Məlahət Qəhrəmanova 3 medal aldı - Fotolar

melahet-qehremanova-3-medal-aldi
Oxunma sayı: 4299

Türkiyənin İstanbul şəhərində qardaş ölkənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi” keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadənin rəhbərliyi ilə 10 patentin sahibi olan 5 azərbaycanlı ixtiraçı sərgidə ölkəmizi uğurla təmsil ediblər.

Agentlikdən “Qafqazinfo”ya bildirilib ki, sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsi çərçivəsində seçilmiş əqli fəaliyyət nəticələri mükafatlandırılıb.

Azərbaycanlı hüquq sahibləri təşkilatçılar tərəfindən 1 qızıl, 2 gümüş, 2 bürünc medala və 1 “Ən yaxşı xarici ixtira” sertifikatına layiq görülüblər.

Bu sərgidə Azərbaycanı 5 ixtiraçı təmsil edib.Bu ixtiraçıların 10 paneti olub, onlardan 5-i tibb elmləri doktoru Məlahət Qəhrəmanovaya aid olub. Həmin 5 patentdən 3-ü medal alaraq ölkəyə qayıdıb.

Qeyd edək ki, “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə ölkəmizlə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.