İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin Qəşm adasına hücumuna cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını raketlərlə hədəfə aldığını bəyan edib.
“Qafqazinfo”nun xəbərinə görə, İnqilab Keşikçiləri Korpusunun yaydığı açıqlamada bildirilir ki, əməliyyat ABŞ-nin İranın milli suverenliyinə hücuma cavab olaraq həyata keçirilib.
“Qəşm adasında İranın milli suverenliyini hədəf alan Amerika qüvvələrinin açıq təcavüzünə cavab olaraq, İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri Küveytdəki ABŞ hərbi bazalarına dəqiq və intensiv raket zərbələri endirib”, - məlumatda deyilir.
İran tərəfi hücum nəticəsində hədəf alınan hərbi obyektlərin və ABŞ hərbçilərinin istifadə etdiyi bəzi bunkerlərin məhv edildiyini bildirib.
Hadisədən sonra Küveyt ordusu ölkə ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücum cəhdlərinin qeydə alındığını açıqlayıb. Ordunun bəyanatında hava hücumundan müdafiə sistemlərinin təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərdiyi bildirilib.
İran mediası daha əvvəl Hörmüz boğazı yaxınlığında yerləşən Qəşm adası ərazisində partlayış səslərinin eşidildiyini xəbər vermişdi.
İnqilab Keşikçiləri Korpusu bəyanatında ABŞ-nin öz ərazilərindən və hava məkanından İrana qarşı əməliyyatlar üçün istifadəsinə icazə verən ölkələrə də xəbərdarlıq edib. Bəyanatda “vur və qaç” taktikasının artıq nəticəsiz qalacağı və hücumların cavabsız qalmayacağı vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər