18 qrupda Xədicə İsmayılın missiyası...

18-qrupda-xedice-ismayilin-missiyasi
Oxunma sayı: 12129

“Qurium” şirkətinin adı Azərbaycanda məşhur deyil. Digər bir şəbəkə - OONİ platforması da bu qəbildəndir. Əksər hallarda koordinasiya edilmiş formada fəaliyyət göstərən bu 2 təşkilatın - OONİ (Şəbəkə Azadlığına Müdaxilələr üzrə Müşahidə) və “Qurium”un adları ciddi diqqət çəkməyib. Hansı ki Azərbaycana yönəlik proqramlarının sayı kifayət qədər çoxdur.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Qurium” İsveçdə qeydiyyatdan keçmiş qeyri-kommersiya fondudur (https://www.qurium.org/history/).

2009-cu ildə yaradılmış “VirtualRoad.org ”saytının bazasında 2014-cü ildə yenidən formalaşdırılıb. Öz adı, loqosu və fəaliyyət proqramı ilə geniş müstəviyə çıxıb. Rəsmi qeydiyyat ünvanının İsveçdə olması şərti xarakter daşıyır. Əsas hədəfləri xaricə, o cümlədən, Azərbaycana istiqamətlənib. İlk maliyyə qaynağı Danimarkanın “Beynəlxalq Media Dəstəyi” (İMS) olub. Sonradan daha geniş mənbələrə çıxıb.

“Vətəndaş cəmiyyəti, söz azadlığı və internet təhlükəsizliyi” üzrə yardım göstərmək “Qurium”un əsas missiyasıdır. Digər təşkilatlardan fərqi budur ki, yardımı texniki dəstək formasında, həm də öz mütəxəssisləri vasitəsilə çatdırmağa üstünlük verir.

Amma təşkilatın qeydiyyat ünvanı kimi onun missiyası barədə yazılanlar da şərti xarakter daşıyır. “Vətəndaş cəmiyyəti, söz azadlığı və internet təhlükəsizliyinə yardım” deyəndə bunu geniş ölçüdə nəzərdə tutmur. Məhdudlaşdırıcı şərtləri var. Yalnız “müxalifət mövqeli media” qurumları, “etiraz etməyi bacaran QHT-lər”, “alternativ güc mərkəzi kimi çıxış etməyi bacaran siyasi təşkilatlar” “Qurium”dan dəstək ala bilərlər.

Şərtlərinə uyğun gələn təşkilatların virtual məkanda texniki təminatını öz üzərlərinə götürürlər. Ayrı-ayrı ölkələrdə müxalifət mövqeli qurumlar - KİV, QHT, siyasi partiyalar üçün yüksək texniki göstəricilərə malik saytların qurulması və təhlükəsizliyinin qorunması, hostinq təminatı, sosail şəbəkə hesablarının idarə edilməsi və sair bu kimi məsələlər böyük mənada “Qurium” mütəxəssisləri vasitəsilə gerçəkləşdirilir. Hazırda 50 ölkədə bu xidməti göstərirlər. Azərbaycan, Şri-Lanka və Birmada isə xüsusi proqramlar icra edirlər.

“Qurium”un himayəsində olan təşkilatlara qarşı hər hansı bir şübhə oyanarsa, hüquqi araşdırma, izləmə halı və ya təhdid olarsa, həmin məqamda OONİ dövriyyəyə girir. OONİ də bu yöndə ixtisaslaşıb: işi “əməkdaşlıq etdikləri təşkilatı təhdiddən qurtarmaq” üçün addımlar atmaqdır. “Filan ölkədə internet azadlığı pozulur” deyə başladılan beynəlxalq kampaniyaların bir mənbəyi də OONİ üzərinə dayanır. Öz partnyorlarını təmizə çıxarmaq üçün “internet azadlığına basqı var” formasında kampaniya aparırlar. Azərbaycandan “Abzas Media”, “Azadlıq” və digərləri daxil olmaqla, 20-yə yaxın saytın adı onların siyahılarında görünür. 

Maliyyə mənbəyi və şərtlər...

Bütün bu proseslərin maliyyə qaynağı ABŞ fondlarına dayanır. Mexanizm belədir: ABŞ Dövlət Departamenti Xarici Əməliyyatlar və Əlaqədar Proqramları üzrə  Qlobal Media Agentliyinə (USAGM) illik maliyyə ayırtdırır. USAGM isə, öz növbəsində, qrant ayırmaları adı ilə OTF (Açıq Texnologiyalar Fondu) adlı təşkilatı  maliyyələşdirir. Bu, kifayət qədər böyük məbləğdir. Məsələn, 2023-cü ildə Konqres “qlobal miqyasda internet azadlığını təşviq etmək üçün” proqramlar üzrə 90.5 milyon dollar vəsait ayırıb ki, bunun da 40 milyon dolları OTF-ə yönləndirilib (https://www.opentech.fund/about/about-our-funding). OTF isə, öz növbəsində, bu maliyyəni OONİ, “Qurium” və şəbəkədən olan digər təşkilatlara çatdırır.

OTF-nin məramnaməsində deyilir: “Senzuraya etiraz edənlərə, repressiv nəzarətə qarşı mübarizə aparanlara texnoloji dəstək vermək, internet azadlığını inkişaf etdirmək OTF-nin əsas məqsədidir”. Yəni, OTF internetin texnoloji inkişafını dəstəkləməklə yanaşı, həm də ayrı-ayrı dövlətlərdə internet azadlığının vəziyyətini dəyərləndirir. İnternet azadlığı üzrə ölkələrin reytinq cədvəllərini hazırlayır, hesabatlar tərtib edir. Amma bu, işin görünən tərəfidir. Niyyət bir az fərqlidir. Hansısa ölkədə ABŞ-nin sifarişlərini icra edən yerli partnyor təşkilatın fəaliyyəti şübhə doğurarsa, hüquqi araşdırmaya məruz qalarsa, OTF dərhal bu ölkənin adını “internet azadlığının pozulduğu dövlətlər” siyahısına daxil edir. İnandırıcı olmaq üçün ardıcıllıq yaradıblar. AİW hadisə barədə “həyacan təbili çalır”, ardınca OONİ “detallı təsvir verir”, OTF bəyanat verir, “Freedom House” isə illik hesabatında bu faktlara istinad edir. Beləliklə, ABŞ-nin hədəfində olan dövlətlərin adları üzərində beynəlxalqmiqyaslı manipulyasiyalar aparılmasına zəmin hazırlayan daha bir platforma ortaya çıxır (https://www.opentech.fund/about/values-principles/).

Bəs hədəf ölkələrdə partnyorları necə seçirlər? Kadrları necə müəyyənləşdirirlər? Ölkələr üzrə əməkdaşlıq etdikləri təşkilatları lazımi anda necə hərəkətə gətirirlər?

Prosesin ən maraqlı hissəsi də bu məqamdan başlayır. Faktları uzlaşdıranda belə nəticə çıxır ki, onlar hər bir ölkə üzrə rəyverici və koordinasiyaedici qrup  müəyyənləşdiriblər. OTF, OONİ və  “Qurium”un  Azərbaycan üzrə əsas partnyorlarından biri  AİW-dir (Azerbaijan Internet Watch) (https://www.az-netwatch.org/about/). Onun rəhbəri isə Arzu Qeybulladır. ABŞ-dən uzanan bu xəttin sonucda AİW və Arzu Qeybulla üzərində dayanması təsadüfi deyil. Seçim meyarı budur ki, Arzu Qeybullanın karyerası Türkiyə ermənilərinin qəzeti olan “Aqos”da formalaşıb. Öz fəaliyyətində erməni xəttini daim inkişaf etdirib.

