“Kapital Bank” ın monopoliyasına - Zərbə

kapital-bank-in-monopoliyasina-zerbe-
Oxunma sayı: 718

AMB-nin Kommunikasiya departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, son dövrlərdə pensiyaların məbləğinin artırılması bankomatlarda nağd pul vəsaitinə, xüsusən də kiçik nominallı əskinaslara təlabatı artırıb.

Görüşdə bildirilib ki, hal-hazırda ölkədə pensiya və sosial müavinətlərin paylanılması DSMF tərəfindən seçilmiş iki müvəkkil bank tərəfindən həyata keçirilir. Pensiya və sosial müavinətlərin paylanılmasını bütövlükdə Bakı və Sumqayıt şəhərləri üzrə ABB, regionlar üzrə isə həm ABB, həm də Kapital Bank həyata keçirir. 01sentyabr 2011-ci il tarixinə olan məlumata görə ABB-nin 622 (Bakı ş. üzrə 354, regionlar üzrə 268) və “Kapital Bank 416 (Bakı ş. üzrə 108, regionlar üzrə 308) ədəd bankomatı əhaliyə xidmət göstərir.

Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və sosial müavinətlərin paylanılmasında çatışmazlıqların aradan qaldırılması və həmçinin bankomatların nağd pulla daha operativ təmin edilməsinin təşkili məqsədilə Mərkəzi Bankın dəstəyi ilə ölkə üzrə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqlarının yaradıldığını bildiriblər. Eyni zamanda bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranıb.
Müzakirələrdə pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması zamanı müasir texnologiyalardan - “SMS məlumatlandırma” xidmətindən istifadə olunması təklif olunub. Belə ki, aparılan müşahidələr onu göstərir ki, bir çox hallarda bankomatlar qarşısında uzun növbələrin yaranmasına səbəb pensiyaçıların pensiya və sosial müavinətlərin verilməsi ərəfəsində bankomatlarda balanslarının yoxlanılması ilə əlaqədardır. Bildirilib ki, bu xidmətin tətbiqi sayəsində pensiyaçıları pensiya və sosial müavinətlərin ödəniş kartı hesabına vəsaitin köçürülməsi barədə məlumatlandırılması mümkündür.

Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyevin bildirdiyinə görə, Mərkəzi Bank fəaliyyətini “dövriyyədə təmiz pul” siyasəti üzərində qurub və həm iqtisadiyyatı, həm də pensiyaçıları təmin etməyə kifayət qədər nağd pul ehtiyatına malikdir.

Görüşün yekununda pensiya və sosial müavinətlərin əhaliyə çatdırılmasında daha keyfiyyətli xidmətin göstərilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müxbir banklara pensiyaçılarının hər iki müvəkkil bankın bankomat şəbəkəsindən əlavə haqq ödəmədən istifadə etməsi imkanının yaradılması üçün müvafiq qiymətləndirmələrin aparılması, həmçinin pensiya və sosial müavinətlərin paylanılmasına cəlb edilmiş bankomatların nağd pulla, o cümlədən bir manatlıq əskinaslarla təmin edilməsi üçün zəruri addımların atılması tapşırılıb.

Həmçinin, DSMF-ə tövsiyyə olunub ki, pensiya və sosial müavinətlərin paylanması zamanı bankomatlar qarşısında növbələrin yaranmaması üçün pensiyaçılar arasında “SMS məlumatlandırma” xidmətinin geniş tətbiq edilməsi və eyni zamanda pensiyaların paylanmasının rayon və şəhərlər üzrə sürüşgən qrafiklə verilməsi imkanı yaradılsın. Eyni zamanda, pensiyaçılara göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə azad rəqabət mühitinin yaradılması məqsədilə pensiya, təqaüd və digər sosial ödənişlərin paylanması prosesinə cəlb olunmuş müvəkkil təşkilatların sayı artırılmalı, pensiyaçılara bu təşkilatlar arasında sərbəst seçim etmək imkanı verilməlidir.

Qeyd edək ki, sözügedən mövzuda bir neçə gün əvvəl “Qafqazinfo”da araşdırma getmişdi. Sayt pensiya və təqaüdlərin verilməsinin bir neçə bank arasında dolayısı ilə monopoliyada saxlandığını, bu durumun acınacaqlı vəziyyət yaratdığını çatdırmışdı.

Linkə bax

Nigar Məmmədli