Kəmaləddin Heydərov niyə nokautdan ayıla bilmir? - Təhlil

kemaleddin-heyderov-niye-nokautdan-ayila-bilmir-tehlil
Oxunma sayı: 1226





Mən bu yazını BBC Kəmaləddin Heydərova qarşı çıxanda yazacaqdım. Ancaq həmin vaxt mediada gedən kəskin müzakirələr və məsələnin hələlik xəbər kimi ortalıqda maraqlı olması gözləməyimə səbəb oldu. Demək olar ki, Azərbaycanda baş verən bütün irili-xırdalı olaylar kimi, bu hadisə də cəmi bir neçə gün gündəmdə oldu. Sonra hər kəs, hər şeyi unutdu və hamı öz işi ilə məşğul olmağa başladı. Üstündən üç ay keçəndən sonra bu dəfə məsələ AİBA-nın bir açıqlaması ilə yenidən gündəmə gəldi. AİBA iddia etdi ki, BBC televiziyası sentyabrda efirə verilən süjetdə 2012-ci ilin Olimpiya Oyunlarında qızıl medala sahib olmaq üçün Azərbaycanın AİBA-ya 9 milyon dollar rüşvət verməsi ittihamı əsassızdır. Guya Beynəlxalq Federasiya bununla bağlı, 5 nəfərdən ibarət xüsusi təhqiqat qrupu yaradıb. Araşdırmalar nəticəsində məlum olub ki, səslənən ittihamların heç bir əsası yoxdur və bütün bunlar sübuta yetirilməyib. AİBA fərdi sahibkar Həmid Həmidovun WSB liqasının Amerika zonasına investisiya qoymasını müəyyənləşdirib. Bu isə qanunla qadağan olunmur. Açıqcası AİBA-nın təkzibindən sonra düşündüklərimi yazmaq istəyim yenidən baş qaldırdı. Və yazdım da. Demək belə...

Kəmaləddin Heydərovun Azərbaycanda hakim elitada təmsil olunan ən nüfuzlu şəxslərdən biri olduğunu, tutduğu postdan asılı olmayaraq ölkədə söz sahibi sayılan cəmi beş-altı şəxsdən biri kimi tanındığını yəqin ki, bizim kiçik ölkəmizdə hər kəs bilir. Yəqin hər kəs həm də onun fərqindədir ki, Azərbaycanda yüksək vəzifədə işləməklə, böyük biznes imkanlarına sahib olmaqla, aparıcı biznes sahələrinə nəzarət etməklə bərabər, nüfuz qazanmaq, gündən-günə cəmiyyətdə ağıllı şəxs kimi tanınmaq, bütün tərəflərin qəbul etdiyi bir insana çevrilmək necə çətindir. Deyərdim ki, hətta müşkül işdir. Çünki, bu ölkədə çox az sayda adam tapmaq olar ki, əlindəki imkanlarla cəmiyyətdə harın təsiri bağışlamasın, ailəsi övladları ilə nümunəyə çevrilsin. Kiçik bir məqamı qeyd edim ki, Azərbaycanda az qala polis rəisi işləyən şəxslərin əksəriyyətinin övladlarının hansı hoqqalaradan çıxdığı bizim hər birimizə məlumdur. Hətta iri çaplı məmurların övladlarının da. Hansı ki, biz tez-tez onların uşaqlarının kimisə yolun ortasında güllələdiyini, hansısa vəhşi heyvanı kəsdirərək yediyini, dünyanın tanınmış ulduzlarını “AST Telman” sayağı gətizdirərək qabağında oynatdığının şahidi oluruq. Məhz belə bir şəraitdə böyük imkanlar sahibi olan Kəmaləddin Heydərovun övladlarının da özü kimi cəmiyyətdə xarizmatik təsir bağışlaması, xaricdə vətənpərvər gənclər kimi tanınması, hətta toylarını belə dəbdəbədən uzaq, sadə bir şəkildə keçirmələri diqqətdən yayına bilməz.

Bu arada bir məqamı da qeyd edim ki, mənim mətbuatda olduğum on ilə yaxın bir vaxt ərzində demək olar ki, hər gün hansısa qəzetin manşetində Kəmaləddin Heydərovun haqqında bu cür başlıqlar oxumuşam. - “Kəmaləddin Heydərova böyük zərbə”, “Heydərov çökdürüldü”, “FHN şefi baş nazir olacaq”, “Bəylər Əyyubov Kəmaləddin Heydərovu gülləlləyib”, “Heydərovun əmlakı siyahıya alınır” və s. kimi indiyədək heç bir halda reallaşmayan, həqiqi olduğu üzə çıxmayan və ən əsası Heydərovun imicindən bir tük belə qopara bilməyən manşetlər. Mən hətta bir dəfə jurnalistlərə demişdim ki, ölkədə gündəlik nəşr edilən və hər gün Kəmaləddin Heydərovdan yazan qəzetin illik manşetlərini toplayıb çap edəsən və yaranan ecazkar mənzərənin şahidi olasan... Axı necə redaksiya bir məmur haqqında iki gündən bir hər gün küçədə eşitdiyi xəbəri manşetə daşımaqla özünə qarşı bu qədər qeyri-ciddi imic yaratdığının fərqində olmaya bilər? Maraqlıdır ki, K. Heydərov da bugünə kimi haqqında yazılan heç bir yazıya görə hansısa jurnalisti hədələməyib, döydürməyib, heç məhkəməyə belə müraciət etməyib. Məhz məsələnin maraqlı tərəfi də buradan yaranmağa başlayır. Necə olur ki, haqqında yazılanlara reaksiyasızlığı ilə belə özünə xal qazanan bir insan birdən-birə BBC tərəfindən vurulur və bu beynəlxalq tele-şirkətin yazdığını uzun zaman müxtəlif yollarla təkzib etməyə çalışır? Belə demək mümkündürsə heç nəyə də nail ola bilmir. Boks Federasiyasının prezidentinin bu cəhdlərini rinqdə alınan gözlənilməz zərbə kimi də qiymətləndirmək olar. Belə zərbələr adətən rinqdəki idmançıların karyerasını da bitirir. Bu zərbədən sonra idmançılar nokautdan ayılsalar da, peşəkar karyera ilə vidalaşmalı olurlar...

BBC-Kəmaləddin Heydərov qalmaqalında zəif bəndin azərbaycanlı nazir olduğu göz önündədir. Həm biz “Qafqazinfo” olaraq, həm də digər mətbuat vasitələri bu rüşvət iddiası irəli sürüləndən sonra bütün xəbərləri obyektivliyi gözləyərək təqdim etmişik. Lakin indiyə kimi nə Kəmaləddin Heydərovun, nə AİBA prezidenti Çinq-Kuo Vunun, nə də ölkədəki müxtəlif səviyyəli ictimai-siyasi şəxslərin verdiyi açıqlamalar, reaksiyalar, təkziblər heç bir effekt verməyib, bu hadisənin şər-böhtan olduğuna cəmiyyəti bircə faiz də olsun inandıra bilməyib. Digər tərəfdən də BBC öz israrında davam edir...

Əvvələ qayıdaraq bir daha bildirmək istəyirəm ki, üstündən üç ay keçəndən sonra AİBA-nın məlum açıqlama ilə çıxış etməsi əslində təkzib yox, təsdiq deməkdir. Bunu normal analiz qabiliyyəti olan hər kəs görə bilər. Bu nə deməkdir axı?.. Heydərov verməyib, ancaq Həmidov adlı bir adam 5 milyon köçürüb? AİBA-ya verdirilən bu açıqlama Heydərovun indiyədək müşahidə etdiyim ən uğursuz addımı da hesab oluna bilər. Bununla heç kəsi rüşvətin verilmədiyinə inandırmaq olmaz. Ayrı variant tapılmalıdır, cənab! Mənə elə gəlir ki, iddianı irəli sürən xanımın özünü Azərbaycana dəvət etmək, ya da durub birbaşa onun verilişinə qonaq getməklə canlı şəkildə müsahibə vermək, mübahisə etmək, bunun belə olmadığını iddia etmək daha maraqlı olardı. Bu iddianı BBC-dən eşidənlər, elə həmin kanalın efirində sizin fikirlərinizi eşidə bilərdilər. Nə isə... Mən bir jurnalist olaraq burada o boyda nazirə yol göstərməklə ağıllı görünmək istəmirəm...

Yazının sonunda bir neçə məqamı da qeyd etmək istəyirəm. Əslində məsələni soyuq başla təhlil edəndə Kəmaləddin Heydərova qarşı irəli sürülən bu iddianın müəllifinin “Newsnight” proqramının jurnalisti Anna Adams olmadığı bəlli olur. Bu xanıma materialları təqdim edənlər uğurlu həmlə ediblər. Zərbə dəqiq alınıb. Məlumdur ki, bu mənfi imicin formalaşdırılması yerli yox, beynəlxalq ictimaiyyət üçün gərək olub. Çünki bu ölkədə kimisə kiməsə rüşvət verməkdə ittiham edərək onun imicinə zərbə vurmaq mümkün deyil. Azərbaycanda rüşvət bir həyat tərzidir və bu pis vərdişi heç kimin üstünə yıxmaq olmaz. Beynəlxalq ictimaiyyət isə belə məsələlərə həssas yanaşır. Söhbət Kəmaləddin Heydərov kimi Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin beynəlxalq ictimaiyyətdəki imicinin ciddi şəkildə zədələnməsindən gedirsə deməli məsələ aydın olur. Bu vəziyyəti bircə cümlə ilə ifadə etsək Heydərovun sürətlə getdiyi yolun ortasına böyük bir kötük atılıb. Bu kötüyü kənara itələmədən, bircə addım belə atmaq mümkün deyil, heç olmayacaq da... Yolu çox ciddi şəkildə bağlayıblar. Onun açılması üçün həvəskar yox, Peşəkar Boks Federasiyası da bütün gücünü səfərbər etsə mümkün deyil...
Ancaq çarəsizlik də deyil, çıxış yolu mütləq var. Bu haqda qismət olsa növbəti yazıda...

Elbrus Ərud