məkkədə insanların hansı cəhalətin içində yaşadığının bir daha şahidinə çevrilirsən. İslam dininin gəlişi ilə bu cəhalət də yox olub. Həcc ziyarəti zamanı bunun möhtəşəmliyini bir daha dərk edirsən. Və fikirləşirsən ki, Cənabi Haqq müqəddəs Qurani Kərimi ulu peyğəmbərimizə göndərməsəydi, mövcud cəhalətin bəşəriyyət üçün hansı böyük bəlalara səbəb olacağını anlamaq çox da çətin deyil. Məhz İslamın qüdrətilə insanlıq, bəşəriyyət ilahi dəyərlərə görə qorunub hifz olunur. Ziyarət zamanı vacib olan şərtlərə əməl etməklə insan sanki Uca Tanrının özü ilə danışır. Burada elə bir aura var ki, onun sehrindən heç kim çıxa bilmir. Ziyarətə gələnlər sanki bir ailənin övladları, bacı və qardaşdırlar. Hər kəs bir-birinə səmimi davranmaqla uca dərgahın qarşısında daha da pak olmaq istəyir. Mən özüm bütün inanclara, Əhli Kitablara malik olanlara xüsusi hörmətlə yanaşıram. Çünki, Tövrat, İncil və Qurani Kərim təkallahlığı qəbul edir. Bu barədə peyğəmbərimiz Rəsuli Əkrəmin (s.ə.s.) hədislərində də qeyd olunur. Ancaq mən peyğəmbərimizin bütün yaxın silahdaşlarının, rəşidi xəlifələrin hamısına hörmətlə yanaşıram. Onların böyüklüyünü, müqəddəsliyini ancaq və ancaq Həcc ziyarəti zamanı daha dərindən başa düşmək olar. Dərk etdikcə onların hamısını sevməyə başlayırsan.

- Ziyarət zamanı Sizin üçün ən təsirli məqamlar nədən ibarət idi?
- Tək mənim üçün deyil, bütün ziyarətçilər üçün Ərəfat çölündə Allahdan bütün arzularını diləmək məqamı daha təsirli oldu. Burada insan özü də bilmədən İlahi varlığın gücünü, qüdrətini dərindən hiss edir. Təsəvvür edirsinizmi, milyonlarla insan eyni vaxtda şeytana daş atmaq üçün tunelə daxil olur və burada çox dəhşətli bir izdihama düşürsən. Sən də bu izdihamın içindəsən. Hamı özündən asılı olmayaraq, ilahi bir gücün təsirilə çalışır ki, şeytana ilk daşı özü atsın. Bax belə bir məqamda insan ölümə meydan oxuyur. Heç nədən qorxmadan, təkcə Allahın qarşısında ölümə meydan oxumağın mənasını sonradan dərk edəndə bunun nə demək olduğunu başa düşürsən. Bax, həmin məqamda insan selinin içində bütün iztirablara cavab olaraq özündə güc tapıb şeytana daş atıb deyirsən: “Sən mənə heç nə edə bilməzsən. Mən səndən qat-qat güclüyəm”. Dağın altından çıxanda insan özünü daha güclü hiss edir. Sanki insan yenidən dünyaya gəlib və özünü tamamilə fərqli hiss edir. Onda anlayır ki, ey insan sən nə üçün dünyaya gəlmisən, bu həyatda missiyan nədən ibarətdir. Bax, bunları daha rahatlıqla başa düşürsən. Sizi inandırıram ki, buradan çıxdığım vaxt ətrafımdakı insanlarla söhbət edərkən görürdüm ki, elə hamı bu cür düşünür.

- O müqəddəs torpaqlarda daha maraqlı ola biləcək nələr yadınızda qaldı?
- Budəfəki ziyarətə mən Türkiyənin Din İşləri Nazirliyinin xətti ilə getmişdim. Nazirliyin əməkdaşlarının, eləcə də onlara qatılan digər ziyarətçilərin İslam dini ilə bağlı nə qədər savadlı olduqlarını görəndə bütün bunlara ürəkdən sevinirdim. Çünki onlar islamiyyətin tarixini, qanunlarını və hüququnu dərindən bilən zəkalı insanlar idilər. Nazirliyin əməkdaşları bütövlükdə dinlə bağlı çox böyük mütəxəssislərdən ibarətdir. Onların elmi həqiqətə söykənən fikir və düşüncələrinə heyran qaldım. Həcc ziyarətinə dünyanın hər yerindən gələn nümayəndə heyətləri arasında ən yüksək təşkilatçılıq Türkiyəyə məxsus idi. Yeri gəlmişkən, Məkkə və Mədinəyə Osmanlı imperatorluğu dövründə göstərilən qayğı və yüksək hörməti xüsusi qeyd etmək lazımdır. Türklər bu iki müqəddəs şəhərə çox yüksək səviyyədə diqqət yetiriblər. Kəbədəki dünyanın ən gözəl memarlıq inciləri olan minarələr də Osmanlı dönəmində inşa olunub. Onların memarları və ustaları da türklərdir. Allahdan bu nəcib əməlinə görə Yavuz Sultan Səlimə min rəhmət diləyirəm. Osmanlı dövləti, ağır maliyyə durumunda olmasına baxmayaraq, Şərqdə ilk dəfə olaraq İstanbuldan Mədinəyə qədər dəmir yolunu çəkmişdir. Bu da onların İslam dininə bir daha xüsusi diqqətinin təzahürü idi. Yüz minlərlə ziyarətçini əzab-əziyyətdən qurtarmaq o dönəmdə çox böyük bir hadisə sayılırdı. Belə bir uzun yolun hansı çətinliklərlə başa gəldiyini görənlər onun mahiyyətini də yaxşı dərk edirlər. Sonralar çox təəssüflər olsun ki, bəzi qüvvələr bu dəmir yolunu yanlış siyasətlərin nəticəsində söküb dağıdıblar.

- Osmanlı dövlətinin varisi kimi, deyəsən, Türkiyənin və türklərin mövqeləri yenidən Orta Şərqdə güclənməyə başlayıb.
- Bəs necə!.. Mən bu gün sevinirəm ki, Türkiyə dövləti, xüsusilə AKP iqtidarı son 10 ildə apardığı düzgün siyasətin nəticəsində Orta Şərqdə uzun müddət yaşanılan bütün inciklikləri aradan götürmüşdür. İndi Türkiyə əsil müsəlman həmrəyliyi göstərək öz adına layiq regionda güclü və vacib mövqelərə sahib olmuşdur. Bu gün Misir, Əlcəzair, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Tunis, Yəmən və digər müsəlman dövlətlərinin televiziya kanallarında ilk xəbər başlığı Türkiyə ilə başlayır. Bu dövlətlərdə ən çox nümayiş olunan Türkiyə filmləridir. Demək olar ki, hər gün ilk xəbər qismində Ankaranın siyasi mövqeyini diqqətlə izləyirlər. Bütün bunlar Türkiyəyə və türklərə sevginin güclənməsinə səbəb olmuşdur. Siz bir baxın, bu gün Orta Şərq dövlətlərində hər 10 nəfərdən 7-si türk mallarından istifadə etməyə üstünlük verir. Bölgədə iqtisadi əlaqələr qurmaq arzusunda olan hər hansı bir dövlət hökmən Türkiyənin vasitəsilə bunu reallaşdırmağa məcbur olub. Bütün bunlar müsəlman xalqlarında, ərəblərdə türklərə olan səmimi münasibətin sayəsində baş tutur. Rəsmi statistikaya görə, Orta Şərq ölkələrində əhalinin 85 faizi Türkiyəyə böyük sevgi ilə yanaşır. Doğrudan da indi Orta Şərqdə tarix təkrar olunur. Osmanlı dönəmindəki türkün ədalətli siyasəti bütün xalqlarda böyük ümidlər oyadıb. Elə mən özüm ictimai yerlərdə olduğum zaman ərəblərin necə də Türkiyə və türk sözünü sevə-sevə işlətdiklərinin şahidi oldum. Türk olduğuma görə bütün bunları fəxrlə seyr edirdim. Bundan fərəh hissi keçirirdim.

- Siz bu dəfə Həcc ziyarətinə həm də ananızla getmişdiniz.
- Bəli, şəxsən mənim üçün Uca Tanrıdan sonra bu dünyada ikinci ən böyük varlıq Anadır. Mənə görə Ana anlamı öz övladı üçün ifadə olunmayacaq qədər əziyyət çəkən və övladının hər dərdinə onun özündən qat-qat çox yanan bir müqəddəs aləmdir. Görün Peyğəmbərimiz hədislərinin birində necə də gözəl deyib: “Cənnət anaların ayaqları altındadır”. Yəni özünü dərk edən hər bir müsəlman üçün ana əlçatmaz bir zirvədir. Bu müsahibəmi oxuyan bəzi insanlar ola bilər ki, bütün bu fikirlərimi bölüşməyimə görə guya özümə siyasi divident qazanmaq istədiyimi düşünə bilərlər. Ancaq bildirmək istəyirəm ki, kimin fikirlərinin necə səmimi və nə qədər düzgün olub olmadığını Uca Rəbbimiz bilir. Odur ki, bəzi bəd niyyətli insanların haqqımda necə düşündükləri və nə fikirləşdikləri mənim üçün qətiyyən maraqlı deyil. Mən çox istərdim ki, müqəddəs Həcc ziyarətində keçirdiyim bu hisslər öz vətənini və millətini sevən insanlara da qismət olsun. Hesab edirəm ki, bunun hər kəsə faydası olar. Çünki vətəninə bağlı olan insan dinə və imana söykənməlidir.

musavat.com