İran Hörmüz boğazında yeni minalar yerləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios”a ABŞ rəsmisi və məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu həftə Hörmüz boğazında əlavə minalar yerləşdirib.
Məlumata əsasən, dünyanın ən strateji neft marşrutlarından biri olan Hörmüz boğazında hərbi aktivlik artıb. İranın mina yerləşdirməsi ilə paralel olaraq kommersiya gəmilərinə qarşı hücumlar da qeydə alınır, ABŞ isə bölgədə dəniz nəzarətini gücləndirir.
ABŞ Prezidenti Donald Tramp yeni məlumatlardan sonra “Truth Social” platformasında ABŞ Hərbi Dəniz Qüvvələrinə mina yerləşdirən İran gəmilərinə qarşı “tərəddüdsüz cavab verilməsi” barədə göstəriş verdiyini bildirib.
Mənbə qeyd edib ki, Hörmüz boğazında vəziyyət artıq qlobal enerji bazarı üçün ciddi risk yaradır. Beynəlxalq Enerji Agentliyi bu durumu son onilliklərin ən böyük neft təchizatı pozuntusu kimi qiymətləndirir.
Vurğulanır ki, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi bu boğazdan keçir. Son gərginlik səbəbindən gündəlik gəmi keçidi kəskin azalıb.
Məlumatlara əsasən, bu, İranın münaqişə başlayandan sonra ikinci dəfə mina yerləşdirmə əməliyyatıdır. ABŞ kəşfiyyatı əvvəlki mərhələdə yerləşdirilən minaların hamısının təmizlənib-təmizlənmədiyini hələ də dəqiqləşdirə bilməyib.
ABŞ hərbi mənbələri İranın mina əməliyyatlarını izlədiklərini və sahil bölgəsində hələ də ehtiyatların mövcud ola biləcəyini bildirir. Minaların kiçik balıqçı tipli gəmilər vasitəsilə asanlıqla yerləşdirilə bildiyi qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər