Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.
“Qafqazinfo”nun məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər.
“Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, - şagirdlər bildirib.
Mütəxəssislər isə qeyd ediblər ki, “snus” saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər. Bu məsələ isə təkcə məktəblərin deyil, valideynlərin və aidiyyəti qurumların da diqqət mərkəzində olmalıdır.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, “Snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır.
Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.
Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.
Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər