İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı

iran-netenzdeki-nuve-obyektlerinin-vuruldugunu-aciqladi
Oxunma sayı: 1941

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (MAQATE) səfiri Rza Nəcəfi ABŞ və İsrail hərbi hava qüvvələrinin ölkənin strateji əhəmiyyətli Nətənz nüvə kompleksini hədəf aldığını bildirib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, Vyanada jurnalistlərə açıqlama verən Nəcəfi Qərbin “nüvə silahı” iddialarını yalan adlandıraraq, dinc məqsədlərlə qorunan obyektlərin dünən yenidən zərbələrə məruz qaldığını iddia edib.

O, söhbətin məhz uranın zənginləşdirilməsi mərkəzi kimi tanınan Nətənzdən getdiyini xüsusi vurğulayıb.

Nəşr yazır ki, İran tərəfinin iddiaları MAQATE-nin rəhbəri Rafael Qrossinin bəyanatı ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Qrossi İdarə Heyətinin xüsusi iclasında bildirib ki, agentlikdə indiyə qədər Buşehr AES, Tehran Tədqiqat Reaktoru və ya digər nüvə qurğularının zədələnməsinə dair heç bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, paytaxt Tehrandan 220 kilometr cənubda yerləşən Nətənz kompleksi İranın nüvə proqramının “ürəyi” hesab olunur. İsrail və ABŞ-nin ötən ilin iyun ayındakı hücumları nəticəsində obyektdəki yerüstü binalar və yeraltı bunkerlər ciddi ziyan görmüşdü.

Xatırladaq ki, bundan öncə İsrailin “Kan” dövlət telekanalı ABŞ ordusunun İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirdiyi ilə bağlı informasiya yaymışdı.