“JAMnews” Qafqaz regionunu əhatə edən xəbər portalıdır. Azərbaycan, erməni, gürcü və ingilis dillərində informasiyalar yayır. Regionda baş verən ən xırda olayları da həssaslıqla izləyir, informasiyaya çevirib yayır. Təsis bəyannaməsində qeyd edilib ki, “izləyicilərə Qafqaz ölkələri barədə obyektiv, qərəzsiz və operativ məlumatlar çatdıran media qurumudur”. Fəaliyyət istiqamətlərindən biri də “Cənubi Qafqazda sülh naminə xalq diplomatiyasını dəstəkləməkdir”.
“Qafqazinfo”ya daxil olan məlumata görə, “JAMnews”un real fəaliyyəti ilə məramnaməsi uyğun gəlmir. “Obyektiv”, “qərəzsiz” davrana bilmir. Çünki, müstəqil qurum deyil. Qərbin “təbliğat və təxribat şəbəkəsi”nə daxil olan subyektlərdən biridir. Normal KİV-dən fərqli olaraq, “JAMnews”un nə reklamı, nə abunəçisi, nə də satışı var. Yəni, müstəqil KİV üçün maliyyə qaynağı rolunda çıxış edən mənbələrdən məhrumdur. Az sayda media qurumlarındandır ki, maliyyəsi 100 faiz qrantlara bağlıdır.
Böyük Britaniyanın “Münaqişə, Sabitlik və Təhlükəsizlik Fondu”nun ( UKCSSF) dəstəyi ilə yaradılıb. Böyük Britaniyanın Xarici işlər, birlik və inkişaf idarəsinə bağlı olan UKCSSF-nin illik büdcəsi təqribən 850 milyon funt-sterlinqdir. Buradan 50 min funt-sterlinq hər il stabil olaraq “JAMnews” üçün ayrılır. Amma portal özünün maliyyə yükünü daha çox ABŞ və digər Avropa fondlarından götürür. ABŞ-nin Gürcüstandakı Səfirliyi, Milli Demokratiya Fondu, Avropa Demokratiya Fondu, COBERM, FPU (Free Press Unlimited), BST və başqaları tərəfindən dəstəklənir.
“JAMnews” redaksiyasının maliyyə qaynağı kimi informasiya siyasəti də kənardan formalaşır. İşçiləri deyirlər ki, yazıları öncə Londona göndərilərək məzmunu razılaşdırılır. Bəyənildikdən sonra redaktorlara yönləndirilir və saytda yayımlanır. Bir sözlə, “JAMnews” konkret mərkəzlərdən, fondlardan verilən tezislər əsasında işləyir. Təsisçilər onu ictimai rəyi manipulyasiya etmək üçün alət kimi yaradıblar. Səhifələrində “obyektiv”, “qərəzsiz” informasiyalar deyil, öz siyasətlərinə, niyyətlərinə uyğun gələn məlumatları yayırlar.
Portalın Azərbaycana yanaşması da bu kontekstdədir. Saytda ölkəmiz haqqında əsasən neqativ, həm də saxta xəbərlər yayılır. Pozitiv ruhlu informasiyalar bloklanır. Məsələn, fevralın 23-də Ermənistan silahlı qüvvələri şərti sərhəddə Azərbaycanın mövqelərini atəşə tutdular. Azərbaycan Müdafiə Nazirliyi “iki ölkə arasında gərginliyin azaldılması, sabitliyin qorunması naminə cavab tədbirləri görmədi”. Azərbaycan bu fakt üzrə xoşmərmalı davrandı. Regionda sülhün qorunması naminə qarşıdurmadan yayındı.
Məntiqli olardı ki, sözdə sülhü təbliğ edən beynəlxalq media subyektləri, o cümlədən “JAMnews” Azərbaycanın jestinə həssas yanaşardılar. Sülhün, sabitliyin təmin edilməsi naminə atılmış bu addımı təqdir edərdilər. Ermənistanın da bənzər addımlar atmasını stimullaşdıran məqalələr hazırlayıb yayardılar. Axı “JAMnews” öz məramnaməsində qeyd edir ki, o, Cənubi Qafqazda sülhü dəstəkləyir. Amma 23 fevral olayına münasibətdə əksinə davrandılar. “JAMnews” və onun daxil olduğu şəbəkə fakta diqqət ayırmadı. Portalın səhifəsində axtarış aparsanız, 23 fevral insidenti üzrə Azərbaycanın mövqeyini ifadə edən informasiya tapmazsınız.
