“Mən hakimiyyəti sərt tənqid etmişəm, sərt təhqir...”

men-hakimiyyeti-sert-tenqid-etmisem-sert-tehqir-
Oxunma sayı: 779


“Gündəlik teleqraf” qəzetinin, publika.az saytının təsisçisi, keçmiş millət vəkili Aynur Camalqızının “Qafqazinfo”ya müsahibəsi:


- Təxminən beş ay bundan öncə elə bu redaksiyada görüşmüşdük. Sizinlə yeni layihələriniz, “Gündəlik teleqraf” qəzeti və publika.az saytı haqqında söhbətləşmişdik. Bu layihələrdən gözlədiklərinizdən, hədəflərinizdən danışmışdıq. Görüşümüzdən bir gün sonra “Gündəlik teleqraf” öz oxucuları ilə ilk dəfə görüşdü. Aynur xanım, o zaman qarşınıza qoyduğunuz hədəfə çatmısınızmı? Ümumiyyətlə, sizcə, bu layihələr alındımı?

- Bəli, bu layihələr alındı. Hətta mənim gözlədiyimdən qat-qat yaxşı alındı. Çünki ümumiyyətlə, Azərbaycan media aləmində belə fikir hakim idi ki, artıq bütün yerlər tutulub, yeni bir media layihəsi ilə gəlib bu məkanda yer tapmaq çətindir. Yəni qaliblər, məğlublar bəlli və növbəti gələnlərə yer yoxdur. Hətta bunu üzümə deyirdilər... Hesab edirəm ki, biz bu stereotipi dağıtdıq. Və artıq beşinci aydır, cəsarətlə deyə bilərəm ki, biz məqsədimizə gözlədiyimizdən daha sürətlə və daha effektiv şəkildə nail olmuşuq. Mən bu gün yalnız “Gündəlik teleqraf”ın uğurlarından danışmaq istəmirəm, həm də publika.az-ın uğurlarından danışmaq istəyirəm. Çünki Azərbaycanda ikinci belə bir xəbər portalı yoxdur ki, fəaliyyətə başladığı ilk gündən böyük uğurlar qazansın. Biz bu uğuru qazanmışıq. Bu gün “Google Analytics”-in sayğacına əsasən deyirəm ki, bizim gündəlik 14-15 min İP-miz olur. Bu, sabit rəqəm olduğu üçün deyirəm. Amma bəzi günlərdə İP-miz 17-18 minədək yüksəlib. Təbii ki, bu, yüksək göstəricidir. Bu günlərdə bizim artıq teleqraf.com saytımız da fəaliyyətə başlayıb. Və mən inanıram ki, teleqraf.com da Azərbaycan mediasında öz layiqli yerini tapacaq. Mən bugünkü durumumdan çox məmnunam.

- İlk görüşümüzdə demişdiniz ki, Azərbaycan mediasında daha bir stereotipi dağıdaraq müxalif və ya iqtidar yönümlü qəzet deyil, bitərəf media olacaqsınız. Bəs bu məqsədə necə, nail ola bildiniz?

- Mən elə gəlir ki, nail ola bildik. Əgər siz “Gündəlik teleqraf” qəzetini vərəqləyirsinizsə, orada istər hökumət rəsmiləri, Milli Məclis üzvləri, iqtidar partiyasının nümayəndələri, QHT sektorunun nümayəndələrini və istərsə də müxalifət düşərgəsinin nümayəndələrini görə bilərsiniz. Biz balansı qorumağa nail ola bilmişik və Azərbaycanda beləcə hərtərəfli balansı qoruyan ikinci qəzet yoxdur. Həm müxalifətə, həm də iqtidara bərabər şəkildə öz səhifələrində yer ayıran mətbuat orqanı yoxdur.

- Publik.az demişkən, həm sayt, həm də qəzetə rəhbərlik etmək sizin üçün çətin deyil?

