Marina Vladi 88 yaşında vəfat etdi

marina-vladi-88-yasinda-vefat-etdi
Oxunma sayı: 710

Fransanın məşhur aktrisası, müğənni və yazıçı Marina Vladi 88 yaşında ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun ailəsi AFP agentliyinə məlumat verib.

Bildirilir ki, M.Vladi ötən gün öz evində, yaxınlarının və heyvanlarının əhatəsində vəfat edib. Övladları onun həyatını “uzun, gözəl və dolğun” kimi xarakterizə ediblər.

Əsl adı Yekaterina-Marina Polyakova-Baydarova olan Marina Vladi 1938-ci il mayın 10-u Fransanın Klişi şəhərində rus mühacir ailəsində anadan olub. Aktrisa kino karyerasına 16 yaşında başlayıb. 1954-cü ildə Andre Kayattın “Daşqından əvvəl” (“Avant le déluge”) filmindəki roluna görə ən perspektivli gənc aktrisaya verilən Syuzan Byanşetti mükafatını qazanıb.

Marina Vladi 1963-cü ildə “Nikah yatağı” (“Le Lit conjugal”) filmindəki roluna görə Kann Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülüb. O, karyerası ərzində 80-dən çox filmdə rol alıb. Həmçinin 1970-ci illərdə bir sıra populyar komediyalarda rol alıb.

Vladi musiqi və ədəbiyyat sahəsində də fəaliyyət göstərib. O, bacıları ilə birlikdə “Polyakoff bacıları” (“Les Sœurs Poliakoff”) adı altında iki albom buraxıb.

Aktrisa ümumilikdə 10-a yaxın kitabın müəllifidir. Onun əsərləri arasında 1987-ci ildə nəşr olunan və rusiyalı şair Vladimir Vısotski ilə münasibətlərindən bəhs edən “Vladimir və ya dayandırılmış uçuş” (“Vladimir ou le vol arrêté”) kitabı da var.

Marina Vladi 1969-cu ildə Vladimir Vısotski ilə ailə həyatı qurub. O, Vısotski ilə birlikdə Moskvada yaşayıb və şairin 1980-ci ildə ölümünə qədər onun yanında olub.