“İntegral”ın daha bir əməkdaşına hökm oxundu

integralin-daha-bir-emekdasina-hokm-oxundu
Oxunma sayı: 2660

Bakı Ağır Cinayətlər Məhkəməsində “İntegral” MMC-də ekspeditor vəzifəsində çalışmış 1979-cu il təvəllüdlü A.Xəlilova (şərti) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, şirkətin keçmiş əməkdaşı Cinayət Məcəlləsinin 179.3.2, 313 və 320.2-ci maddələri (Külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib. Qeyd edilib ki, A.Xəlilov çalışdığı müddətdə şirkətə məxsus 100 min manatdan artıq pulu xəzinəyə ödəməyərək mənimsəyib. Həmçinin A. Xəlilovun ANAMA-da şöbə müdiri vəzifəsində çalışmış şəxsin məlumatlarını saxta yolla daxil etməklə onun diler göstərilməsi, əvəzinə qol çəkməsi, saxta möhürlə sənədləri təsdiqləməsi bildirilib.

Təqsirləndirilən şəxs məhkəmədə ittiham aktında qeyd edilənlərlə razı olmadığını, audit nəticəsində üzə çıxarılan kəsirin daha az olduğunu deyib: “Elan edilmiş ittiham üzrə özümü təqsirli bilmirəm. 2004-cü ildən “İntegral”da ekspeditor işləmişəm, 18 ildə heç bir nöqsanım olmayıb. 2022-ci ilin martında yol qəzası keçirdim, müalicə alırdım, müalicəmə şirkət heç bir yardım göstərməyib. Həmin vaxt fəaliyyətim yoxlanıldı, auditora izahat verdim, lakin yoxlamada, yəni malları verdiyi mağazalara auditorla birlikdə üzləşdirmə aparılması üçün getmədim. 10 dilerdə malların çatışmazlığı aşkar edilib və bu səbəbdən barəmdə cinayət işi başlanılaraq həbs edildim. Həbsdə olduğum zaman qohumlarım razılığım olmadan şirkətə ziyan kimi müəyyən edilən 100 min 141 manat pulu ödəyiblər. Bundan sonra məni həbsdən azad ediblər”.

Təqsirləndirilən şəxs saxtalaşdırıldığı bildirilən sənədlərin əslində kim tərəfdən imzalanmasını bilmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi dəymiş ziyanın tam ödənilməsini və digər halları nəzərə alaraq A.Xəlilovu 3 il rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3  ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Həmin cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Qeyd edək ki, bir neçə il əvvəl “İntegral” QSC-nin keçmiş ekspeditoru E.Babayev də mənimsəmədə təqsirləndirilib. 288 min manat mənimsəmədə təqsirləndirilən şəxsə 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan başqa, şirkət anbardar və bir qrup digər əməkdaşlar barədə də hüquq-mühafizə orqanlarına müraciət etmişdi.