Müqayisə üçün qeyd edək ki, “JAMnews” redaksiyası 23 fevral insidentindən 10 gün öncə - fevralın 13-də baş vermiş eyniməzmunlu hadisəyə xüsusi diqqət yetirib. Sünik vilayətinin Nerkin Hand kəndi istiqamətində Azərbaycan silahlı qüvvələrinin Ermənistan tərəfinin təxribatlarına cavab verməsini detallı şəkildə təsvir edib.
Həm 13 fevral, həm də 23 fevral insidentlərinin motivi eynidir. Hər iki halda təxribat Ermənistan silahlı qüvvələri tərəfindən törədilib. “JAMnews” onlardan birinə yer ayırıb, digərinin üzərindən keçib. Səbəb budur ki, 13 fevral insidenti Azərbaycan tərəfindən uyğun şəkildə cavablandırılıb. “JAMnews” da bu məqama istinad edərək, Azərbaycanı tənqid etmək üçün “əsas” tapıb və insidenti geniş şəkildə işıqlandırıb. 23 fevral təxribatı isə Azərbaycan tərəfindən cavabsız buraxılıb. Əgər 23 fevral insidenti üzrə informasiya yaysaydılar, Azərbaycanın Qafqazda sülh üçün çalışdığı bilinəcəkdi və ölkəmiz müsbət obrazda görünəcəkdi. Amma bu məzmunda informasiya yaymaq “JAMnews” üçün yasaqdır. Onların gerçək məqsəd və məramlarına cavab vermir.
Faktlara bu cür ikili yanaşma “JAMnews” xəbər portalını maliyyələşdirən mərkəzlərin siyasətindən qaynaqlanır. Həmin mərkəzlər Azərbaycanda etnik separatizmi, Cənubi Qafqazda münaqişələri təşviq edirlər. Öz siyasətlərinə uyğun olaraq, informasiyaları baş-ayaq verirlər. Ermənistanı “sülh istəyən” ölkə kimi təbliğ edirlər. Azərbaycanı isə “işğalçı ölkə” kimi tanıtmağa çalışırlar. “JAMnews” da öz səhifələrində bu siyasətə dəstək verir. Azərbaycanda separatizmi təşviq edən materiallar yayımlayır. “Qarabağ” regionu “JAMnews”un saytında hələ də “Nagorno Karabakh” adı ilə müstəqil, Azərbaycandan ayrı subyekt kimi göstərilir.
Həm də bu kateqoriyanın deaktiv edilməsi yaddan çıxmış, unudulmuş hal deyil. “Nagorno Karabakh” kateqoriyası üzrə xəbərlər bu gün də yenilənir. Çalışırlar ki, “Qarabağ problemi” həll edilməmiş mövzu kimi görünsün, beynəlxalq ictimaiyyətin diqqətində qalsın.
“Qarabağ” kateqoriyası üzrə verilən xəbərlər Azərbaycana qarşı nifrət, Ermənistana rəğbət yaratmağı hədəfləyir. Məsələn, 02 fevral 2024 tarixdə verilmiş xəbərin başlığı belədir: “Paşinyan sülh axtarır, Əliyev isə müharibəyə hazırlaşır”. Növbəti xəbər isə “Qarabağ ermənilərinin hekayələri və xatirələri” adlanır. Bu cür məqalələrlə regionda barışı yox, qarşıdurmanı təşviq edirlər. Təkcə “Nagorno Karabakh” kateqoriyası üzrə yerləşdirilmiş xəbərlər deyil, “JAMnews”un bütün səhifələri anti-Azərbaycan ovqatlıdır. Orada ölkəmizə qarşı yönəlik hərçeşidli şər və böhtana rast gəlmək mümkündür.
“JAMnews” redaksiyasında çalışan azərbaycanlılar...
Paradoksal haldır ki, “JAMnews” redaksiyasında çox sayda azərbaycanlılar çalışır. Məsələn, saytın Azərbaycan redaksiyasının redaktoru postunda Hüseyn İsmayılbəyli və Şahin Rzayevin (jurnalist) adları görünür. Statuslarına uyğun olaraq, Azərbaycan haqqında verilən informasiyalar onların baxışından keçir.
Yaxud, Zöhrab İsmayıl (REAL partiyasının üzvü), Cavid Qara ("Camping Azerbaijan" MMC-nin direktoru, ekofəal), Arzu Qeybulla (AİW-Azerbaijan Internet Watch sədri), və digərləri “JAMnews”un “ekspertləri” kimi çıxış edirlər. Azərbaycan üzrə saxta, mübahisəli xəbərlər onların “ekspert rəyi” ilə legitimləşdirlir.
Sayları kifayət qədər çoxdur. Buna rəğmən, portalın anti-Azərbaycan siyasətinə laqeyiddirlər. Özlərinin “ekspert rəyləri” ilə bu siyasətə haqq qazandırırlar. Hətta bir çox antimilli yazıların altında müəllif kimi imzaları görünür.
Düzdür, bu adamlar “JAMnews” redaksiyasında çalışmaq üçün xüsusi meyarlar üzrə seçilib müəyyənləşdirilirlər. Portalda əməkdaşlıq etmək üçün əsas meyar tənqidi mövqeyi ilə tanınmaq, yaxud müxalifət partiyalarından birində təmsil olunmaqdır. Amma müxalif, tənqidçi mövqedə olmaq milli maraqların üzərindən xətt çəkmək anlamına gəlmir. Görünən budur ki, “JAMnews”la əməkdaşlıq etməyin əlavə “meyarları” da vardır. Qarabağ probleminə loyal yanaşmaq, milli maraqlardan kənar durmaq onların seçilməsi üçün əsas prinsiplərdəndir.
“JAMnews” redaksiyasının əməkdaş seçimində bu cür neqativ “meyar” və “prinsiplərə” söykənməsinin səbəbləri bəllidir. Səbəblər barədə yuxarıda bilgi verdik. Redaksiyanı maliyyələşdirənlərin məqsədi Cənubi Qafqazda sülhü, barışı təşviq etmək, obyektiv, qərəzsiz informasiyalar yaymaq deyil. Əksinə, niyyətləri münaqişələri gücləndirmək, yerli dövlətləri konfliktə cəlb etmək, zəiflətmək, sonucda “barışdırıcı” adı ilə bölgəyə gəlib öz maraqlarını təmin etməkdir. Bəs bu siyasətə xidmət edən, antimilli ruhlu məqalələrə imza atan azərbaycanlı jurnalistlərin, ekspertlərin niyyəti nədir?
Sualın cavabını araşdırarkən yeni, maraqlı faktlar ortaya çıxır.
“OC media” və GİPA - ABŞ-nin Cənubi Qafqazda kadr labaratoriyası
Qərb dövlətlərinin, xüsusən ABŞ-nin Cənubi Qafqaz üzrə formalaşdırdığı regional statuslu mərkəzlərin sayı çoxdur. İdeoloji işi nəzarətdə saxlamaq, ictimai rəyi Qərbin istəklərinə uyğun formada yönləndirmək baxımından bu mərkəzlər mühüm rol oynayırlar. “JAM-news.net” xəbər portalı Qərb dairələrinin Cənubi Qafqaz üzrə formalaşdırdıqları mərkəzlərdən yalnız biridir. “Euroasianet.org”, “OC media” (Open Caucasus Media), GİPA (Georgian Institute of Public Affairs) və digərləri də eyni funksiyanın daşıyıcılarıdır.
Əksəriyyəti Gürcüstanda mənzillənmiş bu mərkəzlərin imkanları genişdir. Kadr resurslarının tapılması, yerli əhali ilə canlı təmas imkanları, bölgə dövlətlərində informasiya çatımlığı baxımından regional statuslu mərkəzlər cəlbedicidir.
Bu KİV, QHT və Fondların funksiyaları təkcə informasiya yaymaqla məhdudlaşmır. Onlar Qafqaz dövlətlərində Qərb siyasətinə boyun əyən auditoriyanın formalaşdırılmasında, uyğun kadrların seçilib müəyyənləşdirilməsində, bəslənilib yetişdirilməsində və yönləndirilməsində mühüm rol oynayırlar.
Bu kontekstdə onların hədəfləri, mahiyyət və niyyətləri oxşar, bəzən təkrarlanandır. Məsələn, “JAM-news.net” kimi “OC media” da KİV qurumudur. Yaydığı informasiyaların məzmunu “JAM-news”la eynidir. Azərbaycana aid informasiyaları büsbütün neqativ ruhludur. Hətta maliyyə mənbələri də demək olar ki, eynidir. “JAM-news”u maliyyələşdirən fondların əksəriyyəti “OC media” üçün də sponsorluq edirlər.
Hətta gündəlik işi koordinasiya edən fiqurlar da eynidir. Yuxarıda adını çəkdiyimiz şəxslərdən biri Arzu Qeybulla da həmçinin. O, “JAMnews”də ekspert, “OC media”da yazar, GİPA-dan məzundur.
Bu qədər bənzərliyə rəğmən, adıkeçən qurumların bəzi özəl missiyaları da mövcuddur. Məsələn, Qafqaz Jurnalistika və Media İdarəetmə Məktəbi (GIPA-nın nəzdində mövcud olan 4 departamentdən biri) Qərb siyasətinə alət olan yerli kadrların “təlim-tədris” ehtiyaclarını ödəyir. Məktəbdə təhsil alan tələbələr Qafqaz ölkələrində yerli müxalifət partiyalarının təqdimatı əsasında əvvəlcə ABŞ-nin həmin ölkə üzrə səfirliyində “müsabiqədən keçirlər”. Daha sonra ABŞ səfirliyinin zəmanəti ilə GIPA-ya göndərilirlər. Burada pulsuz təhsil və təqaüdlə təmin edilirlər.
GİPA-nın jurnalistika bölümündə təhsil alan “tələbələr” “OC media”da təcrübə keçirlər. İnformasiya emalı, informasiya manipulyasiyaları və informasiya təxribatları üzrə təkmilləşdirilirlər. “OC media” redaksiyasında çalışmaq onlar üçün təcrübə toplamaqdan başqa, həm də əlavə maliyyə mənbəyi rolunu oynayır. GİPA-da tələbə təqaüdü, “OC media”da isə maaş və qonorarla təmin edilirlər. Öz ölkələrindən nə qədər çox neqativ informasiya yazsalar, bir o qədər artıq qonorar qazanırlar.
“Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu” (Soros Fondu) da uzun illər ərzində GİPA tələbələri üçün xüsusi təqaüd proqramları reallaşdırıb. Tələbələri öz ölkələrindən neqativ informasiya yazmaq üçün stimullaşdırıb.
Beləliklə, yetkinlik yaşlarından GİPA və “OC media” auditoriyalarına gətirilən “yerli milli kadrlar”ın burada beyinləri yuyulur. Onlar antimilli ruhda yetişdirilirlər. İlk 2 mərhələdə - GİPA və “OC media” platformalarında özünü doğruldanlar növbəti mərhələdə “JAMnews” redaksiyasına, oradan da digər platformalara ötürülürlər.
Arzu Qeybullanın karyerası bu mövzuda yaxşı nümunədir. Onun radikal anti-Azərbaycan mövqedən çıxış etməsi, “erməni şəbəkəsi” ilə əməkdaşlıqda olması, təmsil olduğu digər bütün platformalarda Azərbaycana qarşı proqramları icra etdiyi barədə Azərbaycan KİV-də geniş məlumat təqdim edilib.
Arzu Qeybulla timsalında çox saylı nümunələr mövcuddur. GİPA - “OC media” - “JAMnews” platformasında “təlim-tədris” və “iş təcrübəsi” keçən “milli kadrların” əksəriyyəti Arzu Qeybullanın yolunda yürüyürlər. Azərbaycanda adı skandalda hallanan məşhur “gənc ictimai fəalların” əksəriyyəti bu məktəbin yetişdirmələridir. Ölkədə pis mənada ad qazanmış qeyri-ənənəvi təmayüllərin - “Radikal Feminist”, “Saxta Pasifist”, “LGBT+” liderlərinin böyük bir qismi ya GİPA məzunu, ya da “OC media” və “JAMnews”la əməkdaşlıq edən şəxslərdirlər.
Adları bu kontekstdə məşhur olan radikal feministlərdən Nərmin Şahmarzadə, Fatimə Mövlamova, LGBT fəalı Vahid Əliyev, skandallı davranışları ilə gündəm olmuş siyasi fəal Qiyas İbrahimov və digər 10-larla gənc hazırda “OC media”nın əməkdaşlarıdırlar. Haqverdi Alina, Nigar Musayeva və digər 10-larla gənc isə artıq prosesi tamamlayaraq, daha yüksək platformaların - “Azadlıq radiosu”, “Meydan TV”, “Amerikanın səsi”nin işçilərinə çevriliblər. Məlumat üçün qeyd edək ki, bu gün beynəlxalq təşkilatları bir-bir gəzib Azərbaycan əleyhinə sanksiyalar tətbiq etməyə səsləyən “hüquq müdafiəçisi”, Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun sədri Emin Hüseynov də GİPA məzunlarından olub.
Cənubi Qafqazda tətbiq edilmiş GİPA - “OC media” - “JAMnews” layihəsi Qərb üçün uğurlu alındığı üçün indi onun daha böyük arealda tətbiq edilməsinə başlanılıb. Bu məktəbin yetişdirmələri indi paralel şəkildə Mərkəzi Asiya istiqamətinə göndərilirlər.
Məsələn, “Euroasianet.org” Cənubi Qafqazla yanaşı, həm də Mərkəzi Asiya üzrə ixtisaslaşmış xəbər portalıdır. Rus və ingilis dillərində xəbər hazırlayıb yayır. ABŞ-nin Kolumbiya Universitetinin Harriman İnstitutunda yerləşir. Açıq Cəmiyyət İnstitutu - Soros Fondu, NED, Böyük Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi tərəfindən maliyyələşdirilir. Onun da informasiya siyasəti antimilli, o cümlədən anti-Azərbaycan ruhludur. “Euroasianet.org”un Azərbaycan redaksiyasının rəhbəri Heydər İsayevin ad-soyadından başqa azərbaycanlıya oxşarlığı yoxdur. Ruhu elə söndürülüb ki, ermənilərdən daha kəskin rəqibə çevrilib. Lilit Şahverdyanla müştərək hazırladığı, imza atdığı və “Euroasianet.org” saytında yayımladığı məqalələrdən birinin başlığı belədir: “Azərbaycanlılar Qarabağa gedən yolu yenidən bağlayıblar”.
Təsadüfi deyil ki, Heydər İsayev də GİPA məzunudur. Paralel şəkildə “OC Media”, “Azadlıq radiosu”, “Meydan TV” ilə əməkdaşlıq edib. Saytın digər əməkdaşı isə hazırda İstanbulda yaşayan məşhur fotoqraf Rəna Əfəndidir.
Müşahidələr göstərir ki, GİPA - “OC media” - “JAMnews” məktəbini keçən gənclər nəinki öz dövlətlərinə sevgi bəsləmirlər, onlarda, həmçinin milli şüur, milli əxlaq və milli dəyərlərə hörmət hissi məhv edilir. Bu gənclər Avropa mədəniyyətinin deyil, ABŞ və ümumilikdə Qərbin islamofob, irqçi, müstəmləkəçi mərkəzlərinin siyasətinin müdafiəçisinə çevrilirlər. Onlara “öz fikir və düşüncələrini” daha geniş auditoriyada yaymaq üçün imkanlar yaradılır. KİV, QHT, Fond, qrant layihələri təmin edilir. Bu minvalla Cənubi Qafqazda Qərbdən gələn neokolonializm siyasətini məmnuniyyətlə qəbul edən kütlə yetişdirilir.
Qərbin, xüsusilə ABŞ-nin Cənubi Qafqaz üzrə formalaşdırdığı mərkəzlərin araşdırılması, bu mərkəzlər vasitəsilə törədilən fəsadların qarşısnın alınması faydalı olardı.