Məlum olduğu kimi, bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası avqustun 1-dən etibarən ölkədə bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilməsi ilə məsələyə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur.
Açıqlamada qeyd olunub ki, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir.
Bəs bu proses necə tənzimlənəcək? Kartdan-karta mədaxil əməliyyatları zamanı tərəflərin qohum olması necə müəyyən olunacaq?

ABA-nın Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov saytımıza açıqlamasında bildirib ki, bu halda əməliyyatlar təhlil olunacaq: “Bank əməliyyatın sağlam xarakter daşımasını, risk əsaslı, ticarət xarakterli olub-olmamasını müəyyən etdiyi kimi, eyni formatda da ödəniş sistemləri operatoru üzərindən müştəriyə müraciətində əməliyyatın hansı formatda baş verdiyini dəqiqləşdirəcək. Əməliyyat sağlam xarakterlidir, ailə üzvünə köçürmədirmi – bu, zəruri məlumatlar müştəridən alındıqdan sonra təyin edilə biləcək. Kartlar eyni hesabla bağlıdırsa, məsələn, mən özüm öz adıma, eyni hesabıma bağlı kartlar alıramsa, bu halda təyin etmək rahatdır. Hesab məndədir, müştəri də məndədir. Ancaq fərqli hesablar arasında bunu texniki baxımdan ilkin mərhələdə müəyyən etmək mümkün deyil. Çünki onda qohum və ya yaxın olması yazılmır. Bu, o halda olur ki, bank onun təhlilini aparır, zəruri məlumatları müştəridən alır, ondan sonra müəyyənləşdirir”.
T.Rüstəmovun sözlərinə görə, həmin mədaxil əməliyyatı müştərinin müraciətindən sonra araşdırılaraq limitə daxil edilməyə bilər: “Tərəflərdən köçürmə zamanı qohumluq əlaqələrinə dair hər hansı bir məlumat tələb olunmur. Bu bizdə də, dünyanın hər hansı ölkəsində də belədir. Bu, kartdan-karta əməliyyatıdır və yaxud da ki, kartla ödənişdir. Orada qohumluq əlaqələrinə dair məlumat getmir. Əməliyyat icra olunandan sonra problem çıxdığı halda, kiminsə banka yaxınlaşması bildirəcək ki, bu, mütəmadi istifadə elədiyi kartıdır, öz qohumudur və yaxud da övladıdır. Həmin zəruri informasiya təsdiqlənəndən sonra bu müəyyən olunacaq”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər