İsmayıllıda 15 kənd qonaq evi yaradılıb - Fotolar

ismayillida-15-kend-qonaq-evi-yaradilib
Oxunma sayı: 2547

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. 
 
KOBİA-dan “Qafqazinfo”ya verilən məlumata görə, yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.
 
Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.