Lənkərandakı qəzalı məktəblə bağlı açıqlama - Video

lenkerandaki-qezali-mekteble-bagli-aciqlama
Oxunma sayı: 1556

60 ilə yaxındır tikilib istifadəyə verilən Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbinin binası bugünədək əsaslı təmir olunmadığından qəzalı vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Baku TV-də süjet yayımlanıb.

Bildirilib ki, hazırda məktəbin təmiri valideynlərin öhdəsinə qalıb. Onların maddi dəstəyi əsasındə məktəb qismən təmir olunub.

Məktəbdə laboratoriya, idman zalı, fizika və kimya kabinetlərinin olmaması təhsilin keyfiyyətinə də mənfi təsir göstərir.

Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, 2007-ci ildə məktəb üçün yeni tədris korpusu tikilib. Sözügedən köhnə korpusda isə şərait aşağı səviyyədədir.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar baxış keçiriblər və məktəbin yeni tikilən təhsil ocaqlarının siyahısına salınması nəzərdə tutulub.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbi 1968-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir:

“2007-ci ildə məktəbdə təhsil şəraitinin təmin edilməsi üçün köməkçi korpus tikilib və istifadəyə verilib. Hazırda bütün sinif otaqlarında tədris davam edir. Köhnə korpusun vəziyyəti ilə əlaqədar müvafiq qurumlar tərəfindən baxış keçirilib. Həmin binanın yenidən tikilməsinə ehtiyac olduğundan hazırda layihələndirilməsi prosesi üçün işlər görülür. Bu il üçün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 100-ə yaxın təhsil müəssisəsində cari, üç müəssisədə əsaslı təmir planlaşdırılır, yeddi məktəbin isə tikintisinə başlanılıb”.

Məlumatda o da vurğulanıb ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təmir-tikinti işləri təhsil müəssisələrinin şagird sayı və qəzalı vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə aparılır.