Yerli koordinatorların öhdəlikləri

USAGM-OTF-AİW-Qurium-OONİ- “AbzasMedia”/“Azadlıq” və digərləri arasındakı koordinasiya barədə təsvir olunanlar yalnız bir qrupun nümunəsidir;  bir istiqaməti - internet sahəsini ehtiva edir. Əslində isə Azərbaycan əleyhinə formalaşdırılmış təbliğat şəbəkəsi çoxlu sahələri əhatə edən böyük və bütöv bir mexanizmdir. Hər sahə üzrə qruplar mövcuddur. Sayları kifayət qədər çoxdur. Son dövr məlumatlarına görə, Azərbaycanın daxilində bu kontekstdə 18 qrup formalaşdırılıb.

Bu qruplar insan haqları, media, QHT, siyasi mühit, seçkilər, iqtisadi vəziyyət, gender, cinsi azlıqlar və sair kimi ən müxtəlif sahələr üzrə təsnifatlaşdırılıblar. Təhkim olunduqları sahələr üzrə monitorinq aparmaq, hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara göndərmək, skandallı mövzular tapıb ictimailəşdirmək, zəruri anda aksiyalar təşkil etmək kimi öhdəlikləri var.

Bu qrupların hər birinin ideya verənləri, koordinatorları və icraediciləri var. Yəni, bir növ muxtariyyət statusuna malikdir. Fəaliyyətləri üst qatda əlaqələndirilir.  Qruplar arasında əlaqə qurmaq, şəbəkə formasında hərəkət etmək, maddi-texniki baxımdan təminat, nəzarətdə saxlamaq, ideoloji yön vermək üçün iyerarxik sistem qurulub.

Bir məqam da var ki, şəbəkənin üzdə görünən üzvləri sıravi icraçılardır. Onlar bir növ “qurbanlıq” kimi bəslənilənlərdir. Hansısa qrupun fəaliyyəti şübhə doğuranda, haqqında hüquqi araşdırmalar başladılanda, həmin “sıravilər” qabağa verilirlər. Əsas koordinatorlar, rəhbərlər, istiqamət verənlər özləri isə arxa fonda qalırlar, şəbəkənin işini davam etdirirlər. “Abzas Media” redaksiyası ətrafında gedən proseslər bu istiqamətdə yeni faktlar verir.

“Abzas Media”, “Toplum TV” və AİW-i birləşdirən xətt

“Abzas Media” işi üzrə bəyanat yaymış, bu prosesə görə  Azərbaycan dövlətini tənqid etmiş beynəlxalq təşkilatların açıqlamalarını araşdıranda belə nəticə çıxır ki, onların əksəriyyəti öz bəyanatlarında Arzu Qeybullaya istinad ediblər. Arzu Qeybullanın bu mövzuda açıqlamaları isə ölkə içində fəaliyyət göstərən “Toplum TV”-nin mövqeyi ilə üst-üstə düşür. Hətta AİW, “Toplum TV” və “Jurnalistləri Müdafiə Komitəsi” (ABŞ) eyni mətni, eyni tezisləri paylaşmış kimi görünürlər.

 “Toplum TV” redaksiyası, həmçinin, onun baş redaktoru və təsisçisi  “Abzas Media” ətrafında başladılan hüquqi araşdırmalara mane olmaq üçün ən müxtəlif vasitələrə əl atdılar. İstintaq işini aparan hüquq-mühafizə orqanları haqqında böhtan xarakterli məlumatlar yaydı. “Abzas Media” əməkdaşlarının qaçaqmalçılıqda əlinin olmadığını əsaslandırmaq üçün kampaniya apardılar. Hüquq-mühafizə orqanları “Abzas Media” əməkdaşlarının qanunsuz qrant dövriyyəsində iştirak etdiklərini təsdiqləyən faktları ictimailəşdirəndə isə “Toplum TV” öz taktikasını dəyişdi. Bu taktika barədə aşağıda məlumat verəcəyik. İndiki məqamda “Toplum TV”-nin “Abzas Media” işində narahatlılığına səbəb olan məqamlara aydınlıq gətirək.

“Toplum TV”nin baş redaktoru Xədicə İsmayıldır. Onun karyerasındakı ziddiyyətlər ölkə ictimaiyyətinə məlumdur. “Abzas Media” mövzusunda xüsusi aktivlik etməsinin səbəbləri də həmin “ziddiyyətlərdən” qaynaqlanır. Xədicə İsmayılın xarici qrantlar üzrə maxinasiyalar, yeyinti, israf, hüquqpozma işlərində əli var. Bu sahə üzrə haqqında hüquqi araşdırma aparılmış və ölçü götürülmüş ilk şəxslərdən biridir.  “Azərbaycan Respublikasının və xarici qeyri-hökumət təşkilatlarının  filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları üzrə cinayət işi”ndə adı rəsmən şübhəli  bilinib. CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2, 125-ci maddələri ilə istintaq edilib. 2015-ci ildə haqqında hökm çıxarılıb. Hökmün mətnində qeyd edilir ki, Xədicə İsmayıl səlahiyyətli şəxs olaraq “Azadlıq Radiosu” redaksiyanın əməkdaşlarını 14 faizlik gəlir vergisindən yayındırıb. Bunun əvəzində 0.4 faiz sadələşdirilmiş vergi ilə mülki müqavilələr bağlayaraq onlara 179.926 manat məbləğində pul vəsaiti ödənilməsini təmin edib. Həmin vəsaitin yalnız 7.197 manatını sadələşdirilmiş vergi kimi büdcəyə cəlb etdirib, 17.992 manatı isə vergidən yayındıraraq mənimsəyib. İbtidai istintaq sənədlərində qeyd edilir ki, “İsmayılova Xədicə Rövşən qızı 26 iyun 2008-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əsasən, 01 iyul 2008-ci ildən qeyri-kommersiya təşkilatı olan «Azad Avropa/Azadlıq Radiosu»nun (RFE/RL) Azərbaycandakı nümayəndəliyinin Bakı şəhərində Büro Rəhbəri kimi əmək kollektivinə, iş sahələrinə, ayrı-ayrı şəxslərin fəaliyyətinə rəhbərliyi həyata keçirib. Səlahiyyəti dövründə kadrların seçilməsi, işin planlaşdırılması, tabeçiliyində olan şəxslərin əmək fəaliyyətinin təşkili, maliyyə vəsaitlərinin təyinatının müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.-ci maddəsini pozmuşdur”.

Problem ondadır ki, Xədicə İsmayıl 2015-ci ildə verilmiş hökmdən nəticə çıxarmayıb. Bu əməlinə görə müəyyən müddət məhkumluq həyatı yaşamasına rəğmən, əməllərini davam etdirib. Həbsdən çıxdıqdan sonra, hətta öz fəaliyyətini daha da genişləndirib. Həmin vaxt Xədicə İsmayıl bir quruma -  “Azadlıq Radiosu” na cavabdehlik daşıyırdısa, bu gün səlahiyyətləri genişləndirilib. O, indi  təkcə “Toplum TV”-nin baş redaktoru deyil, həm də yuxarıda adı keçən “18 qrup”dan birinin koordinatorlarındandır. Düzdür, TV-dəki vəzifəsi də mənsub olduğu şəbəkə üçün çox mühümdür. Efirdən istifadə edərək Azərbaycana qarşı yönəlmiş bütün qondarma ittihamları auditoriyaya çatdıra bilir. Məsələn, bu günlərdə bütün diqqəti ona yönəlib ki, Avropa Şurası Parlament Assambleyasında baş vermiş insidentə görə Azərbaycan nümayəndə heyətini günahkar çıxarsın. AŞPA-da anti-Azərbaycan qətnaməsini dəstəkləyənlərin hamısının nitqini “Toplum TV”də yaydırıb. Amma ölkəmizin həqiqətlərini çatdıran bircə dənə məqaləyə yer verməyib. Yaxud “Abzas Media” əməkdaşlarının “günahsızlığını” isbat etmək üçün əhatəli kampaniya aparıb. Azərbaycan üzrə antitəbliğat şəbəkəsinin nə qədər tezisləri varsa, hamısı “Toplum TV”-nin saytında işıqlandırılıb.

Amma bu, Xədicə İsmayılın şəbəkə üzrə fəaliyyətinin bir istiqamətidir. “Feministlər aksiyası” oldusa, Xədicə İsmayıl lider qismində çıxışçıdır. “Siyasi partiyalar haqqında qanun” yeniləndisə, Xədicə İsmayıl tənqidçi prosesin içindədir... Eyni münvalla hansı sahədə neqativ tapıb qabartmaq, faktları baş-ayaq təqdim etmək  lazım olursa, Xədicə İsmayıl oradadır. O, qrup koordinatoru qismində proseslərdə iştirak edən “açar şəxslər”dən biridir. “Azadlıq Radiosu”nda sınaqdan keçirdiyi maxinasiyaları indi daha geniş arealda tətbiq edir. Qrant müqaviləsi üzrə qanuni qeydiyyatdan yayınmaq, qrant vəsaitini  “xidmət müqaviləri” ilə xərcləmək metodu indi Azərbaycanda iş quran bütün beynəlxalq donorların əsas prinsipinə çevrilib.

Qərb institutları anti-Azərbaycan təbliğatı ilə məşğul olan şəbəkəni həm maddi, həm də texniki baxımdan təmin edirlər. Azərbaycan mediası indiyədək onların maddi təminatı barədə çoxsaylı məqalələr dərc edib. Qanunsuz qrantların ölkəyə gətirilib realizə edilməsi barədə araşdırmalar aparıb. Amma məsələ təkcə maddi təminatla yekunlaşmır. İşin texniki təminat, təlim, tədris, idarəetmə və sair istiqamətləri var. İnsanları bu şəbəkələrə necə cəlb edirlər, öz ölkələri əleyhinə işləmək üçün necə məcbur edirlər, şəbəkə üzvlərinin “peşəkarlığını”, texniki  bacarıqlarını necə inkişaf etdirirlər, “təhlükəsizlikləri” necə təmin edirlər, tezisləri kimi müəyyənləşdirir, tapşırıqları kim verir, nəzarət necə qurulur? və sair kimi suallar açıq qalır. Bu barədə detallı materiallar hazırlanmayıb.

“Abzas Media” üzərində hüquqi araşdırmalar başladılanda şəbəkə üzvləri “həmkarlarını” müdafiə etmək üçün çoxlu tezislər yaratdılar. Təbliğat tezislərindən biri bu idi ki, “Abzas Medianın əməkdaşları olan Sevinc Vaqifqızı, Elnarə Qasımova və digərləri gəncdirlər. Bəziləri isə yetkinlik yaşına yenicə çatıblar”. Açıq tekstlə yazırdılar ki, onların məsuliyyətə cəlb edilməsi milli mentalitetə ziddir.

Fotoda Sevinc Vaqifqızı

“Milli mentaliteti ayaqladığına görə” Azərbaycan hüquq-mühafizə orqanlarını ittiham edirdilər. Amma heç kim demədi ki, “uşaq yaşında olan bu xanımları” qrant qaçaqmalçılığna  kim və necə cəlb edib? Sevinc Vaqifqızının indi 34 yaşı var. 21 yaşında “Azadlıq” qəzetində, 22 yaşında “Meydan TV”də işləyib. İlk skandalla da məhz həmin dövrdə üzləşib. 21 yaşlı gənci skandallı mövzulara necə istiqamətləndirdilər? Qrant qaçaqmalçılığına necə cəlb etdilər? Bu gəncləri təsirdə saxlamaq üçün hansı metodlardan istifadə edirlər? Bu suallara aydınlıq gətirilməsinə zərurət var.

Fotoda Elnarə Qasımova

Xədicə İsmayıl və qrupu “Abzas Media” üzrə araşdırmaların dərinləşməsindən narahatdırlar. Çünki sonda işin bir ucunun onlara bağlana biləcəyindən ehtiyatlanırlar.