Məktəbin girişindəki antisanitariya ilə bağlı açıqlama - Video

mektebin-girisindeki-antisanitariya-ile-bagli-aciqlama
Oxunma sayı: 2293

“Zibil qablarını gətirib məktəbin və yaşayış evlərinin girişinə qoyublar. Vaxtında təmizlənmir, hər gün qutularda zibil dolub-daşır. Yolun ortasına qədər gəlib çatan tullantıların üfunət iyindən həyətdə otura bilmirik”.

Bu şikayətlə “Qafqazinfo”ya Binəqədi rayonu, 28 May qəsəbəsi, 8-ci küçədə yaşayan Emil Qədimov müraciət edib.

Onun sözlərinə görə, zibil yeşiklərinin yerinin dəyişdirilməsi üçün dəfələrlə bələdiyyə işçilərinə məlumat verilsə də, problem aradan qaldırılmayıb: “Əslində o zibil qutularının yeri uyğun deyil. Onları gətirib 306 nömrəli məktəbin düz qapısının ağzına qoyublar. Həmçinin ərazi yaşayış evlərinə çox yaxındır. Tullantılara görə həmişə orada sahibsiz itlər sürü ilə gəzir. Dəfələrlə məktəblilərə hücum da ediblər. Aidiyyəti orqanlar isə bu məsələ ilə bağlı tədbir görmürlər. Heç olmasa, zibillər vaxtlı-vaxtında daşınsa, belə antisanitar vəziyyət yaranmaz”.

Problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq ərazidəki məişət tullantıları təmizlənib: “Ərazidən məişət tullantılarının daşınması Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyi (MKTİB) tərəfindən həyata keçirilir. Zibillərin daşınması vaxtlı-vaxtında yerinə yetirilir. Texniki problemə görə qısamüddətli yubanma olmuşdu, lakin tullantılar artıq ərazidən daşınıb”.

RİH-dən, həmçinin qeyd edilib ki, məişət tullantıları konteynerləri üçün yerin ayrılması ərazi üzrə bələdiyyənin səlahiyyətindədir. Konteynerlərin yerlərinin dəyişdirilməsi üçün vətəndaşlar kollektiv şəkildə bələdiyyə orqanına müraciət etməlidirlər.

Gülnar Əliyeva