İran rəhbərliyi ABŞ ilə sülh danışıqlarının bərpası üçün beş əsas şərtini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın irəli sürdüyü tələblər paketinə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İran əleyhinə sanksiyaların aradan qaldırılması, dondurulmuş İran vəsaitlərinin aktivləşdirilməsi, müharibənin vurduğu zərərin kompensasiyası və İranın Hörmüz boğazı üzərində suverenliyə olan hüququnun tanınması daxildir.
Mənbə qeyd edib ki, bu şərtlərin məcmusu yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıdış üçün müəyyən edilib. Atəşkəsdən sonra Ərəbistan dənizi və Oman körfəzində İranın blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlara etimadsızlığı daha da artırdığı barədə məlumat da vasitəçi qismində Pakistana ötürülüb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar.
Son xəbərlər
Son Xəbərlər