İlham Əliyev Xankəndinin vurulması haqda sualı cavabladı

ilham-eliyev-xankendinin-vurulmasi-haqda-suali-cavabladi
Oxunma sayı: 9111

“Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib. 

Dövlət başçısı qeyd edib ki, biz dini məkanlara da hücum etmirik: “Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib”.

- Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz.

- Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü?

- İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?

- Xeyr, biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.