- Əlbəttə, çətin olur və hələ də bu çətinliyi hiss edirəm. Eyni vaxtda üç quruma rəhbərlik etmək, publika.az-ı, teleqraf.com-u izləmək, qəzetin işıq üzü görməsinə nəzarət etmək maraqlı olsa da, çox yorucudur. Bəzən ara-sıra diqqətdən yayınmalar olur, yanlışlar, nöqsanlar olur, dostlarımızı incidirik, onlara diqqətsizlik göstəririk və mən bundan çox üzülürəm. Amma inşallah, bundan sonra bu problemlər olmayacaq. Çünki mən publika.az-ın rəhbərliyinə Azərbaycanda çox istedadlı və intellektual bir jurnalist olan Elçin Əlibəylini dəvət etmişəm. O, artıq pubilika.az-ın baş direktorudur. Elçin Əlibəyli işimi xeyli dərəcədə yüngülləşdirib. Son günlər publika.az-ın ana səhifəsində, digər səhifələrində mövzu rəngarəngliyini, yenilikləri görürsünüz. Açığı mən şadam ki, nəhayət, publika-az-ı möhkəm əllərə etibar edə bilmişəm.

- Mən gələndə “möhkəm əllər” Günel Mövlud idi, yəni siz publika.az-ı ona etibar etmişdiniz. Amma o, tez bir zamanda buradan getdi. Sonradan kim əvəz etdi onu?

- Qurban Yaquboğlu.

- O da getdi?

- Xeyr, Qurban Yaquboğlu bizim çox hörmətli şef-redaktorumuz kimi öz işini davam etdirir. Mən ona çox güvənirəm.

- Gəlin, Günel Mövludun gedişindən danışaq, sizinlə işləmək çoxmu çətindir?

- Əslində bu məsələnin çətinliklə, asanlıqla heç bir əlaqəsi yoxdur. Günel mənim yanlış seçimim idi. Bizim çox sevimli bir atalar misalımız var, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Dostluq münasibətləri ilə iş münasibətlərini qarışdıranda həmişə problemlər ortaya çıxır. Sadəcə, belə düşünək ki, mən o vaxt çörəyi çörəkçiyə verməmişdim...

- Bu gün publika.az-ın rəhbərliyini Elçin Əlibəyliyə verməkdə də yanlış etdiyinizi düşünmürsünüz? Axı o, televiziya adamıdır, publika.az-da baş çıxara biləcəkmi?

- Əlbəttə, baş çıxara biləcək. Bunu təsdiqini görmək üçün publika.az-ı izləmək kifayətdir. Ümumiyyətlə, sayt işi televiziyaya daha yaxındır, nəinki, qəzetə. Biz bu yaxınlarda Elçin Əlibəylinin təklifi ilə “publika tv” layihəsinə də başlayacağıq. Mən bu uğurları öncədən görməsəydim, bu addımı atmazdım. Elçin Əlibəyli o dərəcədə intellektual və istedadlı insandır ki, bacarmadığı işin qulpundan tutmaz.

- Siz jurnalistikadan gedib uzun müddət siyasətlə məşğul oldunuz və yenidən jurnalistikaya qayıtdınız...

- Mən indi də siyasətlə məşğulam. Azərbaycanın reallığı budur ki, jurnalistika ilə siyasət bir-biri ilə sıx bağlıdır, onları bir-birindən ayrı tutmaq mümkün deyil. Mətbuata nəzər salsanız görərsiniz ki, həddindən artıq siyasiləşib, hər qəzet bir siyasi təşkilatın bu və digər şəkildə rəğbətçisidir. Bunsuz Azərbaycanda baş çıxarmaq mümkün deyil.

- Bəs onda sizin qəzet kimin siyasətini dəstəkləyir? Dediniz ki, bunsuz, yəni siyasi qüvvələrə rəğbətsiz mümkün deyil, deməli siz də kimisə dəstəkləyirsiniz və dəstək alırsınız...

- Bilirsiniz, bizim birbaşa dəstəkçimiz oxucularımızdır. Əgər oxucularımızın pozitiv emosiyalarını görüb ruhlanmasaydıq, bu qəzetin işığı da olmazdı. Amma konkret olaraq siyasi dəstəyi nəzərdə tutursunuzsa, bizim hansı siyasi qüvvələrə simpatiyamızın olduğunu bilmək istəyirsinizsə, bunu mən qəzetimizin fəaliyyətə başladığı ilk günlərdə mediaya, o cümlədən “Qafqazinfo”ya da bildirmişəm ki, biz prezident İlham Əliyevin siyasətini dəstəkləyirik, bir siyasi lider olaraq Cənab Prezidentə rəğbət bəsləyirik.

