İyunun 6-na keçən gecə Lənkəranda baş vermiş yol qəzasının təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə saat 23 radələrində Lənkəran şəhəri ərazisində rayonun Sütəmurdov kənd sakini, 1955-ci il təvəllüdlü Mirtahir Babayevin idarə etdiyi “Mercedes”lə Liman şəhər sakini, 1981-ci il təvəllüdlü Cahad Ələkbərovun sürdüyü “KİA” markalı avtomobillər toqquşub.
C.Ələkbərov Lənkəran MRX-yə yerləşdirilib. Dərhal “Mercedes”lə qəza törədən və Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cərrah işləyən Mirtahir Babayev də xəstəxanaya gəlib. O, həkim-cərrah kimi C.Ələkbərovun əməliyyatında şəxsən iştirak edib, lakin ağır xəsarətlər almış şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Lənkəran Şəhər Polis İdarəsində araşdırma aparılır.