İsmayıllıda 65 yaşlı kişi kafedə öldürüldü - Yenilənib

ismayillida-65-yasli-kisi-kafede-olduruldu
Oxunma sayı: 4930

Sentyabrın 30-u saat 18 radələrində İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş verən hadisə ilə bağlı İsmayıllı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 30-u İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, hadisə “dört yol” adlanan kafedə qeydə alınıb.