Əbu-Dabi kral ailəsinə nikah yolu ilə qoşulan 32 yaşlı Mahrah Əl-Nəhyan Londonda küçədə bir kişi ilə hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə zamanı onun himayəsində olan üç yaşlı uşaq isə sıx nəqliyyatın hərəkət etdiyi ərazidə ayaqyalın və böyüklərin nəzarəti olmadan gəzib.
“Qafqazinfo” xəbər verir ki, Britaniya mətbuatının məlumatına görə, hadisə iyunun 13-də Londonun qərbində qeydə alınıb.
Ətrafdakı şəxslər azyaşlını görərək təhlükəsiz yerə aparıblar. Hadisənin təfərrüatı sonradan Sautvark Tac Məhkəməsində keçirilən proses zamanı üzə çıxıb.
Məhkəmədə hadisədən əvvəlki günlərdə Əl-Nəhyanın narkotik istifadə etdiyi bildirilib. Polis onun çantalarında narkotik istifadəsi ilə bağlı ləvazimatlar aşkar edib. Qadının vəkili Stiven Vullo isə müvəkkilinin hadisə günü narkotik qəbul etmədiyini, əvvəlki günlərdəki istifadədən sonra həddindən artıq yorğun olduğunu bildirib.
Məhkəmə məlumatına görə, Əl-Nəhyan özünə gəldikdən sonra ətrafındakılara qəzəbli şəkildə reaksiya verib.
Əl-Nəhyan məhkəmədə uşağa baxımsızlıq göstərməkdə günahını etiraf edib. Hakim bildirib ki, ətrafdakı şəxslər müdaxilə etməsəydilər, azyaşlı ağır xəsarət ala, hətta həyatını itirə bilərdi. Uşağın itkin düşməsi və ya yad şəxslərin müdaxiləsi nəticəsində zərər görməsi ehtimalı da vurğulanıb.
Məhkəmə Əl-Nəhyanı reabilitasiya öhdəliklərini də əhatə edən ikiillik ictimai əsaslı cəzaya məhkum edib. O, həmçinin 6114 funt-sterlinq cərimə və məhkəmə xərclərini ödəməli olacaq.
Bildirilir ki, Əl-Nəhyan hadisədən sonra Surreydəki “Priory” reabilitasiya mərkəzində müalicəyə başlayıb. Vəkili onun baş verənlərdən peşman olduğunu və müalicəsini davam etdirmək istədiyini bildirib. Məhkəmədə qadının evlilik yolu ilə Əbu-Dabi kral ailəsinin üzvü olduğu və ayda 8 min funt-sterlinq müavinət aldığı da qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər