İmişlidə idman sahəsinin inkişafına və gənclərin sağlam həyat tərzinin təşviqinə töhfə verəcək, müasir idman infrastrukturuna malik yeni Cüdo Mərkəzinin açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər şəxslər iştirak ediblər.
Müasir standartlara cavab verən tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Mərasim zamanı bildirilib ki, Ulu Öndər Heydər Əliyevin idmana göstərdiyi xüsusi qayğı və diqqət daim aktualdır. Onun sözləri tədbirdə bir daha xatırlanıb: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.” Qeyd edilib ki, Ümummilli liderin qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan idmanı son illərdə sürətlə inkişaf edərək beynəlxalq arenada böyük nailiyyətlər qazanır. Vurğulanıb ki, yeni idman mərkəzinin istifadəyə verilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, cüdonun inkişafı və onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. Zalın mövcud şəraiti idmançıların rahat və səmərəli şəkildə məşq etməsini təmin edir, onların peşəkar inkişafı və yüksək nəticələr qazanması üçün geniş imkanlar yaradır.
Sonda mərasim iştirakçıları gənc idmançılara uğurlar arzulayıb, onların idman bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrini, yüksək arenalarda çıxış edərək böyük nailiyyətlər qazanacaqlarına olan inamlarını ifadə ediblər və tədbir xatirə şəkli çəkilişi ilə yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər