Koronavirusla Mübarizə Fonduna yığılan pullar belə xərclənəcək

koronavirusla-mubarize-fonduna-yigilan-pullar-bele-xerclenecek
Oxunma sayı: 7313

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ ki, xərclənməyib. Vəsaitin xərclənməsi mexanizmi tam formalaşmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-də deyib. O qeyd edib ki, vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq:

“Bu, xalq vəsaitidir. Çox müqəddəs bir iş, ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün xərclənəcək. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.