İlham Əliyev AŞPA-da çıxış etdi- - Yenilənib

ilham-eliyev-aspa-da-cixis-etdi-
Oxunma sayı: 5115


Avropa Şurası Parlament Assambleyasında yay sessiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sessiyada Azərbaycan prezidenti İlham Əliyev AŞPA üzvləri qarşısında çıxış edib. 

Qeyd edək ki, bu, Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirilən ilk sessiyadır.

***

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, AŞ PA prezidenti Ann Brasser Azərbaycan prezidentini assambleya üzvlərinə təqdim edib. Bildirib ki, İ.Əliyev əvvəllər AŞ PA vitse-prezidenti olub və Avropa Şurasının işində fəal iştirak edib. A.Brasser xatırladıb ki, indi İ.Əliyev iclasda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən ölkənin dövlət başçısı kimi iştirak edir.

A.Brasser Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunub, ölkənin ərazilərinin bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin nizamlanması üçün Minsk Qrupunun vasitəçilik etdiyini, AŞ PA-nın da tərəflər arasında sülhə nail olmaq üçün səylər göstərdiyini bildirib.

Brasser həmçinin İ.Əliyevin 2004-cü ildə AŞPA-dakı çıxışını xatırladıb və deyib: “Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”.

Prezident İlham Əliyev çıxış üçün tribunaya qalxıb və A.Brasserə müraciətlə bildirib: “Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”.

Prezident xatırladıb ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV-lər fəaliyyət göstərir. İnternet azaddır. Prezidentin sözlərinə görə bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini də bildirib.

***

"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyev ona ünvanlanan İlqar Məmmədovla Tofiq Yaqublunun həbsi ilə bağlı suala cavabında qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur:

"Azərbacan bütün tənqidlərə açıqdır, lakin bəzən bu tənqidlər ölkəmizi imicinə zərər vurur."

Prezident daha sonra bildirib ki, Azərbaycanda azad mətbuat, internet var:

"Biz bunları necə qadağa edə bilərik ki, bizdə senzura yoxdur. Prezident seçkiləri dövründə müxalif namizədlərin çıxışına kifayət qədər yer ayrıldı. Əgər müxalifətin mitinqinə 800 adam çıxırsa, bu, bizim günahımız deyil. Azərbaycanda müxalifət zəifdirsə,  bu, o demək deyil ki, biz onlara mane oluruq". 

***

"Qafqazinfo" Azadlıq radiosuna istinadən xəbər verir ki, Strasburqda Avropa Şurasının parlament assambleyasının yay sessiyasında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır.

İlham Əliyev deyib ki, “biz bu mexanizmləri birlikdə hazırıamağı təklif edirik”.

İlham Əliyev həmçinin bildirib ki, ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır.

O deyib: “biz ikili standartlardan uzaqlaşmalıyıq”. 

***

Prezidentə daha bir sual isə gender bərabərliyi ilə ünvanlanıb. Jurnalist nədən sessiyada iştirak edən nümayəndə heyətinin əksəriyyətini kişilər olduğunu və ümumilikdə ölkədəki gender bərabərliyinin səviyyəsi ilə maraqlanıb. İlham Əliyev isə cavabında qeyd edib ki, burada nümayəndə heyətinin arasında qadınlar da, aktiv parlamentarilər də var:

"Bizdə bu mənada məhdudiyyət yoxdur. Heç vaxt fərq qoymuruq ki,  nə qədər qadın, nə qədər kişi var.  Azərbaycan gender bərabərliyi ilə bağlı qanunu qəbul edib. Əgər Bakıda olsanız, özünüz görərərsiniz ki, qadınlar da kişilər qədər bərabər hüquqa sahibdirlər".

Prezident Ilham Əliyevin çıxışını buradan izləyə bilərsiniz