- Azərbaycanda mətbuatın ən böyük problemlərdən biri maliyyə problemidir. Bəs “Gündəlik teleqraf”ın maliyyə problemi var?

- “Gündəlik teleqraf”ın da, publika.az-ın da maliyyə problemləri var. Çünki başlayanda bir ideya ilə başlayırsan, fəaliyyət müddətində isə ortaya yeniliklər çıxır və onları da reallaşdırmaq üçün ciddi maliyyə lazımdır. Biz hazırda “publika tv” haqqında ciddi şəkildə düşünürük. Bildiyiniz kimi, bu layihəni başlamaq üçün televiziya işini bilən peşəkarları işə dəvət etməliyik və bunu üçün də bizə maliyyə lazımdır. Amma ruhdan düşmək üçün də heç bir əsas yoxdur. Beş aydır fəaliyyətdə olmağımıza baxmayaraq, bizim artıq reklamçılarımız var, böyük həvəslə bizimlə işləmək istəyən şirkətlər var. Yaxın vaxtlarda reklamçılarımızın sayı daha da artacaq və bu reklamlardan gələn gəlirlərin hesabına layihələrimizi həyata keçirmək niyyətindəyik.

- Sizin qəzetinizin maliyyələşdirilməsi ilə bağlı bəzi yüksək vəzifəli məmurların adları çəkilir. Bu iddia nə dərəcədə doğrudur?

- Bu, tamamilə yanlış söhbətdir. Mən bu məsələnin gündəmə gətirilməsinin, müzakirəyə çıxarılmasının və bizim layihəmizin üzərində ümumiyyətlə, ad çəkilməsinin əleyhinəyəm.

- Dediniz ki, siz fəaliyyətə başlayanda artıq qaliblər və məğlublar müəyyən olunmuşdu. Sizin elə o kəslərlə müəyyən konfliktləriniz var.

- Məsələn, kimərlə?

- Artıq mediamızda sözünü demiş insanlarla. Bu yaxınlarda APA-nın rəhbəri Vüsalə Mahirqızının bir müsahibəsini oxudum, orda bir fikir səsləndirmişdi ki, mən bir işçimin yerinə rəqibimin beş işçisini çəkib gətirərəm, bir reklamımın yerinə beş reklamını əlindən alaram. Bəlkə bu fikirlə sizi nəzərdə tutaraq elə deyib? Nəzər alanda ki, Günel Mövlud da yenidən onun yanına qayıtdı...

- Hər halda, bu sualı onun özünə versəniz, daha doğru olar. Amma mən güman etmirəm ki, o, bizi nəzərdə tutub. Konkret olaraq mənim işçilərimin hansısa media orqanına aparılmasına gəlincə, bunu açıq və səmimi şəkildə deyirəm, işçilərimə də demişəm: əgər hansısa bir media strukturunun rəhbəri sizə mənim verdiyim maaş və qonorardan daha yüksəyini təklif etsə, heç düşünmədən qəbul edin. Ona görə ki, jurnalistin mənim qarşımda heç bir öhdəliyi yoxdur. Mən özüm də jurnalistikadan çıxdığıma görə, jurnalistlərin hansı maddi, mənəvi, psixoloji problemlərlə yaşadığını yaxşı bilirəm. Bu səbəbdən heç vaxt istəmərəm ki, kimsə öz ailə büdcəsinin artırılmasını deyil, məni seçsin. Bu, absurd olar. Kimsə gedəcəksə, mən ona uğurlar arzulayıram. Gedənlərin yerinə hər zaman gələnlər olur. Mənə elə gəlir ki, ümumiyyətlə, hər media strukturunun rəhbəri məsələyə bu cür yanaşmalıdır. Yaxşı jurnalist - yaxşı futbolçu kimidir. Görürsünüz, bütün dünyada hansı klub daha çox pul verirsə, futbolçu o klubda fəaliyyət göstərməyi doğru sayır. Jurnalistə də münasibət belə olmalıdır.

- Əlbəttə, sizinlə razıyam. Amma jurnalistikada yaradıcılıq və yaradıcı insana qiymət vermək də önəmlidir. Kim daha çox onun yaradıcılığına qiymətləndirəcəksə, jurnalist onun yanında olacaq...

- Mən də sizinlə razıyam.

- Bəs siz hansısa media orqanının əməkdaşını əlindən almaq siyasətini yürüdürsünüz? Sizin haqqınızda da bu cür iddialar var. İstərdim ki, bu məsələlərə aydınlıq gətirəsiniz.

- Mən tamamilə açıq və səmimi danışmağın tərəfdarıyam. Təxminən 5-6 il bundan əvvəl Azərbaycan mediasında jurnalistə qul münasibəti vardı. Jurnalisti bəzən aylarla işlədirdilər, maaşını vermirdilər, “maliyyəmiz yoxdur” deyə işdən qovurdular. Yəni jurnalistlə qul bazarında iş axtaran qara fəhlənin ciddi bir fərqi yox idi. Çox şükür ki, artıq Azərbaycanda bu streotip dağıdılıb. Jurnalistlərə yüksək maaş təklif etməklə, onların istedadını, yaradıcılığını qiymətləndirməklə Azərbaycanda yeni bir tendensiyanın əsası qoyulub və jurnalistin, qələm əhlinin qədrini bilməyə başlayıblar... Konkret məndən söhbət gedirsə, qəzetimə hansısa saytın və ya qəzetin əməkdaşını cəlb etmək, gətirmək niyyətim olmayıb. Mən yeni bir layihəyə başlayırdım. Bu media layihəsi olduğu üçün təbii ki, redaksiyama jurnalistləri dəvət edirdim. Kimlərsə qəbul edib gəldi, kimlərsə gəlmədi, hansılar ki, mən istəyərdim qəzetimdə işləsinlər. Yəni bu məsələyə sağlam rəqabət nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Heç bir jurnalistin üzərinə möhür vurulmayıb ki, o, ömrünün sonunadək “Qafqazinfo”da, “Gündəlik Teleqraf”da və ya APA-da işləməlidir. Kim daha yaxşı şərait və maaş təklif edirsə, qoy, jurnalist onu seçsin. Axı biz burda heç kimi şantaj edib işə dəvət etmirik. Yeri gəlmişkən, mən Elbrus bəyin bu məsələ ilə bağlı sonuncu köşə yazısını da oxudum və onun fikirləri ilə razı deyiləm. Əgər söhbət məndən gedirsə...

- Əslində orada ad çəkilməyib.

- Bəli, ad çəkilməyib. Amma söhbət məndən gedirsə, Elbrus bəy yanılır. Yəni mənim heç kimin işçisini çəkib gətirmək fikrim yoxdur, heç vaxt da olmayacaq. Amma eyni zamanda mən də istedadlı jurnalistlərlə, qələm sahibləri ilə işləmək arzusundayam. Məsələn, bizdə elə köşə yazarları var ki, onlar mənə əməkdaşlıq təklif edəndə şərt kəsmişəm ki, siz ancaq bizə yazın. Misal üçün, Murad Köhnəqalanın adını çəkmək istəyirəm. Murad Köhnəqala hansısa radikal qəzetdə, saytda radikal fikirlərlə çıxış edib, sonra gəlib mənim qəzetimdə bəşəri dəyərlərdən yazsaydı, bu, çox absurd görünərdi. Elə deyilmi?

- Bəli.

- Bu səbəbdən əməkdaşlıq etdiyim bəzi köşə yazarları ilə şərt kəsirəm ki, ancaq bizə yazsınlar. Amma elə köşə yazarları var ki, bizə də yazır, digər media orqanlarına da. Bu da təbiidir, daha çox pul qazanmaq istəyirlər. Daha bir misal çəkim, biz yeni başlayanda “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəylini qəzetimizə cəlb etmək istədik. Amma o, prinsipial şəkildə “Azadlıq” qəzetində yazmağa davam etmək istədiyini dediyi üçün əməkdaşlığımız alınmadı. Və daha başqa bir misal, Əli Əkbər bizim qəzetimizdə ədəbiyyatın təlqin etdiyi bəşəri dəyərlərdən yazırdı və sonra Facebook-da açıq şəkildə söyüş söyürdü...

- Və siz düşündünüz ki, o, sizin cəmiyyətə ötürmək istədiyiniz mesajarı verə bilməz?

- Bəli. Bu səbəbdən əməkdaşlığımıza mədəni şəkildə son qoyduq. Mən buna bənzər onlarla misal çəkə bilərəm. Yenə deyirəm, heç bir jurnalist hansısa media orqanının rəhbəri qarşısında öhdəlik götürməməlidir ki, mən ölənə kimi, “Qafqazinfo”da işləyəcəm, Aynur Camalqızı ilə heç bir razılığa gəlməyəcəm. Əgər mənim təklifim onun üçün daha cazibdirsə, niyə də seçməsin? Məgər jurnalistin Elbrus Əruda borcu var? Və ya əksinə, Elbrus Ərud daha yaxşı təklif verirsə, o zaman jurnalistin Aynur Camalqızının yanında qalmasının mənası yoxdur. Biz bu rəqabəti düşmənçiliyə çevirsək, heç birimiz irəli gedə bilməyəcəyik və oxucunun qarşısında xoşagəlməz vəziyyətə düşəcəyik. Oxucu görəcək ki, biz çox cılız hisslərlə yaşayırıq və bizə arxasını çevirəcək.

- Publika.az saytında tez-tez yersiz olaraq “eksklüziv” sözünə rast gəlinir.

- Haqlısınız. Bəzən “eksklüziv” sözü yerinə düşür, amma bəzən çox abardırıq. Yəni məsələn, müğənni Röya əlçatmaz fiqur deyil, bu səbəbdən onunla bağlı xəbərin qarşısına “eksklüziv” ifadəsini əlavə etmək mənim fikrimcə də doğru deyil. Və fikir vermisənizsə, biz son günlər bu ifadədən daha az istifadə etməyə başlamışıq.

- Aynur xanım, zamanla insanların fikirlərində, dünyagörüşündə, əqidəsində, inandığı dəyərlərə münasibətdə dəyişikliklər baş verir. Bəzən doğru bildiyi əqidəyə gələ bilər, bəzən də yanlış əqidəni seçə bilər. Siz müxalifətdən iqtidara yolçuluq etmiş şəxslərdənsiniz. Müxalifətdən iqtidara gedən yolda öncə dediyiniz, yazdığınız fikirləri silmək çətin olmadımı? Sizin bu dönüşünüzü necə qiymətləndirdilər?

- Çox çətin oldu və əslində bu gün də çətindir. Çox qısqanc münasibətlə üz-üzəyəm. Və mənə elə gəlir ki, bu, mənim müxalif keçmişimlə bağlı bir məsələ deyil. Çünki müxalifətdən parlamentə də, iqtidaryönlü mediaya da saysız-hesabsız insanlar gedib, vaxtilə radikal olub, indi iqtidarın siyasətinə daha loyal və liberal münasibət sərgiləyir. Cəmiyyət isə buna ya əhəmiyyət vermir, ya da normal qarşılayır. Çox təəssüf ki, mənə qarşı bu münasibət yoxdur. Azərbaycanda bəlkə də ikinci belə jurnalist yoxdur ki, onun müxalifət qəzetində yazdığı yazıların mövzusunu, məzmununu dəyişib yenidən çap etsinlər. Sonra dəyişilmiş, içi küçə söyüşləri, ağlagəlməz təhqirlərlə dolu nüsxələri – “yeni yazılar”ımın nüsxələrini yaymağa başlasınlar və fikir formalaşdırsınlar tutaq ki, Aynur Camalqızı belə absurd fikirlərin müəllifidir. Mən həmin içərisi dəyişdirilmiş yazılarla vaxtilə “Yeni Müsavat” qəzetində yazdığım yazıları yanaşı qoyanda dəhşətə gəlirəm. Çünki oraya elə təhqiramiz fikirlər, küçə söyüşləri əlavə olunub ki, bu yazıları nə normal düşüncəsi olan insan, qadın deyə bilərdi, nə də ki, ən radikal qəzet belə bu yazıları cəsarət edib dərc edə bilməzdi. Dərc etsəydi, o qəzet bağlanar, Aynur Camalqızı həbs olunardı. Bu, mənə qarşı düşməcəsinə münasibətdir. Mən hələ də bunun səbəblərini anlaya bilmirəm. Bu yazılar Facebook-da Əli Kərimlinin tərəfdarı olan gənclər tərəfindən bu gün də yayılır və insanları inandırmağa çalışırlar ki, Aynur Camalqızı belə dəhşətli fikirlərin müəllifidir. Etiraf edirəm ki, vaxtilə hakimiyyəti sərt tənqid etmişəm, amma sərt təhqir etməmişəm, söyməmişəm, heç kimin ailəsindən yazmamışam. Bunlar ayrı-ayrı şeylərdir. Bu iyrənc mübarizə üsulları ilə heç kimi sındırmaq, sıradan çıxarmaq olmaz. İlahi ədalət deyilən bir şey də var. Onlar mənim üstümə gəldikcə, məni əzmək istədikcə mən güclənirəm, yüksəlirəm. Bu gün mənim özünüifadə imkanlarım Milli Məclis üzvü olduğum vaxtlardan daha geniş və daha münbitdir.

- Düşünürsünüz ki, bunu edənlər sizi sıradan çıxarmaq istəyir?

- Bəli. Mən bu gün siyasi arenada olmasam, çoxları sevinər. Amma axı mənə də Allah tərəfindən verilən şans var, nə qədər çalışsalar da, buna nail ola bilmirlər. Çox təəssüf edirəm ki, Azərbaycanda bu cür dar məcrada iyrənc mübarizə gedir. Buna “mübarizə” demək də istəmirəm, bu, çox şərəfli anlayışdır. O insanlara bu şərəfi vermək istəmirəm. Mənim yazılarımın mətinini dəyişib yayan müxalif gənclərə isə demək istəyirəm ki, bu təfəkkürlə, bu səviyyə ilə irəli gedə bilməyəcəksiniz. Ədalətli olmaq – hamıya və hər kəsə qarşı ədalətli olmaq deməkdir.

- Müxalif liderlər sizin qəzetinizə müsahibə, açıqlama verməkdən imtina edir. Elə adını çəkdiyiniz Əli Kərimli deyir ki, sizin qəzet onu qara piarını aparır, ona qarşı böhtanla məşğuldur...

- Bizim qəzetimizin arxivi var. Gəlin, birlikdə baxaq, orada elə bir ifadə tapmaq mümkün deyil ki, Əli Kərimli düşünsün ki, bu, ona qarşı qara piardır. Sadəcə, biz Əli Kərimlinin bəy tərifi ilə məşğul olmuruq. Onu tərifləyib cəmiyyətə sırımağa çalışmırıq və hesab edirik ki, bu, heç bizim işimiz də deyil. Əgər Əli Kərimli tənqidə bu dərəcədə dözümsüzdürsə, siyasətdən getsə, yaxşı olar. O, tənqidlərə dözümlülüyünü nümayiş etdirməklə çox gözəl nümunə göstərə bilərdi. Ancaq onun bunu etməsi mümkün deyil. Əgər bu gün “Azadlıq” qəzetinin əməkdaşları da onun diktaturasından əziyyət çəkirlərsə, dilə gəlib haray qaldırlarsa, deməli, Əli Kərimli bir siyasi partiya lideri kimi özünü təsdiqləyə bilməyib. Əli Kərimli bir qəzetin baş redaktorluğundan, həm də yarıtmaz baş redaktorluğundan bircə addım irəli gedə bilmirsə, siyasətdən çəkilsin bir kənara və “Azadlıq” qəzetini də evinin “divar qəzeti” kimi çıxarsın. Onun siyasi perspektivi bundan artıq deyil.

- Söhbətimiz bitir. Beş ay bundan öncə qarşınıza qoyduğunuz məqsədlərinizə nə dərəcədə nail olmusunuzsa, bundan sonra da o uğurların davamını arzulayıram...

- Çox təşəkkür edirəm Sədan xanım. Mən də arzu edirəm ki, siz beş ay sonra da, beş il, əlli il sonra da bax, beləcə uğurlarımızın şahidi olasınız. Mən inanıram ki, siz bunun şahidi olacaqsınız.

- Ümid edirəm.

- İnşallah...

Sədan Bünyadova