MEDİA tələbələr üçün infosessiya keçirdi - Fotolar

media-telebeler-ucun-infosessiya-kecirdi
Oxunma sayı: 727

Ötən gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib.

Bu barədə “Qafqazinfo”ya MEDİA-dan məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu layihə media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və gənclərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaq.

Tədbirin ikinci hissəsində Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının aparıcısı, telejurnalist Ruslan Həsənov tərəfindən “Newslab” - yaradıcı düşünmə, məzmun istehsalı və xəbər hazırlanması ilə bağlı bacarıqların inkişafı vörkşopu keçirilib. İnteraktiv müzakirə formatında keçirilən sessiyada Ruslan Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara praktik tapşırıqlar verib.

“MEDİAlab” layihəsinin əsas məqsədi texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.