“İlham Əliyevin təbiətində konyuktura yoxdur” – Müsahibə

ilham-eliyevin-tebietinde-konyuktura-yoxdur-musahibe
Oxunma sayı: 708

Filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun “Qafqazinfo”ya müsahibəsi:

- Sizinlə söhbətə təhsil sahəsində baş verən islahatla başlamaq istəyirəm. Ölkənin 15 illik təhsil naziri işdən çıxarıldı. Bir sıra ekspertlər Azərbaycan təhsilinin inkişafından həmişə narazı olduqlarını bildirirdilər. Sizcə yeni kadr dəyişikliyi narazı təbəqənin istəyinin nəticəsidir?
- Azərbaycan müstəqillik qazanandan sonra təhsil yüksələn xətlə inkişaf edib. Bu inkişafı danmaq mümkün deyil. Müəyyən narazılıqlar, etirazlar, bunların bir hissəsi köhnə dövrlə yeni texnolgiyalar arasındakı ziddiyyətdən əmələ gəlib. Adət etdiklərimizi bu gün görməyəndə istər-istəməz etirazlar olur. İkinci ziddiyyət isə ondan ibarətdir ki, biz dünyaya açıldıq və çox şeylər gördük. Amerika, Avropa təhsilini görəndə birdən-birə çox şeyləri tələb etməli olduq. Həmin tələblərin də dərhal olması mümkün deyil.

- Sizcə 20 il ərzində həmin tələblərin həll olunması üçün az müddət hesab olunur?
- Şübhəsiz, çox az müddətdir. 20 ilin 5-6 ili eksprementlərə gedib. 90-ci illərin ortalarından etibarən təkamül başladı. Bügün artıq biz təhsil sistemimizə müsair deyə bilərik. Amma hələ nəzərdə tutulan layihə səviyyəsində deyil. O səviyyəyə qalxmaq üçün bizim kifayət qədər imkanlarımız var. Əgər bir problem varsa onun üzərində düşünülüb həll edilməlidir. Birdən-birə ideal sistem ola bilməz.

- Mikayıl Cabbarov həmin o həll edilməyən problemlərin öhdəsindən gələ biləcəkmi?
- Məh heç şübhə etmirəm ki, təhsil islahatları, onunla bağlı müəyyən mübahisələr, bütün uğurları və hələlik əldə edə bilmədiklərimiz ilə bir yerdə bizim keçmiş nazir kifayət qədər böyük işlər görüb. Yenin nazir gəncdir. Yeni dövrün çağırışları var. Təhsilin iqtisadiyyatı, hüquqi tərəfləri üzrə yeni nazir mənim bildiyimə görə kifayət qədər hazırlıqlı və enerjili bir insandır. Onun nazir kimi fəaliyyəti xeyli yeniləşməyə səbəb olmalıdır. Ali məktəblərdə 70-80 yaşlı müəllimlər var. Onların içərisində elmə bəhrə verənlər də var. Ancaq elələri də var ki sadəcə təqaüdə çıxmaq istəmir. Yeni kadrlara ehtiyac var. Hazırkı nazirin təyin olunması ilə bütün problemlərin həll olunacağını demək çətin olar. İnkişaf sürətlənməlidir.

- Bu il ölkədə prezident seçkisi ilidir. Yeni islahatlar seçki ilinə hesabalanmış ola bilərmi?
- Kadr islahatları seçki ili bağlı deyil. Ona görə ki prezident İlham Əliyevin ölkənin daxili, siyasi, iqtisadi, beynəlxalq münasibətlər sistemində gördüyü işlər o qədər çoxdur ki, bunu yalnız seçki ili ilə əlaqələndirmək olmaz. İlham Əliyevin nə fəaliyyətində, nə də təbiətində konyuktura yoxdur. Yəni xüsusi nəyəsə hesablanmış hər hansı prosedur mövcud deyil. Seçkinin taleyini İlham Əliyevin gördüyü işlər, mübarizəsi və xalqın ona münasibəti müəyyənləşdirir.

- Eyni zamanda İctimai Televiziyada da yenilik oldu. İsmayıl Ömərov növbəti dəfə baş direktor seçilmək üçün öz namizədliyini vermədi...
- İTV daxili ehtiyacdan daha çox beynəlxalq marağın nəticəsində yaranıb. Və bu telviziyaya da peşəkar televiziyaçı kimi İsmayıl Ömərov uğurla rəhbərlik etdi. Amma bugün İsmayıl Ömərov öz namizədlyini vermir və hiss edir ki yeni adamlar gəlməlidir. İTV-nı sədr yox, Teleradio Yayım Şurası idarə edir. Bu onun öz hüququdur. Əgər o qalmaq isətəyərdisə, elə bilirəm ki, buna heç kim etiraz etməzdi. Çünki o peşəkar, yaradıcı və idarəedici rolunu kifayət qədər yüksək təqdim edə bilmişdi.

- Bunu bir növ ölkədə vəzifədən könüllü sürətdə imtina etmənin ilkin başlanğıcı kimi qəbul etmək olarmı? Məlum olduğu kimi Azərbaycanda öz vəzifə postunu illərlə dəyişməyən insanlar var...
- Bundan sonra İsmayıl Ömərovun yerində kim olacaqsa istər-istəməz onun yolunu davam etdirəcək. Əsas məsələ kadrların tez-tez dəyişməsi, cavanlaşması deyil. Bu da yaxşı ənənədir ki, uzun müddət bir postda qalanda iş qabiliyyətinin azalması müşahidə olunur. Bununla yanaşı təcrübə də qazanılır. Əsas odur ki, yeni gələcək kadr idarəedici nazirlərdən ən kiçik məmura qədər əvvəkilərin təcrübəsini mənimsəsinlər. Düzdür, cəmiyyətdə belə bir psixologiya var ki, dinamika olsun. Eyni adam illərlə rəhbərlikdə qalmasın. Amma bu sadəcə görüntü üçün olacaqsa, xalqımıza və dövlətimizə heç nə verməcəyək. Xalqımıza həm yeniləşmə, həm də əvvəlki təcrübənin davam etməsi lazımdır. İdarəçilikdə o haldan pis hal yoxdur ki hər dəfə dəyişikliklər olsun və stabillik pozulsun. Bunu onla əlaqələndirməzdim ki yeni hərəkat başlayıb. Əgər təhsil naziri, İTV-nin rəhbərliyi dəyişilibsə, bu o demək deyil ki, bu tendensiya idarəçiliyin bütün strukturlarını əhatə etməlidir, bu cür qəbul etmək olmaz.

- Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer 11 illik hakimiyyəti dövründə xalqı üçün mühüm işlər görsə də, yenə də xalq ona “get” dedi. Bu ənənənin Azərbaycanda da formalaşmasına ehtiyac varmı?
- Amerika, Fransa, Britaniyanın yüz illərə dayanan demokratik müasir idarəçilik sistemi var. Onlarda elə modellər yaranıb ki böyük nailiyyətlər gətirə bilməzsən. Çünki artıq o standartlar var. Ona görə də bu dövlətlərin böyüklüyünü də nəzərə alsaq Azərbaycanla müqayisə etmək çox çətindir. Azərbaycan yeni yaranmış, ciddi problemləri olan kiçik dövlətdir. Mən tam avtoritarizm demirəm, amma möhkəm idarəçilik sistemi olmalıdır. Bu günki dünyanın çox böyük konyukturalarla yaşadığını, böyük dövlətlərin maraq dairələrinin heç də həmişə obyektiv olmadığını nəzərə alsaq, bizim dövlətimizin müqəddəs missiyası hələlik xalqımızı qorumaqdır. Biz psevdo demokratiya oyununa düşə bilmərik. Bu oyuna düşsək, xalqımızı çox böyük təhlükələrə atmış olarıq. Bizdə hələlik “get” demək üçün şərait yoxdur. Asanlıqla deyək ki, “get” və bilək ki, məhv olmayacağıq, bu şərait hələ ki, yoxdur. Ona görə də sözün humanist və demokratist mənasında avtoratizm hər halda qorunmalıdır.

- Bəs yenilənməyə öz şəxsinizdə necə baxırsınız?
- Mən artıq üçüncü dəfədir ki, Milli Məclisin üzvüyəm. Düşünürəm, yəqin bu axırıncı olacaq. Bizim parlamentdə elə qanunvericilik təcrübəsi əmələ gəlib ki, bundan sonra dövlətimizin, xalqımızın mənafeyini, ümumi siyasi mədəni inkişafını qoruya bilən, mövqeyi ola biləcək xeyli gənclər yetişiblər. Onlar yəqin ki, bizi daha yaxşı əvəz edə biləcəklər.

- Milli Məclisin ötən iclasında “Tarixi şəxsiyyətlərin adının qorunması “ adlı qanun layihəsi təqdim etdiniz. Bu qanunun yaranmasına zəruruət nədən yarandı?
- Qanunvericiliyin yazılmamış qanunu var. Hansı hadisələr baş verirsə və o hadislərdə mürəkkəblik və xalqının, mədəniyyətinin gələcəyinin əleyhinə yönələ biləcək hansısa təhlükələr varsa, onda qanunvericiliyə ehtiyac yaranır. Ola bilərdi ki, belə təhlükələr olmasaydı bizə elə qanun da lazım olmazdı. Amma gördük ki birinci, ikinci dəfə deyil, xalqın mədəniyyətini, tarixini, böyük şəxsiyyətlərini təhqir etmək iddiaları və maraqları var. Bunu da edirlər. Bunun üçün də heç bir məsuliyyət daşımaq istəmirlər. Sənin vətəndaş olaraq heç bir haqqın yoxdur ki, kimisə təhqir edəsən. Bu gün xalqın mədəniyyətini məhv etməklə bağlı mübarizələr dünynaın hər yerində gedir. Bu gün silah işləmir. Elə mənəvi silahlar var ki dilin, əlifban, mədəniyyətin, tarixi abidən təhqir oluna bilər. Şəxsiyyətlər də tarixi abidələrdir. Onları təhqir etmək olmaz. Sən istənilən bir hadisəni Nizami Gəncəvidən Füzuliyə, Vaqifdən Səməd Vurğuna qədər müzakirə edə bilərsən. Müəyyən elmi yanaşmaları, çatışmayan cəhətləri ortaya qoya bilərsən. Düşünürəm ki, tarixi şəxsiyyətlərin təhqirdən müdafiəsi ilə bağlı xüsusi qanun layihəsi hazırlayıb təqdim edə bilərik.

- Bu qanunu yaradacaq hadisə ADP sədri Sərdar Cəlaloğlunun Səməd Vurğun haqqında işlətdiyi ifadə oldu?
- Bu məsələ müəyyən vaxtlarda müzakirə olunub. Amma Sərdar Cəlaloğlu həqiqətən belə bir qanunun yaranmasına ehtiyacı sürətləndirdi. Sərdar Cəlaloğlu təsadüfi bir adam olsaydı, yəqin ki , ona diqqət verməmək də olardı. Sərdar Cəlaloğlu partiya lideri, Azərbaycanın ictimai-siyasi mühitində görünən adamdır. İndi mən deyə bilmərəm ki, bu partiyanın fikridir. O hər hansı mübahisə irəli sürəndə mütləq düşünməlidir ki, partiya lideridir. Bu istər-istəməz onun rəhbərlik etdiyi partiyanın fəaliyyəti ilə əlaqələnir. Düşünürəm ki, gələcəkdə elə bir qanun layihəsi hazırlasaq onda şəxslərin böyük tarixi şəxsiyyətləri təhqir etməsi bir səviyyə olacaq, amma icitimai siyasi liderlərin təhqir etməsi isə başqa səviyyə olacaq. Hətta bir qurum da kimisə təhqir etmək fikrinə düşə bilər. Onu da hüquqşünaslarımız ayıracaqlar.

- ADP sədrinin Ağa Məhmməd şah Qacar haqqında dediklərini tamamilə yanlış hesab edirsiniz, yoxsa necə?

- Səməd Vurğun böyük tarixçi idi. Təsadüfi deyil ki, axırda da akademik oldu. Dil, ədəbiyyat fəlsəfə sahələrinə vitse prezident kimi nəzarət etdi. İlk yaranmış Azərbaycan ədəbiyyatı tarixi, xüsusilə Azərbaycan tarixi cildlərinin ortaya çxmasında onun çox böyük rolu olub. Ona görə də Səməd Vurğuna tarixdən naşı adam kimi baxmaq olmaz. Ağa Məhəmməd Şah Qacar, Molla Pənah Vaqiflə bağlı Səməd Vurğunun mövqeyi özünü tarixi baxımdan doğruldur. Nəzərə almaq lazımdır ki, bu bədii əsərdir, həm də 30-cu illərdə ortaya çıxıb. O dövrdə hökmdar və şair problemlərini əhatə edir. Qacar müəyyən müsbət xüsusiyyətləri ilə yanaşı tarixdə kifayət qədər irticaçı və aqressiv hökmdar kimi qalıb. Şuşanı, Tiflisi dağıtdı. Qacar düşünmək olar ki, Azərbaycanı birləşdirmək üçün mübarizə aparıb və amma mübarizəsi uğursuz olub. İdarəçilikdə bir faktı göstərmək olar ki öz sərkərdələri onu qətlə yetirdilər. Səməd Vurğun Qacarı demək olar ki təhqir etmir. Səməd Vurğunu haqsız saymaq və bundan ötrü onu təhqir etmək olmaz.

