“İkinci ərim Naranın birinci ərimin məşuqəsi olduğunu bilirdi” - Zemi

ikinci-erim-naranin-birinci-erimin-mesuqesi-oldugunu-bilirdi-zemi-
Oxunma sayı: 1064

Əvvəli burada

“Onu sən öldürdün. Uzun illər mən belə düşündüm.”
“Sənin ərini?
“Sənin sevgilini.”
Ayağını ayağının üstündən götürdü, cütləşdirib döşəməyə dirədi. Mənə elə gəldi ki, nəhayət ki, hər şeyə aydınlıq gətirməyə çalışacaq. Mənim, elə onun öz həyatının da gizli məqamları, əsərlərimdəki xəlvəti mənaların üstü açılacaq. O, kəmağlı ilə mənim mənalı və mənasız bir yığın fikirlə dolmuş çoxuna görə ağıllı başımdakı dolaşıqları aça bilən tək adam idi.
O isə susurdu.
Mən ona Cavanşirin dəfn edildiyi yerdə daha bir nəfərin basdırıla biləcəyini izah etdim. Ona keçmiş ərimin məzarı yanındakı əlavə qəbir yerini satmaq istəyirdim. Daha doğrusu bağışlamaq. Bizlərdə ölü basdırılacaq torpaqlar satılır. Dirilər əllərinə pul düşəndə özlərinə və yaxınlarına qəbir yerləri alırlar. Mənim də belə yerim var idi. O yer daha mənə lazım deyildi. Halbuki, keçmiş ərimin ölümündən sonra iki il mən o yeri
əzizləmiş, bir gün ora rahatca sığışmaq üçün necə uzanacağımı götür-qoy etmişdim. O yerə məni onun anası layiq görmüşdü. Keçmiş qayınanam deyirdi ki, oğlu cavan olub, şeytana uyub. O, həmişə məni sevib. Mən uzun müddət onun sözlərinə inandım. Bir müddət sonra isə anladım ki, o inam və məni ən yaxın rəfiqəmlə aldatmış keçmiş həyat yoldaşımın qəbir yoldaşı olmaq şansı mənə gərək deyil.

X

Əli Naranı (adı Nargilə olsa da, çoxu əsl adını xatırlamırdı belə) eyvandan gördü. Mən ona Naranın görünüşünü tərif etmiş, demişdim ki, boyca məndən hündür, arıq olsa da, irisümüklüdü. Ikinci ərim Naranın birinci ərimin məşuqəsi olduğunu bilirdi.

Nara ətrafındakılara arsız maraqla baxır, çiyinlərində xəyanət yükü daşıdığından xəbərsiz idi. Ən yaxın rəfiqəsinin əri ilə başqa ölkəyə qaçaraq xəyanət etdiyini rahatca qəbul edib Cavanşirlə yaşadığımız evin həyətinə yenidən ayaq basdığından narahat deyildi. Cəmi bir neçə il öncə onu köhnə həyətimdə yenidən görəcəyimi, üstəlik yeni həyat yoldaşımla öz xoşumla tanış edəcəyimi ağlıma belə gətirmirdim. O gün isə illərin hafizəmə yüklədiyi zədələnmiş xatirələrin yüngül ağrısı ilə sakitcə Naranı müşaiyət edirdim. Naraya münasibətdə ortaya qoyduğum təmkin iki düşmən prezidentin diplomatiya adına etdiyi saxta mehribanlığa bənzəyirdi.
Qapını Əli açdı. Nara içəri keçmədən əlini ona uzatdı. Dəhlizdə uzunboğaz çəkmələrini özünə xas cəldliklə soyundu. Təklif gözləmədən ayaqqabı şkafından ev çəkmələrini götürdü, uzun ayaqlarına keçirib Əli ilə otağa keçdi. Çay hazırlamaq üçün mətbəxə getdim.
Otağa geri dönəndə Nara Cavanşirlə yaşadığım dövrlərdə bizə qonaq gəldiyi günlərdə olduğu kimi, divanın küncündə oturmuşdu, köməkçimin gətirdiyi çayı ərik mürəbbəsi ilə içir, arabir divardan asılmış rəsmlərə baxırdı. Əli iş masamın üstünə səpələnmiş kitabları yüngülvari səliqəyə salmağa çalışırdı. Pəncərəni açdığından otaq hansısa ağacdan gələn ətirə bürünmüşdü. Mən sanki on il əvvələ daha rahat baxmaq üçün çayım əlimdə masama yaxınlaşdım. On il ərzində büsbütün dəyişmiş qonaq otağımızda o vaxtdan qalan yeganə əşya masamın üstündəki stolüstü antikvar lampa idi. Baxışlarımı lampada cütləşdirdim. Sanki ona yaxın olmaqla on il əvvəlki günləri yada salmaq, canlandırmaq, şərh etməyi asanlaşdırmaq istədim. Əli həmişəki yarı avam, yarı laqeyd tərzi ilə Nara ilə üzbəüz oturub söhbəti hardan, necə başlayacağımızı gözləyirdi. Mən nədənsə onun üzünə baxmağa curət etmirdim. Onun qonaqlıqlar zamanı göstərdiyi süni canfəşanlığa bəzən nifrət edir, bəzən halına acıyırdım. O da dəyişmişdi. Ya da zaman dəyişmişdi. Bəlkə də mənim ona baxışım dəyişmişdi. O heç vaxt mənim onu görmək istədiyim kimi olmamışdı. O vaxtlar arıq, uzun oğlan idi:

xx

Əli ilə ailə quranda qəhrəman axtarışımı çoxdan dayandırmışdım. Daha qəhrəman haqda düşünməməyə, onu heç vəchlə birinə bənzətməməyə qərar vermişdim. Çünki bu
zaman həm qəhrəmanıma, həm də Əliyə xəyanət etmiş olardım. Xəyanət isə dünyamın qapısından keçmirdi, o nəhəng günah idi.
İlk vaxtlar Əlini öyrənməyə çalışsam da, o, buna izn vermədi. Sonralar anladım ki, o, hər şeyi etibarlı bir qutuya salıb möhürləyib və mən ona aid qıfılları sındıracaq qədər güclü deyiləm. Bəlkə də elə buna görə mən ona və sənətinə dayaq kimi baxmağa başladım. İnandım ki, onun qıfılladığı, mənə göstərmədiyi hiss, bacarıq, insanlıq boğçasında məni etibarla qoruya biləcək vasitələr var. Mən könüllü təslim oldum. Qorunmaq üçün, etibarla qorunmaq üçün tabe oldum. Tabeçilik hakim olmaq hissimi boğsa da, özüm, məhz mən buna razılıq verdim. İnsanlar dünyaya başqa dünyadan gətirdikləri ötəri yaddaşla gəlirlər, bilirsiz. Genetik kodlarla hafizəmizdə qalan kiçik, xırda-para nüanslar yeni həyatımızda da tez-tez bizə yaşamaq üçün yol göstərirlər. Mənə həmişə elə gəlib ki, keçmişdə hakim sinfin nümayəndəsi olmuşam, buna görə bu dünyada öndə olmaq istəyim məni rahat buraxmır. Mənə elə gəlirdi ki, dünyanın ən nəcabətli kasıbı, ən zəngin yoxsuluyam. Əli ilə ailə qurandan sonra isə hakimlik hissimi boğmuş, ondan qurtulduğum üçün hətta yüngülləşmişdim də.
Əli ilə Polis məntəqəsində, mən hüquq fakültəsi dərs keçən mərtəbədə itirdiyim telefonumu tapmaq üçün şikayət ərizəsi verməyə gəldiyim gün tanış olmuşduq. Fəlsəfə kafedrasından iki mərtəbə aşağı düşənə qədər telefon üstümdə olmuşdu, əmin idim. Bunu dəhşət və həyəcanla polis məmuruna danışdım.
“Bu dəhşətdi. Hüquq fakültəsinin tələbəsi bu gün universitetdən oğurluq edirsə, sabah insan haqqlarını da rahatca oğurlaya biləcək.
“Siz telefonun məhz həmin mərtəbədə oğurlandığına əmin ola bilməzsiz.”
Lopabığ polis məmuru demişdi.
“Əminəm, çünki...”
“Qızın telefonunu tapmaq lazımdı.”
Rəis stulunun yanında duran oğlan qətiyyətlə dillənmişdi.
Əli idi.
Mənim gələcək həyat yoldaşım.
Bir həftə sonra məni telefonum tapıldığı üçün polis bölməsinə çağırdılar. Rəis otağında Əlidən başqa kimsə yox idi.
“Oğru sizin telefonu artıq satmışdı. O, oğurladığı malın dəyərini verdi, biz də
sizə bunu aldıq”, deyə daha bahalı telefonu mənə uzatdı.
“Gördüyünüz kimi hüquqlarınız dediyiniz qədər də zəif qorunmur.”
Gözünü stolun üstündəki dəri qələm qabından çəkmədən oturduğu qara kreslonu fırladaraq əlavə etdi.
“Bəlkə də haqlısız. Amma mənim üçün hakimlərin hökmü hər zaman ədalət
etalonu deyil. Hakim oxuduğu hər yanlış qərarda özünü məhkum edir. Məhkum olan o qədər hakim var ki...”
Əminliklə dedim.
“Pablio Sirisin sözüdü. Siz filosofsuz axı.”
“Orqanizmimizi mükəmməl öyrənib adam olmaq olsaydı, anatomiya müəllimləri insanlıq nümunəsi sayılardılar. Oxumaqla filosof olmaq mümkün deyil. Hətta fəlsəfəni əzbər bilib mənim alt qrup fəlsəfə müəllimim kimi axmaq olmaq da olar.”
O gülmədi. Əvəzində mənə yeni sual verdi.
“Siz hakim olsaydız azad olardız?”
“Şübhəsiz.”
Dedim.
Başını dəri qələm qabından ayırıb mənə baxdı, sağollaşdıq, onun istəyi ilə otağın qapısını azca aralı qoyub çölə çıxdım.

Ardı var