Kayahana aid olduğu deyilən imzalar saxta çıxdı - Qızı ögey anasına cinayət işi açdı - Video

kayahana-aid-oldugu-deyilen-imzalar-saxta-cixdi
Oxunma sayı: 252

Türkiyəli mərhum müğənni Kayahanın qızı Beste Açar 3 aprel 2015-ci ildə vəfat edən atasının mahnılarının müəllif hüquqlarının saxta imza ilə ötürüldüyünü iddia edərək, ögey anası İpek Açara qarşı cinayət işi açıb.

“Qafqazinfo” xəbər verir ki, iddialara görə, Kayahanın imzası saxtalaşdırılaraq, onun əsərlərinin müəllif hüquqları başqa şəxsə ötürülüb.

Özəl cinayət araşdırma bürosu tərəfindən aparılan ekspertiza nəticəsində sənədlərdəki imzaların Kayahanın əl yazısı olmadığı qənaətinə gəlinib.

Məhkəmə ekspertizası rəyində də qeyd olunur ki, müəllif hüquqlarının ötürülməsi ilə bağlı müqavilədəki imza Kayahana məxsus deyil və saxta xarakter daşıyır.

Beste Açar həmçinin MESAM-ın (Türkiyə Musiqi Müəllif Hüquqları Sahibləri Birliyi) müqavilənin orijinalına sahib olmadığını və bütün prosesin qeyri-qanuni həyata keçirildiyini iddia edir.

O, bu əsaslarla Qaziosmanpaşa Respublika Prokurorluğuna müraciət edərək, məsələ ilə bağlı cinayət işinin başlanmasına nail olub. Onun vəkili Onur Yağışan vasitəsilə prokurorluğa təqdim edilən cinayət iddiasında bildirilir: “Əvvəla, müvəkkilimin atasının adına saxta imzalarla tərtib edilmiş bu köçürmə müqaviləsinin orijinalı MESAM qurumunda olmadığı üçün prosedur və qanuna açıq şəkildə ziddir və etibarsız sayılmalıdır. Bu səbəbdən sözügedən müqavilə qanuni olaraq etibarsız elan edilməlidir.

MESAM-ın lazımi prosedurları başlatması üçün hüquqi cəhətdən etibarsız olan bu müqaviləni emal edən vəzifəli şəxslər və işçilər barədə dərhal araşdırma aparılmalı, bu əməliyyatı həyata keçirən və iştirak edən əməkdaşlara qarşı ictimai ittiham irəli sürülməlidir.

Cinayət işinə təqdim olunan ekspertiza rəylərində heç bir şübhə olmadan transfer müqaviləsindəki imzaların saxta olduğu sübuta yetirilib. Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilməlidir.

Şübhəli İpek Açar da bu yaxınlarda sosial mediada paylaşım edərək, xaricə gedəcəyini bildirib”.

Özəl cinayət araşdırma bürosunda sənəd eksperti tərəfindən aparılan möhür və imza araşdırması zamanı bildirilib: “Müqayisə üçün təqdim olunan sənədlərdəki nümunə imzalarla aparılan müqayisə əsasında, İpek Açar və Kayahan Açarın imzalarını daşıyan “FESEK Transfer Sazişi” adlı sənədin surətində Kayahan Açarın imzasının onun əl yazısı olmadığı, əksinə, şəxsin əsl imzasına bənzədilməsi məqsədilə təqlid yolu ilə yaradıldığı qənaətinə gəlinib”.

Kayahanın qızı məsələ barədə açıqlamasında bildirib ki, əslində, bu məsələ uzun müddətdir gündəmdədir: “Mən də tez-tez bunu ifadə etməyə çalışmışam. Lakin proses bir qədər ləng getdiyi və Türkiyədə olmadığım, başqa ölkədə yaşadığım üçün geri qayıtdım və vəkilimlə birlikdə prosesi sürətləndirirəm ki, baş verməli olan baş versin. Bildiyiniz kimi, atamın ölümündən sonra sənətçilərin mənsub olduqları müəyyən peşəkar birliklər var. Bəstəkar və söz yazarı olsanız, iki seçim olur və atam MESAM-ı seçmişdi. Onun əsərləri burada qeydiyyatda idi.

Atamın ölümündən qısa müddət sonra MESAM-dan məktub aldım. Bu məktub yalnız vəkilimin məhkəmə vasitəsilə müraciətindən sonra göndərildi və mənə əvvəlcədən heç bir məlumat verilməmişdi.

Hiss edirdim ki, bəzi məsələlər gizli şəkildə baş verir. Məktubda deyilirdi ki, 23 may 2015-ci ildə quruma təqdim edilən sənədə əsasən, Kayahan Açarın bütün əsərlərinin hüquqları İpek Açara ötürülüb.

Bu hüquqları hansı əsasla İpek Açara ötürdünüz? Bu sənədlər uzun müddət mənə verilmədi. Aylar, illər keçdi. Nəhayət, üç surəti çıxarılmış sənədləri əldə etdik. Sənədlərdə atamın bütün mahnılarının adları sadalanırdı və sonda bu siyahıya əl yazısı ilə əlavə edilmiş tarix və imza ilə bunun atama aid olduğu iddia edilirdi, çox həvəskarcasına, heç kimə yaraşmayan bir şey. Hər kəsin həyatına toxunan atamın əsərləri sadə A4 kağızı ilə başqa şəxsə ötürülə bilməz”.

Beste Açar açıqlamasında bunun planlı bir proses olduğunu iddia  edib: “Bu əməliyyatda kim iştirak edirdisə, o cümlədən, o dövrün sədr və idarə heyəti üzvləri – məncə bu, qrup əməliyyatı idi. Dəstə əməliyyatı. Atamın ölümünün ağrısı ilə mübarizə aparırdım və eyni dövrdə ailəmdə daha beş itki yaşandı. Ailə üzvlərim bir-bir dünyasını dəyişdi. Mən bu acılarla mübarizə apararkən onların məqsədləri tamamilə fərqli idi. Hesabat əlimizdədir, imzalar araşdırılıb və “bu, Kayahanın işi deyil” deyən rəy mövcuddur. Mən artıq bu mövzuda ad çəkmək istəmirəm. Əvvəlcə hər kəsi Allaha tapşırmışam, sonra isə Türkiyə məhkəmələrinə, prokurorlarına, hakimlərinə və vəkilimə sonsuz etibarım var”.

Beste Açarın vəkili bildirib ki, burada mərhum Kayahan Açarın imzası saxtalaşdırılıb: “Onun əsərlərinin əksəriyyətinin hüquqları qanuni varislərindən kənarlaşdırılaraq, başqa tərəfə ötürülüb. Polis İdarəsinin Cinayət Polisi Laboratoriyası tərəfindən aparılan sənəd ekspertizasına əsasən rəy hazırlanıb.

İmzaların Kayahan Açarın əl yazısı olmadığı, onun əsl imzasını təqlid etmək məqsədilə yaradılmış saxta imza olduğu aydındır. Hesabat burada, Kayahan Açarın imzaları burada, sənədlər burada.

Bundan əlavə, ən diqqətçəkən məqamlardan biri budur ki, bu sənədlərin orijinalları MESAM-da mövcud deyil. MESAM kimi bir qurum notarial təsdiqi olmayan sənədi necə qəbul edə bilər? Həm notarial təsdiqlənməmiş, həm də saxta olduğu iddia edilən və orijinalı olmayan sənədin surətini necə qəbul etmək mümkündür?”