İmran Xana qarşı yeni ittiham irəli sürüldü

imran-xana-qarsi-yeni-ittiham-ireli-suruldu
Oxunma sayı: 1879

İslamabad Ali Məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanı Ali Məhkəmənin vəkili Əbdül Razzak Şarın qətlində iştirak etməkdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb.

İttiham irəli sürüldükdən sonra İmran Xana bu iş üzrə vəkillərlə məhkəmə iclaslarına hazırlaşmaq üçün həbsdən iki həftə möhlət verilib.

Qeyd edək ki, Əbdül Razzak Şar İmran Xana qarşı dövlətə xəyanətlə bağlı irəli sürülən ittihamlar üzrə işin araşdırılmasına iştirak edib. O, iyunun 6-sı Quetta şəhərində bir qrup naməlum cinayətkar tərəfindən güllələnərək qətlə yetirilib.

Xatırladaq ki, İmran Xana qarşı çox sayda ittiham irəli sürülüb. O, xüsusilə də həyat yoldaşı Büşra Bibi ilə korrupsiyada da ittiham olunur. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.