Azərbaycanda iki yerin adamları haqqında yazacağımı uzun illərdir, çək-çevir edirəm.
Salyan və Cəlilabad…
İkincinin istedadlı adamlarının özlərinə qarşı etinasız olmaları, birincinin isə laqeydlik bir yana, lazımsız təvazökarlıq sərgiləmələri, əslində, bir ədəbiyyat nümunəsidir.
Salyandan və Cəlilabaddan olan istedadlı adamlar haqqında fundamental təfəkkürümü nə vaxtsa daha ciddi əsərə çevirəcəyəm. Bu öz yerində...
İndi Salyandan olan dostum, yazıçı İlham Əzizin bu dəqiqələrdə bitirdiyim “Qəvvas” romanı haqqında bir neçə kəlmə demək istəyirəm.
İlham Əziz bu əsəri ilə müasir Azərbaycan ədəbiyyatının yeni roman janrından bir nümunə yaradıb.
Əlbəttə ki, tənqidçilər, peşəkar ədəbiyyatşünaslar bu əsəri oxuyacaq və öz tənqidi fikirlərini bildirəcəklər.
Mənim isə həm bir dost, həm də həmkar kimi İlhamın romanı haqqında qeydlərim qısa olacaq.
Mən bir neçə gündür ki, romanı oxumağa başlayandan bəri, İlhamın qəhrəmanı ilə bir yerdəyəm. Onun əsərdə necə addım atacağını düşünürəm.
Hətta seçimləri ilə bağlı az qala məsləhət də vermək istəyirəm.
Özümü Ufada, Rusiyanın ucsuz-bucaqsız şəhərlərində sahibsiz, imkansız, vətənsiz məkanlarda hiss edirəm.
Əsəri oxuduqca, düşünürəm ki, yazıçı mənim arzuladığım qənaətə gələcək.
Nə yaxşı ki İlham Əziz bu romanda özünə qayıtmağı üstün tutur.
Nə yaxşı ki Rusiyanın çöllərində itib-batmır.
Nə yaxşı ki atası ona zəng edir və nə yaxşı ki o da atasını eşidib Azərbaycana qayıdır.
İlhamın əsərinin timsalında minlərlə Azərbaycan övladı 90-cı illərin məşəqqətli dövründə öz işini, gücünü, torpağını, evini, rayonunu və yurdunu buraxıb Rusiyanın çöllərinə səpələnmişdi.
Onların içərisindən sənəti, peşəsi bilinməyən və küçə “istedadları” ilə görəvləndirilən adamlar da çıxdı.
İlham Əziz “Qəvvas” romanında 90-cı illərin Azərbaycan gəncinin ağır həyat tərzini çatdırır.
Öz ölkəsində uğur qazana bilməyən gənclərin müxtəlif səbəblərdən vətəni tərk edib Rusiya çöllərində tüfeyli həyat tərzi keçirdiyini ifadə edir.
Yazıçı özü də bu həyatın bir parçası kimi proseslərə qatılır və ən qısa zamanda geri dönmək barədə qərar qəbul edir.
İlham Əziz göstərməyə çalışır ki, Azərbaycandan kənarda bu ölkənin vətəndaşlarına həyat yoxdur.
Baş qəhrəman “İlqar” hətta Ufanın ağaclarına, sularına, bir sözlə, təbiətinə belə uyğunlaşa bilmir.
Və sonda onun ən böyük arzusu öz doğma torpağına, Salyana qayıtmaq olur.
Xoşbəxtlikdən əsər qəhrəmanın öz kəndinə qayıtması ilə də bitir.
Yaxşı haldır ki, yazıçı əsərdə bizim ənənəvi şəkildə öyrəşdiyimiz obraz davranışlarını təkrar etmir.
Yəni, rus qızları ilə sevişmək, açıq şəkildə eyş-işrət nümunələri sərgiləmir.
Amma mən İlhamın yerinə olsaydım, sonda əsərdəki ismətli “Nataşa”nı özümlə götürüb Azərbaycana gətirərdim.
Elbrus Ərud,
İlham Əzizin “Qəvvas” romanı haqqında





Son xəbərlər
Son Xəbərlər