Livan-İsrail atəşkəsi 3 həftə uzadıldı

livan-israil-ateskesi-3-hefte-uzadildi
Oxunma sayı: 165

Livan-İsrail atəşkəsi 3 həftə uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail və Livan nümayəndələri ilə keçirilən görüşdən sonra sosial media hesabında yazıb.

Tramp danışıqların müsbət keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Livanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək və xüsusilə “Hizbullah” təhdidinə qarşı əməkdaşlıq edəcək.

Prezident qeyd edib ki, Vaşinqtonda baş tutan görüşdə tərəflər arasında razılıq əldə olunub və mövcud atəşkəs rejimi daha 3 həftə qüvvədə qalacaq. Tramp yaxın vaxtlarda İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunla ayrıca görüşlər keçirməyi planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, İsrail ordusu martın 2-də Livanın cənub bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirib və bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Hücumlar nəticəsində ölkədə humanitar vəziyyət ağırlaşıb.

Livan hökumətinin məlumatına görə, münaqişə səbəbindən məcburi köçkünlərin sayı 1 milyonu keçib.

Xatırladaq ki, aprelin 17-də tərəflər arasında 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minmişdi. İsrail hökuməti atəşkəsə razılaşdığını bildirsə də, cənub bölgələrdə hərbi mövcudluğunu davam etdirəcəyini açıqlamışdı.