“İnanıram ki, dostum Putin bunun davam etdirilməsini istəyir”

inaniram-ki-dostum-putin-bunun-davam-etdirilmesini-isteyir
Oxunma sayı: 3620

“İnanıram ki, Rusiya Federasiyasının Prezidenti, dostum Putin bu humanitar körpünün davam etdirilməsini istəyir”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı səfəri öncəsi Atatürk hava limanında keçirdiyi mətbuat konfransında Rusiyanın “Taxıl sazişi”ni dayandırmasını şərk edərkən bildirib.

“Bildiyiniz kimi, biz Rusiya ilə Ukrayna arasındakı münaqişələrin daha çox dağıntı, faciə ilə nəticələnməməsi üçün çox çalışırıq. İlk gündən deyirik ki, müharibənin qalibi, sülhün məğlubu yoxdur. İlk ilinə daxil olmaq üzrə olduğumuz Qara Dəniz Taxıl Təşəbbüsü humanitar mülahizələrin münaqişə dinamikasından üstün olduğunu sübut edən bir layihədir. Bu təşəbbüs artıq mühüm diplomatik uğur kimi tarixə düşüb. Bunun sayəsində dünya bazarlarına 33 milyon tondan çox taxıl məhsulları çıxarılıb. Beləliklə, gəlir səviyyəsi aşağı olan bir çox ölkələrin ərzaq böhranına sürüklənməsinin qarşısı alınıb. Biz Qara Dəniz Təşəbbüsünün davam etdirilməsinə verdiyimiz önəmi müxtəlif yollarla ifadə etmişik. Bu məqsədlə biz son günlər diplomatik səylərimizi gücləndirmişik. Təşəbbüsü bu nöqtəyə çatdırmaqda iştirak edən bütün tərəflərə təşəkkür etmək istərdim.

Bu gün verilən bəyanata baxmayaraq, mən inanıram ki, Rusiya Federasiyasının Prezidenti, dostum Putin bu humanitar körpünün davam etdirilməsini istəyir. Xarici işlər nazirimiz həmkarı ilə danışıqlar aparacaq. Səfərimizdən qayıdan kimi mənim də cənab Putinlə danışıqlarım olacaq. Onunla avqustda ölkəmizdə görüşəndə bütün bu məsələləri müzakirə etmək imkanımız olacaq. Biz, həmçinin Rusiya taxılının və gübrəsinin daşınmasına yol açmaq üçün necə hərəkət edə biləcəyimizi məsləhətləşəcəyik”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, Qara dəniz razılaşmaları bugünkü gün faktiki olaraq qüvvədən düşüb: “Rusiya Federasiyası Prezidentinin daha əvvəl dediyi kimi, bu müddət iyulun 17-də başa çatır. Təəssüf ki Qara dəniz razılaşmasında Rusiyaya aid olan hissə hələ də yerinə yetirilməyib. “Taxıl sazişi” dayanıb. Rusiya hissəsi yerinə yetirildikdən sonra Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq”.

Xatırladaq ki, “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.