ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını qəti şəkildə istisna edib və bu növ silahlardan dünyada heç vaxt istifadə olunmamalı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb
İrana qarşı nüvə variantının masada olub-olmaması ilə bağlı suala Tramp kəskin reaksiya verib:
“Xeyr. Niyə mənə lazım olacaq? Necə də axmaq sualdır. Niyə nüvə silahından istifadə etməliyəm?! Nüvə silahlarından heç vaxt heç kim tərəfindən istifadə edilməsinə icazə verilməməlidir”.
Ağ Ev rəhbəri ABŞ və İran arasındakı hərbi münaqişənin uzun müddət davam etməyəcəyinə inandığını da vurğulayıb:
“Sizə yalnız bir şey deyə bilərəm: hər şey bitəcək. Düşünmürəm ki, çox çəkəcək. Yeri gəlmişkən, onlar bunu uzadırlar, çünki orada hazırda kiminlə işlədiyimizi bilmirik. İranda liderin kim olduğu məlum deyil”.
Prezident Hörmüz boğazının bağlı qalma səbəbini də faktiki olaraq etiraf edib. O bildirib ki, boğazın açılmasına şəxsən özü mane olur:
“İran tərəfi bizə yaxınlaşıb boğazı açmağa hazır olduqlarını bildirdilər. Mənim komandamda məndən başqa hamı buna sevinirdi. Lakin əgər Hörmüz boğazı açılsaydı, İran gündə 500 milyon dollar qazanardı. Bu böhran həll olunmamışdan əvvəl onların bu qədər vəsait əldə etməsini istəmirəm. Buna görə də boğaz mənim qərarımla bağlı qalır”.
Xatırladaq ki, Hörmüz boğazındakı blokada qlobal neft bazarına ciddi təsir göstərsə də, rəsmi Vaşinqton bunu İrana qarşı əsas təzyiq rıçaqı kimi saxlamaqda davam edir.
Son xəbərlər
Son Xəbərlər