- Bəs “26 lar” poemasında Məmməd Əmin Rəsulzadə haqqında dediklərini necə?
- “26” lar poemasında erməni, gürcü, azərbaycanlı da var. Bu o dövrün siyasəti idi. Səməd Vurğun ondan kənara çıxa bilməzdi. Məmməd Əmin Səməd Vurğunun yaradıcılığı haqqında yazırdı ki “Səməd Vurğun kommunist şairi olsa da, digər şairlərdən üstünlüyü odur ki, o millət rəhbəri Rəsulzadədən ifadə işlədərək heç olmasa məni tarixdə saxladı, qoymadı unudulam”. Baxın Məmməd Əminin Səməd Vurğuna münasibəti bu idi. Və Səməd Vurğuna o münasibətdə Məmməd Əmin daha obyektivdir, nəinki Sərdar Cəlaloğlu. Hər halada siyasətçi öz millətinə, tarixinə münasibətdə mümkün qədər obyektiv olmalıdır. Hələ mən söyüş söyməyi də kənara qoyuram, o ümumiyyətlə olmaz.

- Qeyd edirsiniz, ki hər hansı yazıçı, şair yaşadığı dövrün reallığına uyğun yazmağa məcburdur. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi şairlər isə bu axınla getmədilər...
- Mikayıl Müşfiqin ən iri həcmli əsəri “Stalin” poemasıdır. İndi o çap olunmur. O dövrdə yaşayanların xatirələrində var ki, Mikayıl Müşfiq həqiqətən istedadlı idi və o repressiyaya uğradı. Özünəməxsus xarakteri və kifayət qədər milli mövqeyi ilə. Xatirələrdə yazırlar ki, o həm də çox şıltaq, müəyyən diplomatik normativləri gözləməyən və hər sözü danışa bilən adam idi. Onun repressiyaya uğramasında onların da təsiri olub. O dövrdə məsələn daha çox bəhrə verən şəxsiyyətlərdən Üzeyir Hacıbəyovu, Cəfər Cabbarlını da misal göstərmək olar. Bunlar müəyyən qədər o diplomatik münasibətləri gözlədilər. Yaşamaqla xalqlarına daha çox şey verdilər. Düşünmək olmaz ki, onlar satqın idilər. Məsələn, Əhməd Cavadın şeirlərində açıq şəkildə, Mikayıl Müşfiqdə romantik qapalı şəkildə o dövrə mənfi münasibət var idi. Onlar da məhv oldular. Bir çoxları xaricə getdi. Çünki onlar dəqiq bilirdilər ki, uyğunlaşa bilməyəcəklər. Amma bunların heç birini təhqir etmək olmaz.

- Ola bilərmi ki Səməd Vurğunu bu qədər müdafiə etməyiniz yerliçilik prinsipindən irəli gəlsin?
- İnanmıram. Əgər hətta təhtəlşüur şəkildə olarsa da, mən ona pis baxmıram. Eyni müvəffəqiyyətlə mən Hüseyn Cavidə də eyni hücumlar olsaydı, onu müdafiə edərdim. Sadəcə olaraq mən Mollla Pənah Vaqiflə Səməd Vurğunu çox yaxşı öyrənmişəm. İstər-istəməz qazaxlı olmağımla əlaqədar olaraq lap uşaqlıqdan Səməd Vurğunun əsərlərini əzbərdən bilirəm. Bir əsəri təhlil edəndə onu kompleks şəkildə götürmək lazımdır. Səməd Vurğun tarixçidən daha çox filosofdur. Sən tarixin filosofuna tarixin buxaltoru prinsipi ilə yanaşa bilməzsən. Vaqif də, Qacar da o dövrün ümumiləşdirilmiş obrazlarıdır...

- Ölkədə ən yeni dövrün ədəbiyyatının inkişafını necə qiymətləndirirsiniz?
- Müstəqilliyin 2000- ci illərindən bəri təəssüflə deyim ki, bizim ədəbiyyatımızın əsas simaları ona 90-cı illərdə, nə də 80-ci illərdə gələnlər deyil. Bu adamı düşünməyə məcbur edir. Bu gün yenə düşündürən, ən səviyyəli əsərlər yazan İsa Hüseynov, Anar, Elçin, Nəriman Həsənzadə, Fikrət Qocadır, Afaq Məsud, Sabir Rüstəmxanlıdır. Bizim ədəbi tənqidimizdə günah ondadır ki, bu məsələləri müzakirə etməli idi. Ən yeni dövrdə yazılan yaxşı əsərlər və müəllifləri çox az görürəm.

- Məsələn, kimlərin yaradıcılığını bəyənirsiniz?
- Yunus Oğuzun tarixi romanları məni qane edir. Çünki o əsər verir. Yaşlı nəsil olsa da, Aqil Abbasın əsərlərində maraqlı məqamlar çoxdur. Məhsuldar yazıçıdır. Bir qədər konyuktur, qeyri-adi cəhətlərini kənara qoysaq, Həmid Herisçinin müəyyən yaxşı əsərləri var. Amma bir də görürsən ki, özü özünün əleyhinə çıxır. Amma istedadlıdır. Çox ad çəkmək olmur.

- Aqşin Yenisey, Seymur Baycan, Günel Mövlud və.s. Onları necə,
bəyənirsiniz?

- Onlar yazıçı deyillər. Normativləşməmiş publisistdirlər. Yaradıcılıqlarını üslub yox, üslubsuzluq, intriqa üzərində qurublar. Elə bil ki bizim müasir dövrdə publisistlikdən irəli gələn bədii düşüncə yox, ümumi ictimai düşüncələr meydana çıxdı. Siyasi, ideoloji, dərhal metod yaratma iddiaları oldu. Bu sahələrdə üslub, monumentallıq olmaıldır. Sən bir model yaratmalısan. Onu edə bilmirlər. Tarixi, bu günü internetden öyrənmək, lazımı şəkildə peşəkar təhsil görməmək, həyatın mahiyyətini yox, üzdə olan həyacanlarını qəbul etmək, müxalifətçilik sindromu. Bunlar ədəbiyyat üçün çox təhlükəlidir. Sən həyatın içində olub onu görməlisən. Həyat necədirsə, sən o cür təsvir etməyi bacarmaılsan. Onun məzmununu, təhlil etməyi bilməlisən. Özünə siyasi ideoloji konyuktur görmə məntəqəsi seçmisənsə, onda istər-istəməz hər şeyi görə bilməyəcəksən. Bunun üçün bədii, ədəbi istedad lazımdır.

- Nizami bəy, ədəbiyyat geniş söhbətin mövzusudur. İstəyirəm, burda nöqtə qoyaq. Son olaraq bir sualıma cavab alım. Siz parlamentdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, eyni zamanda Türk dünyasında tanınan ictimai siyasi xadimsiniz. Turqut Özalın xanımı Semra Özal bu yaxınlarda istintaqa ifadəsində ərinin Azərbaycanda zəhərləndiyi, bunu edənin də adının Həsən Əlioğlu olması haqqında ifadə verdi. Bu ifadəyə münasibətinizi necədir?
- Turqut Özalın hansı şəraitdə dünyadan köçməsi barədə müxtəlif mülahizələr olsa da, hər halda konkret vəziyyət məlumdur. Zəhərləndiyi haqda iddialar var. Mən inanmıram ki, hər hansı azərbaycanlı Turqut Özala qarşı belə düşmənçilik iddiasında olsun. Çünki Azərbaycanda Turqut Özalı həmişə seviblər. Hətta Turqut Özalın Moskva səfəri Azərbaycanda təntənə ilə qarşılanmışdı. Amma qatilin vətəni, milləti yoxdur. Kim istəsən ola bilər. Azərbaycanın da bütün tarix boyu Turqut Özala nə yüksələn, nə də aşağı Azərbaycanı təmsil edəcək bir səviyyədə düşmənçiliyi olmayıb. Mənə elə gəlir ki. burada məsələni böyütməyə ehtiyac yoxdur.

Günel Türksoy