ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranla bağlı olduqca sərt və iddialı bəyanatlarla çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bəzi media qurumlarında onun müharibəni bitirməyə “tələsməsi” ilə bağlı yayılan xəbərləri təkzib edib:
“Bəzi “saxta xəbər” mərkəzləri mənim İranla müharibəni bitirmək üçün guya narahat olduğumu düşünürlər. Bilin ki, mən bu vəzifədə olmuş, üzərində ən az təzyiq hiss edən şəxsəm. Mənim dünyanın bütün vaxtı qədər vaxtım var, amma İranın yox – saat işləyir! İnsanların bəzi media qurumlarına inanmamasının səbəbi də onların artıq etibarlarını itirməsidir”.
Ağ Ev rəhbəri İranın hərbi gücünün tamamilə məhv edildiyini iddia edərək qarşı tərəfə “vaxtınız bitir” mesajını verib:
“İranın donanması dənizin dibindədir, hərbi hava qüvvələri darmadağın edilib, hava hücumundan müdafiə və radar sistemləri yoxdur, liderləri isə artıq bizimlə deyillər. İrana qarşı blokada sarsılmaz və güclüdür. Buradan sonra hər şey yalnız daha pisləşəcək. Vaxt onların tərəfində deyil! Razılaşma yalnız Amerika Birləşmiş Ştatları, müttəfiqlərimiz və dünya üçün uyğun və yaxşı olduğu zaman əldə olunacaq”.
Xatırladaq ki, fevral ayından başlayan hərbi əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturu ciddi zərər görüb və ölkə hazırda ağır iqtisadi-hərbi blokada şəraitindədir.
Son xəbərlər
Son Xəbərlər