Kraliça nəvələrinin titullarını ləğv etdi, daha sonra üzr istədi

kralica-nevelerinin-titullarini-legv-etdi-daha-sonra-uzr-istedi
Oxunma sayı: 3431

Danimarka Kraliçası Marqrete kiçik oğlu İoahimin 4 övladının kral titullarını ləğv edib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, Kraliçanın qərarına əsasən, 2023-cü ilin yanvarın 1-dən 23 yaşlı şahzadə Nikolay, 20 yaşlı Feliks, 13 yaşlı Henrik və 10 yaşlı Afinanın şahzadə və ya şahzadə xanım adlandırmalarına icazə verilməyəcək. Onlar sözügedən tarixdən etibarən yalnız qraf və qrafinya titullarından istifadə edə biləcəklər.

Bunun ardınca, Kraliça Marqrete öz nəvələrini kral titullarından məhrum etdiyinə görə öz ailə üzvləri qarşısında üzr istəyib.

Onun sözlərinə görə, bu qərarı vermək ona asan olmasa da, bunu monarxiyanın gələcəyi üçün edib: “Şahzadə İoahimin övladlarının titulları barədə qərarım kəskin reaksiyalar doğurdu, bu mənə çox təsir etdi. Mən artıq 50 ildir taxtda olduğumdan həm keçmiş, həm gələcək barədə düşünürəm. Bəzən çətin qərarlar verməli oluram”.

Şahzadə İoahim isə öz növbəsində anasının qərarını tənqid edib və bildirib ki, Kraliça onun övladlarını cəzalandırır. O bildirib ki, onun kiçik qızı Afinanı artıq məktəbdə məsxərəyə qoyurlar və onun artıq şahzadə olmadığını deyirlər. İoahim qeyd edib ki, Kraliça övladlarının titulu barədə məsələni onunla müzakirə etməyib və bu barədə xəbəri ictimaiyyətə elan olunmazdan 5 gün əvvəl öyrənib.

Qeyd edək ki, Kraliça Marqretenin Frederik və İoahim adlı iki oğlu var. Ümumilikdə isə Marqretenin 8 nəvəsi var. Bununla belə, Kraliça Frederikdən olan nəvələrinin titullarını saxlayıb.

Maraqlıdır ki, mediada şahzadə İoahim və onun həyat yoldaşı Marini “danimarkalı şahzadə Harri və Meqan Markl” adlandırırlar. Belə ki, onlar da dəfələrlə sarayda tutduqları mövqelərdən narazılıqlarını dilə gətiriblər. Hətta bəzi şayiələrə görə, İoahim və Mari öz səlahiyyətlərindən imtina etmək istəyiblər.