“Kirayədə qalıram, heç şikayətlənmirəm” - Samira Allahverdi

kirayede-qaliram-hec-sikayetlenmirem
Oxunma sayı: 15569

Müğənni Samira Allahverdinin “Qafqazinfo”ya müsahibəsi

-Övladı tələbə olan valideynlərdən biri sizsiniz. Tələbə anası olmaq necə bir hissdi?

- Son bir-iki ildə həyatım həyəcanlı keçib. Artıq oğlum universitetə daxil olanda, bir o qədər də sevincimin həddi-hüdudu olmadı. Bir valideyn kimi çox sevindim. Həyatımda istəyərdim ki, övladlarım insan olsunlar. İnsanın insan olması vacibdir. Elə insanlar tanıyıram ki, ali təhsil almayıblar, ancaq lazımi vəzifədə işləyirlər. Ancaq elə şəxslər də var ki, 2 universitet bitiriblər, lakin evdə oturublar. Allahın qismətidir, insana şans verilir. Yenə deyirəm, oğlumun əziyyəti yerdə qalmadı. İllərdir ki, müəllimlərin yanına gedir, hazırlaşırdı.

- Oğlunuz Əli Ukraynada təhsil almaq istəyirdi, ancaq Azərbaycan universitetlərindən birini seçdi. Onu xaricdə təhsil almaq istəyindən necə döndərə bildiz?

- İndi də həvəsi var. Çətin bir prosesdir. Dedim ki, oğlum, sənin qismətində Ukraynada təhsil almaq varsa, gedəcəksən. İstək varsa, həyata keçər. Sadəcə olaraq oğlumun orada olması, məndən uzaqlaşması bir az məni kövrəldir. Balalarımın yanımda olmasını istəyirəm. Ola bilər ki, onun qəlbini qırmışam. O mənada ki, istədiyini əldə edə bilmədi. Gələcəkdə şansı olsa, bu universiteti bitirb orada davam edə bilər.

- Ümumiyyətlə, valideynlər övladlarının təhsil seçiminə çox qarışır. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Sizcə, bunun səbəbi nədir?

- Mən onun seçdiyi peşəyə müdaxilə etmədim. Oğlum hərbçi, yəni pilot olmaq istəyirdi. Hələ də bu istəyi var. Ancaq lazım olan balı toplaya bilmədi. Ola bilər ki, o nə vaxtsa, istədiyi peşənin sahibi olacaq.

- Mühafizəkar anasız?

- Şübhəsiz, heç bir ana istəməz ki, övladları sözünü iki etsin. Müəyyən şeylər var ki, övladların reallaşdırmaqda, öhdəsindən gələ bilmədikdə valideyn olaraq köməklik göstərirsən. Övladlarım bir işin öhdəsindən rahat şəkildə gələrsə, onları boş buraxaram. Ancaq büdrədiyi üçün ona yaxından kömək edirəm, əlimi uzadıram.

- Azərbaycan şou-biznesində ən az klip çəkdirən məşhurlardansız. Pul yoxdu?

- Az klip çəkdirən, mahnı yazdıran və s. İlk klipim Lider TV-də çəkilmişdi, “Səni tapdım” adlanırdı. Daha sonra “Aparma məni” mahnımı ekranlaşdırdım. Həyatda nə edirəmsə, zəhmətimlə edirəm. Qazandığım maddiyatla reallaşdırıram. Mənim qazancım olmayanda heç kəsə müraciət etmirəm.

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müğənnilər varlı təbəqə hesab edilir. Siz də, digər müğənnilər kimi öz qazancınızla iş gördüyünüzü deyirsiz. Onların isə bağı, maşını, evi var.

- Hər bir müğənninin öz qazancı var, ancaq ən əsası hər kəsin öz həyat tərzi var. Mənim başqa həyat tərzim var. Özüm üçün xüsusi kriteriyalar qoymuşam. Yüz faiz onun ucbatından belə olur. Hər mahnını bəyənmirəm, hər bəstəkarın bəstəsini də oxumuram. Mahnını hiss etməliyəm. Məndə boş-boşuna mahnı yazmaq, oxumaq yoxdu. Tutaq ki, verilişlər çəkilir. Hər verilişə getmək məcburiyyətində deyiləm.

Gündəmdə olmaq üçün belə şey etmək istəmirəm. Səviyyəli məkanlara getmək istəyirəm. Adıma layiq, mən və mənimlə yanaşı bir çox müğənnilər belə yerlərdə olsun. Fundament başqa cür qoyulub. Biz axı ciddi musiqi öyrənmişik. Mən indən belə necə “lə lə lə” oxuyum? Oxuyaram, problem yoxdu, pul da qazanaram, hər şey yaxşı olar. Ancaq istəmirəm, vicdanım götürmür. Mənim evim yoxdur. Heç kəs bilmir, kirayə qalan insanam. Heç vaxt da şikayətlənməmişəm. Təki can sağlığı olsun.

- Toya gedirsiz? Toy seçimlərində də kriteriyalar işə düşür?

- Toya getməmişdən qabaq məlumatlanıram. Toy harada keçirilir, necə bir yerdi və s. Elə ola bilər ki, ən bahalı restoranların birində toya gedə bilərsən, ancaq ordakı kontingent ruhuna oxşamır. Ancaq bunun əksinə normal restoranların birində baş tutan toy başqa cürə olur. Ürək gediləsi insanlarla rastlaşırsan. Hardasa məndən, mahnılarımdan da asılıdır. Mən harasa çıxıramsa, özümü qoyuram, məndən tamaşaçı enerji almalıdır.

- Şou-biznes çox adiləşib? Bezmisiz?

- Əvvəl xarici mahnıları da bəyənirdim. İndi onlarda da qıtlıq var, qlobal problem var. Dünya bir-birinə dəyib, hamı aqressivdi. İndi aqressiv musiqiləri də bəyənirlər. Belə dəyişimlər məni də yordu. İşimi görürəm, ancaq bacardığım qədər... Nə bilim, inanın, kiminsə qəlbini qırmamaq üçün veriliş nümayəndələrinə deyirəm ki, mən sizin formata uyğun deyiləm. Mən rəngarənglik qata bilməyəcəm. Mənim üçün hər şey ciddi olmalıdı. Aparıcı aparıcı olmalıdı. İndi aparıcı gələn qonağa hər şey deyir.

Dəb elə bil budur. Aqressiv suallar verirlər və s. Bizim dövlət televiziyasında artıq suallar vermirlər, senzuranı bir qədər saxlayıblar. İşim oxumaqdır. Məsələn, verilişlərə musiqiçilərlə çıxmaq istəyirəm, ancaq hamısı maliyyəyə dayanır. Adını çəkməyim, bir həmkarım var. Deyir ki, "illərdir layihələr hazırlayıram. Nə olsun? Ad olur ki, bu şəxs səviyyədir. Səviyyəli ifaçı olduğun üçün nəsə verdilər? “Grammy” aldı?"

-Qalmaqalsız gündəmdə qalmaq necə hissdi?

-Şükür Allaha ki, qalmaqalım yoxdur. Həyatda çox səbirli insanam. Dostlarım deyir ki, sən güclü və səbirli qadınsan. Yəqin ki, səbrim imandan gəlir. 10 il əvvəl tamam başqa cür düşünürdüm, indi isə hər şey dəyişib. Gündəlik oxuduğum kitablar, məqalələr, mütaliələrim məni səbirli edir. Allah insanı səbirli yaradıb. Elə olub ki, mənim xətrimə dəyənlər olub. Özüm özümə demişəm ki, sakit ol, zamanı gələcək. Həyat bumeranqdır, fırlanır. Hər şeyi Allahın ixtiyarına buraxmışam. Hardasa həmin şəxslərlə rastlaşmışam. Ya məsələ unudulub, ya da məndən üzr istəyib.

- Sizi ağır xarakterli bir xanım kimi tanıyırıq. Bu həyat yoldaşınızın keçmiş hərbiçi olmağından irəli gəlir?

- Mən də sizin kimi deyib-gülməyi sevirəm. Sadəcə olaraq, sərhədi keçmək sevmirəm. Düzdü, ciddi insanam. Dostlarım var ki, onlarla gülüb danışırıq, ancaq xanım xanım olmalıdı, ağırlığını hiss etdirməlidir. İnsan özü-özünə hörmət qoymalıdır. Bu çox vacib bir məsələdir. Təkcə məndən, xanımlardan yox, bütün insanlardan söhbət gedir. Mən də kiminsə atmacasına cavab verə bilərdim. Eşitmişəm, susmuşam, keçmişəm. Problemlərim olanda isə sakit həll etmişəm. Məndə fundament belə qoyulub.

Hər şey ildən ilə dəyişməyə başlayıb. Siz fikir verirsiz ki, hər şey süniləşib. Dostlar bir-birinə deyə bilməyəcəyi ürək sözlərini votsapda yazırlar. Sanki, üzlərinə söz deməyə çəkinirlər, qorxurlar. Elə bil ki, onlar votsapda daha səmimidirlər. Bir-birimizdən uzaqlaşırıq. Bizə mənim anamın bir baxışı yetər idi. Mən övladıma indi baxış ata bilərəm? Bir sözü deyirsən, əməl etmək üçün neçə dəfə xahiş edirsən. Hardasa öz dediklərində dururlar. Biz isə anamdan qorxurduq. Anam bizlə gülüb, danışmırdı.

Anama heç bir sirr açmamışam. İndi anama deyirəm ki, ay anam, məni elə böyütmüsən ki, bir sirrimi belə deməmişəm. Bu pis və ya yaxşıdır deyə bilmərəm. Ancaq indi rahatlıqla müəyyən şeyləri danışa bilmirəm. Ancaq çox şeyləri də danışa bilmirəm, onun kövrəlməsini istəmirəm. Biz belə tərbiyə almışıq. Üzr istəyirəm, toy günü nənəm dedi ki, rəqs etmə. Baxın sizlərə sirr açıram(gülür). Nənəm maştağalı idi, xasiyyəti ağır idi. Mənə yeməyi də, rəqsi də qadağan edirdi. Onlar bizi belə böyüdüblər.

- Son zamanlar yerli məşhurlar sosial şəbəkələrdə tənqid olunur, hətta onlara söyüşlər belə ünvanlayırlar. Sizdə vəziyyət necədi?

- Mənə çox tənqidlər gəlmir. Müğənni və insandan asılıdır. Elə müğənni var ki, səbir kasası dolub-daşır, onlara sərt cavab verir. Mən də isə bir dəfə şərh gəlmişdi- “Səndən heç xoşum gəlmir. Səni efirdə görəndə kanalı çevirirəm”. Mən çox vaxt şərhlərə cavab yazmıram. Ancaq həmin xanıma yazdım ki, səmimiyyətinizə görə minnətdaram. Daha sonra hiss etdim ki, xanım, deyəsən, peşman oldu. Üzr istədi, məsələ həll oldu. Əvvəl instaqram filan yox idi.

O vaxtlar müğənnini canlı görəndə ürək sözlərini deyə bilərdin. İndi hamı nə istəyir, onu da edir. Müstəqil ölkədə yaşayırlar, istədiklərini də yazırlar. Deyirlər ki, xoşum gəlmir bu müğənnidən, nə problem var? Təhqir etməyib, çörəyimi əlimdən almayıb. Biz ümumiyyətlə, telefon xəstəsiyik. Hələ biz telefona çox bağlanırıq, görün ki, o insanlarda vəziyyət necədir. Telefondan asılıdırlar, bütün günü şərh yazırlar, işləri budur. Belə rəylərlə qidalanırlar.

- Biz sizi heç vaxt sükan arxasında görməmişik. Az öncə də buna şahid olduq. Səbəbi nədi?

- Sürürəm, amma insanda həvəs olmalıdı. Maşın sürməyə həvəsim yoxdu. Xoşlayıram ki, xanım kimi oturum, maşını idarə edən sürücü olsun. Hərdən əhvalım dəyişir, maşın sürmək də istəyirəm. Ancaq həvəsim yoxdur.

- Hazırda nəyə həvəsiniz qalıb?

- Sənətə o qədər sevgi ilə gəldim ki, ancaq hər şeyin bu həyatda müvəqqəti olduğunu bildim. Hər şeyi real qəbul etmək lazımdır. Həyatda həvəsim şəhərləri gəzməyə qalıb. Şəhərləri gəzim, dənizkənarında oturum, özü də tək. Qətiyyən tənhalığı sevmirəm. Saatlarca dənizə baxmaq, quşların səsini eşitmək istəyirəm. Antik ölkələrə gedim, tarixi yerlərə baxım. Belə şeylər məni sakitləşdirir. Sevdiyim şəhər Bodrumdur. Oranın ağ binaları, dənizi başqa cürdür. Millət üzür, axşama doğru otelə gedirlər. Həmin an dənizkənarında sükut olur, o anı gözləyirəm. Sonra oturub dənizə saatlarca baxıram, ağlayıram. Deyirəm ki, Ya Rəbb, sən nə gözəllik yaratmısan, sadəcə dəyərini bilmirik. Biz insanlar bir-birimizin dəyərini bilmirik.

- Siz çox depressiv, emosional və romantik xanıma bənzəyirsiz.

- Romantik xanım deyiləm, elə olsa idim seriallara baxardım (gülür). Depressiyaya tez-tez düşürəm, coşuram. Sonra özümü sakitləşdirirəm. Hər şey məni depressiyaya salır. Ən ağrılı şeylər, dünyada baş verən müharibələr, ölən uşaqlar, kiminsə haqqıma girməyi kimi məsələlər məni depressiyaya sala bilər. Daxilən kövrək insanam. Çox çətindi...

- Azərbaycanda nəinki, müğənnilər, adi xanımlar qayınana və qayınata ilə birgə yaşamaq istəmirlər. Onlar bir müddət sonra ayrı evə çıxmaq barədə düşünürlər. Siz isə uzun müddət qayınana-qayınata ilə qalmısız...

- Sadəcə olaraq Allah rəhmət eləsin, qayınanam pis insan deyildi, onunla həmsöhbət ola bilirdik. Biz bir-birimizi anlaya bilirdik, ən azından həyat yoldaşımın anası olduğu üçün, ondan da əlavə yaşlı insan olduğu üçün hörmət qoyurdum. Bəlkə də, nənəm yaşında idi, çünki gec ailə qurmuşdu, övladı da dünyaya gec gəlmişdi. Yaşca məndən çox böyük idi.

Mən də hardasa onun xətrinə dəyirdim. Qayınanadır, əslində biz də böyüyürük, övladlarımızı da evləndiririk, qadınlar qayınana olur. Onunla hər hansı bir mübahisəm düşdükdə 1-2 saat küsülü qalırdıq. Qayınanam öləndə mənim əlimdən yemək istədi. Dedi ki, evi sənə tapşırıram. 9 ildir ki, rəhmətə gedib, qayınatam isə yanvar ayında dünyasını dəyişdi.

- Sizin ailə münasibətləriniz barədə şayiələr səngimək bilmir. Hələ də sizin boşandığınızı deyirlər.

- İnsanın şəxsi həyatına qarışdıqca hər gün nəsə soruşacaqlar. Elementar bir məsələni deyim. Bir dəfə dedim ki, oğlum universitetə girib. Hamı bu səpkidə sual verir, kimisi hara daxil olduğunu, digəri isə nə hədiyyə aldığımı soruşur. Ay balam, daha demişəm ki, universitetə daxil olub. Mənim həyatımda hər şey baş verə bilər, bu mənim ailəmdir. İstəmərəm ki, gündəmdə bu cür söz-söhbətlərlə qalam. İllərdir ki, bilirsiz həyat yoldaşım və iki övladım var. Vəssalam, belə də bilin. Bu mənim şəxsi həyatımdı, ona toxunmasınlar.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov