Heydər Əliyev prospektindəki problem nə qədər sürəcək? – - Fotolar

heyder-eliyev-prospektindeki-problem-ne-qeder-surecek-
Oxunma sayı: 2345


Heydər Əliyev prospektinin “Şəfa“ stadionu yaxınlığındakı hissəsində aylardır yaranmış vəziyyət paytaxt sakinlərinə məlumdur. Bakının ən böyük və hərəkətin sıx olduğu prospektlərindən birində yeraltı tunelin tikintisi ilə bağlı xoşagəlməz, uzun sürən tıxaclar aylardır davam edir. Cəmi bir neçə il əvvəl tikilən bu prospektdə sonradan tunel tikintisi ideyasının haradan ortaya çıxması, nəyə görə tunelin prospekt inşa edilən zaman layihəyə daxil edilməməsi sual doğurur. 

Bu arada qeyd edək ki, Heydər Əliyev prospektində yaşananlar hazırda Bakıda çəkilən yollarla bağlı yaranmış ənənənin daha bir göstəricisidir. Maraqlıdır ki, Bakıda və ətraf ərazilərdə nə zaman yol çəkilirsə açılışdan bir neçə ay sonra ya həmin yol çökür, ya da hansısa kanalizasiya xəttinin unudulması, su axıntısının nəzərə alınmaması, keçid ideyasının ortaya çıxması üzündən yenidən bağlanır. 

Bu ənənə bildiyimiz kimi Heydər Əliyev prospektində də davam etdirilir. Hər şey bir kənara, çətinlik ondadır ki, bu prospekt Bakının ən çox avtomobil hərəkət edən yolu olduğu üçün paytaxt sakinlərinə əməlli-başlı narahatlıq yaradır. Bəs görəsən orada nə qazırlar, bu qazıntı nə vaxta kimi davam edəcək? 

Bu suallara cavab tapmaq üçün “Qafqazinfo”nun əməkdaşı əraziyə baş çəkib. Məlum olub ki, sözügedən tunel-keçidin tikintisinə bu ilin yanvarından başlanıb, oktyabrın sonuna başa çatması gözlənilir. 

Tunel-keçid Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və ikinci köndələn küçələrini birləşdirəcək. Tunelin dərinliyi 12, keçidin dərinliyi isə 7 metr olacaq. 4 hərəkət zolağını birləşdirən yeraltı keçidin çıxışlarından biri “Şəfa” stadionunun qarşısına, digəri Sağlamlıq Mərkəzinə, digər iki çıxış isə əks istiqamətdə olacaq. 

Bizə gözləməkdən başqa heç nə qalmır...